22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda sahibkarlara güzəştli kreditlərin verilməsi, konkret fəaliyyət sahələrinin qurulmasının təşviqi, müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli, xüsusilə ixracyönümlü məhsulların istehsalı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan “Araz” Parket Fabriki də son illər həyata vəsiqə alan istehsal müəssisələrindəndir. Müəssisə inşaat obyektlərinin taxta və parket məmulatlarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılmışdır. Bu istehsal müəssisəsi də özəl bölməyə göstərilən dövlət qayğısından bəhrələnmişdir. Parket fabrikinin inşa olunması, müasir texnoloji avadanlıqların alınması üçün 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 250 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Naxçıvan şəhərində 3500 kvadratmetr torpaq sahəsi ayrılmışdır ki, burada da müasir layihə əsasında yeni bina inşa olunmuşdur. Fabrikdə ayrı-ayrı iş otaqları, 5 istehsal sexi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və digər yardımçı otaqlar tikilib istifadəyə verilmişdir. Müəssisədə Almaniya istehsalı olan doğrayıcı, yan şovlar açıcı, hamarlayıcı, kəsici avadanlıqlar quraşdırılmış, yüksək keyfiyyətli məhsul istehsal etmək üçün hər cür şərait yaradılmışdır.

Naxçıvan “Araz” Parket Fabrikində qurulmuş avadanlıqların gündəlik istehsal gücü 900 kvadratmetrdir. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı ilə təmin olunmuş müəssisədə hazırda tələbata uyğun müxtəlif çeşidlərdə məhsullar istehsal edilir. 
2010-cu ilin iyul ayından fəaliyyətə başlayan müəssisədə parket istehsalı sahəsində 17 nəfər təcrübəli mütəxəssis çalışır. Fabrikdə işçilərin sağlamlığının mühafizəsi də diqqət mərkəzində saxlanılır. Burada xüsusi havatəmizləyici qurğu quraşdırılmışdır. Müəssisənin maliyyə imkanları genişləndikcə taxtadan hazırlanan digər məhsulların da istehsal olunması və əlavə işçi qüvvəsinin cəlb edilməsi planlaşdırılır.
Fabrikdə quraşdırılmış müasir avadanlıqlar xammalın qəbulundan tutmuş satışa çıxarılmasınadək bütün texnoloji proseslərə ciddi əməl olunmasına imkan verir. Parket istehsalı üçün lazım olan material xammal şəklində Türkiyə və Ukrayna respublikalarından alınıb gətirilir. İstehsal müəssisəsinə xammal şəklində daxil olan palıd, fıstıq və cökə ağacları ilkin olaraq emal sexində 5-8 santimetr qalınlığında kəsilib müəyyən ölçülərə salındıqdan sonra hər birinin tutumu 90 kubmetr olan 2 qurutma sexinə yığılır. Ağacın növünə uyğun onun neçə dərəcə istilikdə və hansı müddətdə qurudulması, rütubəti və soyudulması kompyuterdə proqramlaşdırılmışdır. Qurudulmuş parket, taxta lambir və döşəmə taxtası yarımfabrikant halında son istehsal bölümünə daxil olur. Kompyuterlə idarə olunan müasir texnoloji avadanlıqlarda taxtaların yan tərəfində şovlar açılıb hamarlanaraq növbəti mərhələdə paketlənib anbara təhvil verilir. Yaxın vaxtlarda ağac kəsimi avadanlığının alınması və yerli xammaldan səmərəli istifadə etməklə parket və taxta məmulatlarının istehsalı nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsullar Naxçıvan Muxtar Respublikasında, ölkəmizin paytaxtı Bakı şəhərində və ayrı-ayrı regionlarda satışa çıxarılır. Yüksək keyfiyyət göstəriciləri ilə seçilən məhsullar qiymət baxımından da istehlakçıların mənafeyinə uyğundur. Belə ki, Naxçıvan “Araz” Parket Fabrikinin istehsalı olan parketin 1 kvadratmetri orta hesabla 25 manata satılır.
Müəssisədə istehsal olunan məhsulların xarici bazarlarda satışa çıxarılması və tanıdılması istiqamətində işlər aparılır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR