23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada yol-nəqliyyat infrastrukturu genişləndirilir, nəqliyyat sektorunun ayrı-ayrı sahələrinin inkişafı təmin edilir. Bu sahədə görülən işlər dəmir yolu nəqliyyatı sisteminin də müasir tələblər səviyyəsində qurulmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” da bu sahənin hərtərəfli inkişafına təkan vermişdir. Muxtar respublikanın dəmir yolu nəqliyyatı sisteminin inkişafı, yol infrastrukturunun genişləndirilməsi və xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.
Proqramda nəzərdə tutulan daşınma təsərrüfatı üzrə tədbirlərin böyük əksəriyyəti yerinə yetirilmişdir. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası 2012-ci ildə yenidənqurmadan sonra istifadəyə verilmiş, binada müasir maddi-texniki baza və müasir iş şəraiti yaradılmışdır. Daşımaların səmərəli təşkili məqsədilə Vəlidağ stansiyasında yükləmə, Qarabörk stansiyasında isə yükboşaltma meydançaları da yaradılmışdır. Həmçinin Naxçıvan stansiyasında əlavə 220 paqonometr uzunluğunda yeni dəmir yolu xətti çəkilmişdir ki, bu da “Gəmiqaya Daş Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə xammalın daşınması işini xeyli asanlaşdırmışdır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri aparılmış, kontakt şəbəkələri, elektrik və rabitə sistemləri yenilənmiş, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunmuşdur. 2012-ci ildə Culfa lokomotiv deposu, Lokomotiv briqadalarının idarəetmə mərkəzi, yanacaq və material anbarı binaları, 2013-cü ildə Naxçıvan yanacaq anbarının qarajı və inzibati binası, 2014-cü il dekabrın 26-da isə İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Culfa, Qarğalıq, Qıvraq və Naxçıvan dartı yarım­stansiyalarında aparılan təmir işləri başa çatdırılmışdır. Ordubad dəmiryol sərnişin vağzalı binasının və idarəetmə mərkəzinin tikintisi isə hazırda davam etdirilir.
Hərəkətin təhlükəsizliyinin təmin olunması, yolların əsaslı təmiri və yenidən qurulması işləri də pro­qramda icrası vacib məsələlər sırasında yer almışdır. Ötən müddətdə qarşıya qoyulan bu vəzifələrin də uğurlu icrasına nail olunmuş, yol təsərrüfatı müasir tələblər səviyyəsində qurulmuş, körpü və keçidlər təmir olunmuş, yeni dəmir yolu keçidləri və istinad divarları inşa olunmuşdur. 2011-2015-ci illər ərzində aparılan yenidənqurma və təmir işləri zamanı 20 mindən çox şpal, 5 dəst yoldəyişdirici tir yenisi ilə əvəz edilmişdir. Yuyulmaya məruz qalan ərazilərdə sahilbərkitmə işlərinin aparılması da diqqət mərkəzində saxlanılmış, bu işlərdə maşın-mexanizmlərin gücündən səmərəli istifadə olunmuşdur. Bəhs olunan dövrdə yeni kran qurğulu avtomobilin, ekskavator və özüboşaldan yük avtomobilinin, müasirtipli yol­ölçən-defektoskop aparatının alınıb gətirilməsi təmir-tikinti işlərinin intensivliyini xeyli artırmışdır.
Proqramda lokomotiv parkının yeniləşdirilməsi, teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi, lokomotiv və vaqon təsərrüfatının maddi-texniki bazasının və iş şəraitinin yaxşılaşdırılması da nəzərdə tutulmuşdur. Bu vəzifələrin icrası məqsədilə lokomotivlərin və vaqonların əsaslı təmiri ilə əlaqədar lazımi ehtiyat hissələri alınmış, təkər cütləri Bakı lokomotiv deposunda təmir edilərək istismara verilmişdir. Təkər cütlərinin dəyişdirilməsi üçün xüsusi qurğu alınıb gətirilməsi də texniki qulluq işlərinin keyfiyyət dərəcəsini xeyli artırmışdır. Bu müddət ərzində 2 sərnişin vaqonunun əsaslı, 8 sərnişin vaqonunun isə depo təmiri başa çatdırılmış, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir.
İdarəetmə, rabitə və telekommunikasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, elektrik təchizatının yaxşılaşdırılması qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsində mühüm amildir. Bu istiqamətdə işlərin icrası da diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan dəmir yolunun Salamməlik-Sədərək hissəsində optiklifli rabitə xətti çəkilmiş, mövcud rabitə avadanlıqları müasir texnologiyalara əsaslanan simsiz rabitə şəbəkəsinə qoşulmuşdur. Bu tədbirlərin davamı olaraq hazırda Ordubad, Culfa, Naxçıvan, Şahtaxtı və Şərur stansiyalarında elektrik mərkəzləşdirmə avadanlıqları müasirləşdirilir, rele və bloklar yenisi ilə əvəz olunur. Həyata keçirilən tədbirlər dəmir yollarında və xidməti ərazilərdə baş verə biləcək fövqəladə və qəza hallarının vaxtında aradan qaldırılmasına imkan verir.
Bu gün muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə müasir tədris bazası formalaşdırılmışdır. Naxçıvan Dövlət Universitetində Dəmir yolu ixtisası üzrə auditoriya yaradılmış və lazımi əyani dərs vəsaitləri ilə təmin olunmuşdur. Universitetin Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə 2-ci kursu bitirmiş 9 tələbə istehsalatda əmək fəaliyyətini, 5 tələbə isə istehsalat təcrübəsini uğurla başa vurmuşdur. Naxçıvan Dövlət Texniki Kollecində isə Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Ötən dövrdə kollecin maddi-texniki bazası genişləndirilmiş, tədrisin keyfiyyəti yaxşılaşdırılmışdır. Dəmir yolu sahəsində çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması da diqqət mərkəzində saxlanılmış, 2011-­2015-ci illər ərzində 14 dəmiryolçu Naxçıvan Regional Peşə Tədris Mərkəzində orta ixtisas peşə kursunu müvəffəqiyyətlə bitirmişdir.
Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Pro­qramı” bu sahədə inkişafın əsas istiqamətlərini müəyyənləşdirən mühüm dövlət sənədidir. Proqramın təsdiq olunmasından ötən müddət ərzində nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsi dəmir yolu nəqliyyatı sisteminin sürətli inkişafına və əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR