23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sekto­runda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxal­əvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Bu istiqamətdə işlər cari ildə də uğurla davam etdirilir.
Hazırda “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyi yaradır. Alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal ediləcək yeni zavodların inşasına ötən il başlanılıb. Artıq obyektdə beton, dəmir konstruksiya işləri başa çatmaq üzrədir. Hazırda əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilir.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının əməkdaşı Kamal Kərimovun verdiyi məlumata görə, yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal olunacaq zavodlara Çin Xalq Respublikasının bu sahədə qabaqcıl təcrübəyə malik şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılır.

Mütəxəssislər qrupunun rəhbəri Ding Sheng bizimlə söhbətində qeyd etdi ki, 2012-ci ildə tikilib istifadəyə verilən Naxçıvan Sement Zavodunda bizim şirkətdən alınıb gətirilmiş avadanlıqların quraşdırılmasında iştirak etmişik. İkinci dəfədir ki, Naxçıvanda həyata keçirilən yeni layihələrin icrasında mütəxəssis kimi iştirak edirik. Nümayəndəsi olduğum “Jiangsu Pengfei Group Co.LTD” şirkəti dünyada sement zavodları qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edir.
Qeyd edək ki, müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır. Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodlarda ildə 2 milyon kvadratmetr alçıpan örtük, 40 min ton gips, 150 min kubmetr məsaməli beton və 36 min ton əhəng istehsal ediləcək ki, bu da daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihənin reallaşması ilə bu problem aradan qaldırılacaq.
Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq, 200 yeni iş yeri yaradılacaq. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisədə çalışacaq işçilərin ixtisas­artırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verəcək ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR