18-21 fevral 2013-cü il tarixlərdə Türkiyə Respublikasının Antalya şəhərində ənənəvi olaraq “Anfaş Food Product-20” Uluslararası Qida-İxtisas Sərgisi keçirilmişdir. Sərgidə 350-dən çox firmanın iştirakı ilə 3000 brendin nümayişi olmuşdur.
Türkiyənin beynəlxalq fuarı Anfaş Food Product Fuarında bütün alkoqollu və alkoqolsuz içkilər, şərab, meyvə suları, qazlı və qazsız mineral sular, içki ambalajları və digər bu kimi qida məhsulu qrupları sərgilənmişdir.
Sərgidə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye”, “Nur Qida” və “Şərur-3” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.
Sərgidə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “KRK YAPI”, “AK NİŞASTA” firmaları, “Sinerji” və “KLİMATEK” şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, Samsun şəhərindən fındığın, “Ləzzət Broyler” müəssisəsində istehsal edilən məhsulların dondurulmadan ticarət obyektlərində satışının təşkil edilməsi üçün soyuducu avadanlıqların alınması nəzərdə tutulmuşdur. Bundan başqa, “Nur Qida” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “AK NİŞASTA” firması arasında vafli istehsalı üçün təbii qida qatqısının, “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Doku Kimya və Qida Sanaye Ticaret” LTD şirkəti arasında meyvə araqlarının və likyör istehsalında istifadə olunan dad maddələrinin alınmasına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti