Son illərdə Şahbuz rayonunda müxtəlif təyinatlı obyektlərin həyata vəsiqə alması, yolların müasir tələblər səviyyəsində yenidən qurulması, körpülər salınması və digər quruculuq tədbirləri bu bölgəmizin simasını əsaslı şəkildə dəyişdirib.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ümumilikdə, 24 yaşayış məntəqəsi olan Şahbuz rayonunda 20 məktəb, uşaq bağçası, 20 kənd mərkəzi, 17 xidmət mərkəzi, mərkəzi xəstəxana, 5 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, rayon mərkəzində onlarla idarə, müəssisə, təşkilat öz fəaliyyətini müasir iş şəraiti yaradılmış binalarda davam etdirir.
Bu tədbirlərin davamı olaraq rayonun Daylaqlı kəndində məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunur. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup inşaatçısına həvalə edilmiş obyektlərdə görülən işin keyfiyyətinə ciddi diqqət yetirilir. Hazırda hər iki binanın ikinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb, hazır mərtəbələrdə hörgü işlərinə başlanılıb.
Obyektlərin ərazisində abadlaşdırma işlərinə start verilib. İnşaatçılar onlara yaradılmış hərtərəfli şəraitdən səmərəli istifadə edir, obyekti vaxtında təhvil vermək üçün səy və bacarıqlarını əsirgəmirlər. 120 şagird yerlik məktəb binası 3 mərtəbədən ibarət olacaq. İdman zalı, kitabxana, laboratoriyalar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək. Bu yaşayış məntəqəsində kənd mərkəzi üçün binanın inşasına başlanması da kənd sakinlərinin ürəyincə olub. Belə ki, bu mərkəzdə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Qeyd edək ki, Şahbuz şəhərinin girişində inşa olunacaq Bayraq Meydanının ətrafında geniş abadlıq işləri görülüb, səkilər salınıb, piyada keçidləri qoyulub. Ərazi terraslara ayrılıb, milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilib. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 37 metr olacaq. Ətrafda müasir işıqlandırma sistemləri quraşdırılacaq, park salınacaq, sakinlərin mənalı istirahəti təşkil ediləcək, ictimai iaşə obyekti tikiləcək.
Xəbərlər şöbəsi