Muxtar respublikada nəqliyyat idarəetmə sisteminin təkmilləşdirilməsi, avtomobillərin texniki vəziyyəti və onların təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu tədbirlərin davamı olaraq Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Müayinə Mərkəzi inşa edilir. İnşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilir. Obyektdə qəlib-beton, hörgü, suvaq işləri başa çatdırılıb, binanın dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşdırılıb. İnşaatçılar binanın fasadının boyanması üçün hazırlıq işləri görürlər. Bundan başqa, binanın ətrafında abadlıq işləri aparılır. Əraziyə asfalt örtük salınacaq, burada avtomobil dayanacağı yaradılacaqdır.
İki mərtəbədən ibarət olan müayinə mərkəzinin binasının birinci mərtəbəsində avtomobillərin texniki baxışa hazırlığı, texniki baxışın keçirilməsi, qeydiyyat aparılması üçün zal və xidməti otaqlar, ikinci mərtəbədə isə iş otaqları və bufet yerləşəcək. Müayinə mərkəzi bu sahədə tətbiq olunan ən qabaqcıl texnologiyalarla təchiz ediləcək. Burada kompüter dəsti, monitorlar qoyulacaq, xarici ölkələrin istehsalı olan texniki müayinə avadanlıqları quraşdırılacaq. Yeni avadanlıqlar minik və yük avtomobillərinin əyləc sisteminin, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğunun, sükanın idarəetmə qollarının və almacıqlarının yoxlanılmasına, işıqların tənzimlənməsinə və şinlərin protektor naxışlarının ölçülməsinə imkan verəcək.
Məlumat üçün qeyd edək ki, baxışdan keçən avtomobillər hər mərhələni qət etdikcə onun detallarının texniki vəziyyəti barədə məlumatlar kompüterdə əks olunur və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürülür. Texniki baxış başa çatdıqdan sonra müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim edilir.
Xəbərlər şöbəsi