22 Dekabr 2024, Bazar

Bu il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən kənd təsərrüfatı sahəsində çalışanlar qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bununla bağlı Babək rayonunun Zeynəddin kəndində bu yaşayış məntəqəsinin, Yarımca, Hacıvar, Şəkər­abad, Kültəpə və Kərimbəyli kənd­lərinin torpaq mülkiyyətçilərinin iştirakı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev tədbirin mahiyyəti barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev bildirmişdir ki, son vaxtlar muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün bir sıra layihələr həyata keçirilmişdir. Bu layihələr aqrar bölmənin yeni mərhələyə qədəm qoyması ilə nəticələnmişdir. Bununla belə, kənd təsərrüfatında çalışanlar müasir elmi-texniki yenilikləri qabaqcıl təcrübə ilə uzlaşdırmalı, məhsul bolluğu yaradılmasında fəallıq göstərməlidirlər.

Qeyd olunmuşdur ki, qarşıdan yaz-tarla işləri gəlir. Bu işlərə başlamamışdan payızlıq taxıl sahələrində müşahidələr aparılması sürətləndirilir, taxılın qışdançıxma vəziyyəti öyrənilir. Bu strateji sahənin məhsuldarlığını artırmaq üçün torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılır. Taxılçılar mövcud şəraitdən səmərəli istifadə etməklə daha yüksək nəticələrə nail ola bilərlər. 
Yaz-tarla işlərinin mütəşəkkil keçirilməsi üçün əsas vəzifələrdən biri torpaqların münbitliyinin artırılmasıdır. Ona görə də əkiləcək sahələrdən nümunələr götürülərək torpaqların kimyəvi tərkibini, hansı sahədə hansı bitkilərin əkilməsinin məqsədəuyğun olduğunu, əraziyə nə qədər üzvi və ya mineral gübrələr verilməsini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Layihə Axtarış Kimyalaşdırma Stansiyasına müraciət etmək olar. Nazirliyin Dövlət Toxum Müfəttişliyindən isə əkinçiliyin inkişafında vacib olan yüksək reproduksiyalı toxumlar haqqında məlumat əldə etmək mümkündür.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Vəliyəddin Allahverdiyev çıxış edərək bildirmişdir ki, muxtar respublikamızda kənd əhalisinin əsas məşğuliyyəti və gəlir mənbəyi torpaqdır. Bu qiymətli sərvətdən səmərəli istifadə edən kənd adamları öz həyat şəraitlərini yüksək səviyyədə qura bilirlər. İlbəil onlara dövlət qayğısı da artır. Torpağın digər istehsal vasitələrindən üstünlüyü ondadır ki, daim istehsal prosesində qala bilir və ondan səmərəli istifadə olunduqda daha da münbitləşir. Ona görə də kənd təsərrüfatı məhsullarının istehsalı elə təşkil edilməlidir ki, həm bol məhsul götürülsün, həm də ətraf mühitə zərər vurulmasın.
Tədbirdə qocaman və təcrübəli torpaq mülkiyyətçisi Ələsgər Yusifov çıxış edərək əkinçilikdə qazanılmış təcrübədən, belə tədbirlərin kənd adamları üçün əhəmiyyətindən danışmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR