Milax hərtərəfli dövlət qayğısından bəhrələnərək müasir yaşayış məntəqəsinə çevrilib
Mədəniyyət yoldan başlanır
Culfa rayonunun Milax kəndindən yazı hazırlamaq barədə düşünərkən ilk anda fikrimə bu yaşayış məntəqəsinə gedən yolun çətinliyi gəldi. Dəfələrlə qət elədiyim bu yolu gözlərim qarşısına gətirdim. Elə o anda yadıma düşdü ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən, Çeşməbasar-Boyəhməd avtomobil yolu müasir tələblər səviyyəsində yenidən qurulandan sonra 2012-ci il dekabr ayının 8-də istifadəyə verilib.
Budur, Babək rayonunun Çeşməbasar kəndi ərazisindən Milağa gedən yoldayıq. Yolda Milax istiqaməti üzrə və əksinə hərəkət edən avtomaşınlar da çoxdur. Maraqlı qış mənzərələri yol boyu bizi müşayiət edir. Düşünürsən ki, 15-20 gündən sonra bu mənzərələr başqaları ilə əvəz olunacaq. Əkin sahələri öz sahiblərinin iş yerinə çevriləcək. Dağlarımızın döşünə yaşıl xalı salınacaq. Bu düşüncələrlə Milax kəndinə nə vaxt çatdığımızdan xəbərimiz olmur. Gəlişimizdən Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Coşqun Kərimovun xəbəri olduğu üçün bizi yolun kənarında tikilmiş kənd mərkəzinin qarşısında gözləyirdi. Hal-əhval tuturuq. Kənddə yeni obyektlərin istifadəyə verilməsi münasibətilə onu və milaxlıları təbrik edirik. Coşqun müəllimin üzünə təbəssüm qonur:
– Son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin böyük bir hissəsi ucqar dağ yaşayış məntəqələrinin payına düşüb desəm, yanılmaram. Siz də, yəqin ki, bu həqiqəti təsdiq edərsiniz. Kompleks quruculuq işləri aparılan kəndlərin ilk olaraq yolları yenidən qurulur.
Həmsöhbətim Çeşməbasar-Boyəhməd yolu barədə danışaraq məlumat verir ki, uzunluğu 57,6 kilometr olan yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilib. Yolun üzərində 4 körpü və 21 su keçidi inşa olunub, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilib, keyfiyyətli asfalt örtük salınıb. Yolun yaşayış məntəqələrindən keçən hissəsində 450 metr uzunluğunda hasar çəkilib, əsas yola birləşən köməkçi yollar təmir olunub. Əsaslı yenidənqurma işlərindən sonra müasir tələblərə cavab verən bu yoldan ətraf kəndlərdə yaşayan 25 min sakin rahatlıqla istifadə edir.
Yeni kənd və xidmət mərkəzlərində hərtərəfli şərait yaradılıb
Ötən il dekabr ayının 8-də milaxlılar yeni kənd və xidmət mərkəzlərinin də sevincini yaşayıblar.
İcra nümayəndəsi bildirir ki, kənddə aparılan kompleks quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, aparılan abadlıq işləri kənd sakinlərinə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Bir neçə il bundan əvvəl Milaxda müasir tələblərə cavab verən yeni məktəb binasının istifadəyə verilməsini xatırladan müsahibim vurğulayır ki, bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin tikilməsi dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğının ifadəsidir. İstifadəyə verilən yeni kənd mərkəzində fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları öz işlərini bu qayğıya əməli işlə cavab vermək istiqamətində qurublar. Bina iki mərtəbədən ibarətdir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, həkim ambulatoriyası, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi işçiləri üçün hər cür şərait yaradılıb, 55 yerlik tədbirlər zalı istifadəyə verilib.
Binanın birinci mərtəbəsində rabitə evi yerləşir. Burada quraşdırılmış 384 nömrəlik yeni ATS Milax və Teyvaz kəndlərində yaşayan əhaliyə müasir tələblər səviyyəsində rabitə xidmətinin göstərilməsinə imkan verib. Rabitə evində yerləşən poçt bölməsində məktub, faks və teleqramların qəbulu və göndərişi, gündəlik qəzetlərin, danışıq və internet kartlarının satışı təşkil olunub.
Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, 13 min kitab fondu olan kənd kitabxanası, Milax, Teyvaz və Qazançı kəndlərini əhatə edən polis sahə məntəqəsi, Milax və Teyvaz kəndlərini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otaqları ayrılıb.
Kənd mərkəzinin binasında həkim ambulatoriyası üçün də hərtərəfli şərait yaradılıb. Burada doğuş, peyvənd və manipulyasiya otaqları vardır. Ambulatoriyaya müxtəlif dərman preparatları, peyvəndləri saxlamaq üçün soyuducu, təcili yardım və peyvənd çantaları, eləcə də digər tibbi avadanlıqlar verilib.
Kənddə tikilən yeni xidmət mərkəzində əhalinin gündəlik məişət tələbatının ödənilməsinə şərait yaradılıb. Yeni xidmət mərkəzində təsərrüfat və ərzaq mallarının satışı üçün 2 mağaza yerləşir. Mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının, eyni zamanda kənd təsərrüfatı alətlərinin və elektrik avadanlıqlarının satışı təşkil olunub. Mərkəzdə bərbərxana və qadın gözəllik salonu, ət satışı yeri də vardır.
Obyektlərin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi dövlət strukturlarının səmərəli fəaliyyəti baxımından da mühüm əhəmiyyət kəsb edir. Yaradılan yüksək iş və xidmət şəraiti kənd sakinlərinin problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verəcəkdir. Dövlət qurumlarının kollektivi, eləcə də kənd sakinləri yaradılanları, tikilənləri qorumalı, onlardan səmərəli istifadə etməlidirlər”.
Kənd məktəbində söhbət
Söhbətimizin əvvəlində bildirdik ki, Milax kəndində bir neçə il əvvəl, daha dəqiq desək, 2005-ci ildə yeni məktəb binası istifadəyə verilib. Güclü təhsil ənənələrinə malik olan təhsil ocağında pedaqoji kollektivin göstərilən qayğı müqabilində fəaliyyəti ilə yaxından tanış olmaq üçün məktəbə üz tutduq. Kəndin böyük ziyalı təbəqəsinin çalışdığı bu ünvanda qələbəliyin şahidi olduq. Məktəbdə muxtar respublikada 2013-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibətilə tədbir keçirilirdi. Tədbirdə məktəbin müəllimi Ülkər Hüseynovanın çıxışı məktəblilər və tədbirə dəvət olunmuş valideynlər tərəfindən alqışlarla qarşılandı:
– Ucqar bir dağ kəndində hərtərəfli şəraitlə təmin olunmuş belə gözəl məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi, müasir tələblər səviyyəsində yol salınması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətinin muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir. Bu eyni zamanda ümummilli liderə böyük sevgi və ehtiramın ifadəsidir. Məktəbin kollektivi bu qayğıya əməli işlə cavab verməyə çalışır. Kollektivin üzərinə 2013-cü ildə daha böyük vəzifələr düşür. “Heydər Əliyev ili”ndə heç kimin pis işləməyə haqqı yoxdur.
Tədbirə dəvət olunmuş təqaüdçü müəllim Kərəm Nağıyev gələcəyimiz etibar olunacaq bugünkü məktəblilərə belə günlərin qədrini bilməyi tövsiyə etdi.
Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəbi Tağıyevlə tədbirdən sonra həmsöhbət olduq. O bildirdi ki, 234 şagird yerlik təhsil ocağında 131 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Müəllim və şagirdlərin ixtiyarına zəngin kitab fondu olan kitabxana, fənn kabinələri, idman zalı, 2 elektron lövhəli sinif, kompyuter otağı verilib. Yaradılan bu şəraitdən səmərəli istifadənin nəticəsidir ki, ötən il məktəbi bitirmiş 14 məzunun 10-u ali məktəblərə sənəd verib, onlardan 9-u ali məktəblərə, 1-i texnikuma qəbul olunub. Bir nəfər qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Qarşıdakı qəbul imtahanlarında kollektiv daha yüksək uğurlar qazanacağına əmindir.
Torpaq milaxlıların daimi iş yerinə çevrilib
Ucqar dağ yaşayış məntəqəsində sakinlər, əsasən, kənd təsərrüfatı ilə məşğul olurlar. Dövlətimiz tərəfindən kənd adamlarına təsərrüfatın müxtəlif sahələrini inkişaf etdirmək üçün yaradılan şərait, torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artmasına şərait yaradıb. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Coşqun Kərimov bildirir ki, Milaxda 1086 sakin yaşayır. Kənd adamları dağlıq ərazi olmasına baxmayaraq, əkinçiliyin müxtəlif sahələri ilə məşğul olurlar. Texnika və su ilə təminat yoluna qoyulduğundan bu sahədə ciddi problemlə üzləşilmir. İcra nümayəndəsi əkin sahələrini göstərərək deyir:
– Gördüyünüz o sahələrin bir hissəsində taxıl əkilib. Digər şum qaldırılmış sahələrdə yazlıq əkinlər həyata keçiriləcək. Əkinçiliyi inkişaf etdirmək üçün 15-dən çox torpaq mülkiyyətçisinə güzəştli kredit verilib. Yazlıq əkin mövsümündə bu iş davam etdiriləcək.
Qeyd edək ki, Milaxda daha çox önəm verilən təsərrüfat sahələri heyvandarlıq və arıçılıqdır. Heyvandarlığı inkişaf etdirmək üçün kəndin Almaxaralıq, Ballıdaş, Sultanbud, Eyvanlı və digər massivlərində geniş otlaq sahələri var. Heyvandarlıqla məşğul olan Şaiq və Faiq Hacıyev qardaşları kənd adamları üçün heyvandarlığın inkişaf etdirilməsinin böyük önəm daşıdığını bildirdilər. Hər bir ailənin bu sahə ilə məşğul olduğunu dilə gətirdilər. Onu da vurğuladılar ki, heç bir milaxlı təzə ət, süd və süd məhsulu üçün dükan-bazara və ya qonşuya üz tutmur. Arıçılığa daha çox meyil göstərən Şükür Hacıyev bu sahənin xeyli gəlirli olduğunu dedi. Bildirdi ki, 5-10 il əvvəl Milaxda bir neçə evdə arı ailəsi saxlanılırdı. İndi elə ailə yoxdur ki, süfrəsində özünün yetişdirdiyi bal olmasın.
Təsərrüfat sahələrinin gətirdiyi gəlir kənd adamlarının həyat tərzində özünü göstərir. Son bir neçə il ərzində Milaxda 25-ə yaxın ev tikilib. 76 şəxsi avtomobil var. Bütün bunlar muxtar respublikamızda insan amilinə göstərilən qayğının bəhrələri kimi kənd adamlarının həyat səviyyəsini kökündən dəyişdirib.
Çörəyiniz bol olsun
Kənddə 85 yaşlı Gövhər Quliyeva ilə görüşdük. Onunla görüşümüzə səbəb qapısından keçərkən təzə təndir çörəyinin qoxusu oldu. Marağımı hiss edən icra nümayəndəsi həyətə keçməyi təklif etdi. Sözünü yerə salmadım. Gövhər nənə ilə görüşdük, hal-əhval tutduq. Stol açdılar, çay gətirdilər. Bir qədər sonra təzə təndir çörəyi, motal pendiri də stola düzüldü. Zarafatla Gövhər nənədən soruşdum:
– Hələ də təndirdən istifadə edirsiz. İndi hər bir kənddə çörəkbişirmə sexi olduğu halda, buna nə ehtiyac var?
Gövhər Quliyeva gülümsündü, deyəsən, sualımın zarafat olduğunu başa düşmüşdü:
– O dediyiniz çörəklə təndirdə yapılan çörəyin dadı birdirmi, ay oğul? Dədə-babadan təndir müqəddəs sayılıb. Bu gün də kəndimizdə təndirdən istifadə edənlər çoxdur. Sevinirəm ki, hələ də toylarımızda təndir çörəyindən istifadə olunur. Hökumətimizi də sağ olsun ki, bu gün çörəyimiz boldur.
...Gövhər nənədən və Milaxdan çörəyiniz bol olsun arzusu ilə ayrıldım. Şəhərə qədər bu el ağbirçəyinin söhbətinin təsirində idim. Düşünürdüm ki, doğrudan da, muxtar respublikamızda bu gün nail olunmuş sosial-iqtisadi inkişaf hər bir sahədə özünü göstərir. Milaxda gördüyüm kimi.
Muxtar MƏMMƏDOV