Oxucularımızın əksəriyyəti muxtar respublikanın nəqliyyat sektorunun ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətini yaxşı xatırlayır. O dövrün dağıdıcılıq prosesi bu sahəyə də böyük zərbə vurmuşdu. İşlək vəziyyətdə olan avtovağzallar dağıdılmış, nəqliyyat vasitələri sıradan çıxarılmışdı. Bu isə muxtar respublika sakinlərini müxtəlif çətinliklərlə üz-üzə qoymuşdu. O çətin günlər artıq arxada qalıb.
Son illərdə muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında muxtar respublikadakı avtovağzalların yenidən qurulması xüsusi qeyd olunmalıdır. Aparılan genişmiqyaslı quruculuq tədbirləri hesabına bu gün şəhər və rayonlarımızda müasir avtovağzallar fəaliyyət göstərir. Bəs bu avtovağzallarda əhaliyə necə xidmət göstərilir? Elə budəfəki həmsöhbətlərimiz də avtovağzalların xidmətindən istifadə edən sakinlər oldu. Hər gün öz qaynarlığı ilə seçilən Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində bir neçə saat müşahidələr apardıq. Əvvəlcə onu vurğulayım ki, hər gün 6000-ə yaxın sakinə xidmət göstərən kompleks öz təmizliyi və səliqə-sahmanı ilə göz oxşayır. Xidmətə gəlincə isə bir az sonra həmsöhbət olduğum insanlar bu barədə özləri danışacaqlar.
Qeyd edim ki, adıçəkilən vağzal binası 2009-cu ildə yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Artıq binanın istifadəyə verilməsindən 6 il keçib. İnsanlarımız pərakəndə halda fəaliyyət göstərən nəqliyyatdan, necə deyərlər, can qurtarıb. Avtovağzal binasında yaradılan şərait, sözün həqiqi mənasında, insanda xoş təəssüratlar yaradır. Kompleksə beynəlxalq və yerli reysləri həyata keçirmək üçün bölmələr, avtobus dayanacaqları, kafe, ticarət mərkəzi və mehmanxana daxildir. Burada bilet satışı kassaları, məlumat otağı, saxlama kamerası, valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir. Avtovağzaldan hər gün Naxçıvan-Bakı istiqamətinə 5-6, Naxçıvan-Türkiyə istiqamətinə 10-12 avtobus işləyir. Həmçinin Naxçıvan şəhərindən rayon mərkəzlərinə, hətta ən ucqar dağ kəndlərinə belə, avtobuslar yola salınır. Elə gözləmə zalında Şərur rayon sakini Xeyrulla Məmmədovla həmsöhbət oluram. Onun dediklərindən:
– Muxtar respublikanın sosial-iqtisadi inkişafı bu gün özünün elə bir mərhələsinə qədəm qoyub ki, təkcə ölkəmizin regionları ilə deyil, qonşu xarici ölkələrlə də əlaqələr, gediş-gəliş artıb. Belə bir dövrdə yolların, avtovağzalların müasir tələblərə cavab verməsinin əhəmiyyəti bir qədər də çoxalıb. Böyük dövlət qayğısı hesabına müasirliyə qovuşan qədim Naxçıvanımız barədə buraya gələnlərin ilkin təəssüratları da giriş-çıxış qapılarından formalaşır. Heç kimə sirr deyil ki, Naxçıvan Beynəlxalq Hava Limanına ilk dəfə qədəm qoyan insan blokada şəraitində yaşayan bir diyarın belə gözəl limanı olduğuna təəccübünü gizlədə, eləcə də limandan şəhərimizə gələn yolboyu yaradılan gözəlliklərin əfsunundan ayrıla bilmir. İndi bu xoş sözləri muxtar respublikamızın avtovağzal binaları üçün də söyləmək olar. Biz sakinlər heç bir çətinlik çəkmədən bu avtovağzallardan istifadə edirik.
Naxçıvan-Culfa-Naxçıvan istiqamətinə işləyən sürücü Vaqif Quliyevlə həmsöhbət oluram:
– Bir azdan yola çıxacağam. Uzun illərdir, sürücü işləyirəm. Bu yolların da, avtovağzalların da əziyyətini çox çəkmişəm. Elə anlar olub ki, harada dayanacağıma qərar verə bilməmişəm. Bizim rayonda avtovağzal binası elə vəziyyətdə idi ki, onu sözlə ifadə edə bilmirəm. Bina, ümumiyyətlə, dağıdılmışdı. Mövcud olan hissələrindən müxtəlif məqsədlərlə istifadə olunurdu. Rayon əhalisi və biz sürücülər bundan əziyyət çəkirdik. Sakinlər Naxçıvan şəhərinə, yaxud rayonun kəndlərinə gedib-gəlmək üçün pərakəndə şəkildə fəaliyyət göstərən marşrutlardan istifadə edirdilər. 2009-cu ildə Culfa şəhərində yeni avtovağzalın istifadəyə verilməsi böyük sevincimizə səbəb oldu, bütün çətinlikləri aradan qaldırdı. Artıq hər gün 400-500 sərnişinə xidmət edən avtovağzaldan istifadə edirik. Orada əhaliyə nümunəvi sərnişindaşıma xidməti göstərmək üçün hər cür şərait yaradılıb.
