Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, müxtəlif sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır.
Ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri bu sahədə xeyli uğurlar qazanılmasını təmin etmiş, meşə örtüklərinin ərazisi 0,6 faizdən 12 faizədək artmışdır. Görülən işlər 2015-ci ilin ötən dövründə də uğurla davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cari ilin ötən dövründə muxtar respublika ərazisində – çay vadilərində, sututarların ətrafında, magistral yol kənarlarında, eroziya və şoranlaşmaya meyilli ərazilərdə, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda 250 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, 217 mindən çox meşə və meyvə tingləri, həmişəyaşıl ağac, gül və bəzək kolları əkilmişdir. Əkilən tinglərin 100 mindən çoxunu meyvə tingləri təşkil edir.
Hazırda mövsümlə əlaqədar olaraq yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, suvarma tədbirləri həyata keçirilir.
Səbuhi HƏSƏNOV