Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaratmış, müxtəlif çeşidlərdə yüksək keyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə almışdır.
Daxili bazarı yüksək keyfiyyətli məhsullarla təmin edən istehsal müəssisələrindən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılmışdır. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.
Fabrikdə tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə olunan materialların və hazır məhsulların davamlılığını, uzunömürlülüyünü təmin edir. 2010-cu ilin yanvar ayından fəаliyyətə başlayan müəssisədə mebel istehsalı sahəsində təcrübəli mütəxəssislər çаlışırlar. Fabrikdə işçilərin sağlamlığının mühafizəsi də diqqət mərkəzində saxlanılmış, xüsusi havatəmizləyici qurğu quraşdırılmışdır.
Müəssisədə istehsal prosesi avtomatlaşdırılmış, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılmışdır. Burada fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılmışdır ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarətin təmin olunmasına imkan verir. Hazırlanan məhsullar “Gəmiqaya” əmtəə nişanı ilə fabrikin sərgi-satış salonunda, Naxçıvan şəhərinin “Təbriz” küçəsində, Babək məhəlləsində və Ordubad şəhərində fəaliyyət göstərən mebel mağazalarında satışa çıxarılır. Müəssisədə istehsal olunan yüksək keyfiyyətli klassik, avanqard və modern mebellər ölkəmizin paytaxtında və digər regionlarda da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda Bakı şəhərinin Nərimanov və “Neftçilər” prospektlərində, Sumqayıt və Lənkəran şəhərlərində satış mərkəzləri fəaliyyət göstərir. Müəssisənin satış mərkəzlərinə müraciət edən müştərilərə zövqlərinə və ev şəraitinə uyğun müxtəlif çeşiddə mebellər təklif olunur. Müştərilər hazır mebelləri satış mərkəzlərindən seçə və ya fərdi sifariş verə bilərlər.
Hazırda istehlakçılar tərəfindən həm klassik, həm də modern üslubda hazırlanmış mebellərə böyük tələbat var.
Əvvəllər bu cür mebellər muxtar respublikamıza idxal olunur, əlavə daşınma xərci çəkilirdi. Yeni müəssisənin işə salınması bu sahədəki problemləri tamamilə aradan qaldırmışdır.
Məhsulları digər məhsullardan keyfiyyəti ilə seçilən “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa zamanda rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir. Burada istehsal olunan mebellər daxili bazarda özünə böyük istehlakçı kütləsi toplamışdır. Müəssisədə istehsal olunan mebellərin xarici bazarlarda tanıdılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində satış mərkəzi açılmış, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən və “Gəmiqaya” əmtəə nişanı ilə satışa çıxarılan yüksək keyfiyyətli mebellərin satışı təmin olunmuşdur. Digər xarici ölkələrdə də müəssisədə istehsal olunan mebellərin satışa çıxarılması nəzərdə tutulur.
Müəssisədə 410 nəfər daimi işlə təmin olunmuşdur. Yüksək əməkhaqqı, xüsusi geyim formaları ilə təmin olunan kollektiv ötən il 7 milyon 175 min 676 manatlıq məhsul istehsal edib satışa çıxarmışdır.
Kərəm HƏSƏNOV