Sərnişin Mehdi Nəcəfovun dediklərindən:
– Ordubadın Aza kəndinə gedirəm. Şəhərə qohumlarımı görməyə gəlmişdim. Nə zaman gəlmək istəsəm, heç bir çətinlik çəkmirəm. Əvvəllər şəhərə gələndə çətinliklə maşın tapa bilsəm də, qayıtmaq ondan da çətin olurdu. İndi bilirəm ki, filan avtobus filan saatda çıxacaq. Qohumlarımı ürəyim istədiyi vaxt gəlib görə bilirəm.
Naxçıvan-Şərur istiqamətinə çıxan marşruta yaxınlaşırıq. Dəmirçi kəndindən olan Heydər Talıbov deyir:
– İşimlə əlaqədar şəhərə tez-tez gəlirəm. Şəxsi avtomobilim yoxdur. Amma bu gün avtovağzallarda elə bir şərait yaradılıb ki, heç bir çətinliklə üzləşmədən istədiyimiz ünvana gedirik. Əvvəllər yollarımız bərbad vəziyyətdə idi. Avtomobil bir saatlıq yolu iki saata qət edirdi. Amma indi elə avtobusa minirəm, bir də baxıram şəhərdəyəm.
Tələbə geyimində olan bir gənc qıza yaxınlaşıram. Naxçıvan Dövlət Universitetinin tələbəsidir. Özünü Gülnar Ələkbərli kimi təqdim edir. Deyir ki, imtahan vermək üçün şəhərə gəlib. İndi isə öz kəndlərinə – Culfa rayonunun Yaycı kəndinə qayıdır. Onunla da həmsöhbət oluruq:
– Universitetin yataqxanasında qalır, həftədə bir dəfə kəndə gedirəm. Bəzən Azərbaycanın başqa rayonlarından olan tələbə yoldaşlarımı da kəndimizə qonaq aparıram. Onlar ilk dəfə avtovağzalı, buradakı xidməti, sürücülərin geyim formalarını görəndə çox təəccüblənmişdilər. Çünki, həqiqətən, avtovağzallarımız müasirdir.
İki nəvəsi ilə Şərur şəhərinə yola düşəcək Cahan Əsədovaya yaxınlaşıram. O deyir:
– İki bacım Şərurda yaşayır. Yaşlıdırlar. Onlara tez-tez baş çəkirəm. Nə yaxşı ki bu avtovağzallar var. Avtovağzallarda yeni avtomaşınlardan istifadə olunur.
Avtovağzal Kompleksində ticarət mərkəzinin fəaliyyəti ilə tanış oluruq. Mağazalarda sənaye və ərzaq məhsullarının, elektrik cihazlarının, geyim dəstlərinin, hədiyyələrin satışı həyata keçirilir, sərnişinlərə foto xidməti göstərilir.
Ticarət mərkəzində diqqətçəkən mağazalardan biri baytarlıq mağazasıdır. Satıcı Gözəl Heydərova deyir ki, burada heyvandarlıqla və arıçılıqla məşğul olan insanlar üçün geyim dəstləri, müxtəlif avadanlıqlar satılır. Şərur rayonundan olan alıcı Fərmayıl Əhmədova yaxınlaşırıq:
– Heyvandarlıqla məşğul oluram. Şəhərə gələndə mütləq bu mağazadan nəsə alıram. Bu gün də mal-qaranın müxtəlif xəstəliklərinin müalicəsi üçün lazım olan dərman preparatları aldım.
Avtovağzal Kompleksinə daxil olan beşmərtəbəli mehmanxana binası da müasirliyi ilə seçilir. İstər yerli vətəndaşlar, istərsə də xarici vətəndaşlar burada yaradılan şəraitdən razıdırlar.
Kompleksdə kiminlə həmsöhbət oldumsa, burada yaradılan şəraitdən ağızdolusu danışdı, dövlətimizə minnətdar olduğunu bildirdi. Bu isə o deməkdir ki, muxtar respublikada hər sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Ancaq o da var ki, regionun müxtəlif ünvanlarında yeni avtovağzal binalarının istifadəyə verilməsi heç də asan məsələ deyil. Bunların yaradılmasına külli miqdarda vəsait sərf olunub. Məqsəd isə aydındır: insanlarımız rahat olsun, əziyyət çəkmədən nümunəvi nəqliyyat xidmətindən istifadə etsinlər. Bu da, öz növbəsində, həm sürücülər və nəqliyyat xidməti işçiləri, həm də sərnişinlər qarşısında mühüm vəzifələr qoyur: onlar yaradılmış belə şəraitdən düzgün istifadə etməlidirlər.
Sara ƏZİMOVA