22 Dekabr 2024, Bazar

Son illər ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Rəqabətədavamlı müəssisələrin yaradılması, mövcud müəssisələrin yenidən qurulması, bir sıra sosial-iqtisadi proqramların və onların icra mexanizmlərinin uğurla həyata keçirilməsi insanların maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal edilir. İstehsal olunan məhsulların 106-sı ərzaq, 224-ü qeyri-ərzaq olmaqla, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi bu sahədə qazanılan nailiyyətlərə əsaslı stimul olmaqdadır. Ərzaq məhsulları istehsalını yüksəltmək, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ərzaq təminatı sahəsində səmərəliliyi artırmaq məqsədilə görülən tədbirlər bu il də davam etdirilir.

Muxtar respublikamızın coğrafi mövqeyi aqrar bölmənin inkişafına uyğun gəldiyindən bu sahəyə daha çox diqqət yetirilir. Əlverişli iqlim şəraiti əkinçiliyin inkişafına imkan verir. Əkinçiliklə məşğul olan torpaq mülkiyyətçilərinə dövlət tərəfindən maliyyə yardımları göstərilir, məhsuldar toxum sortları, gübrə və texnika ilə təminat diqqətdə saxlanılır. Bu isə, öz növbəsində, onların səmərəli fəaliyyətinə geniş imkanlar açır. Məhz bu cür yüksək qayğının nəticəsidir ki, torpaq mülkiyyətçiləri heç bir çətinlik çəkmədən torpaq sahələrini əkib-becərirlər. Kəndli-fermer təsərrüfatlarının getdikcə genişlənməsi, onların səmərəli fəaliyyətinin uğurlu nəticələri göz qabağındadır. Bu gün bazarda kənd təsərrüfatı məhsullarının bolluğu dediklərimizə sübutdur. Ərzaq təhlükəsizliyi baxımından bu məsələnin müstəsna əhəmiyyəti vardır. Kənardan gətirilən və mənşəyi məlum olmayan məhsullardan fərqli olaraq, yerli məhsulların hansı keyfiyyətə malik olduğunu hamımız bilirik. Yerli məhsullar idxalın qarşısını almaqla yanaşı, daxili bazarda qiymətlərin sabit qalmasına da xidmət edir. Bu isə məhsul istehsalçıları ilə bərabər, istehlakçıların da marağına uyğundur.
Torpaq mülkiyyətçiləri taxıl əkininə daha çox üstünlük verirlər. Dövlətdən lazımi dəstək alan taxılçılar əkin sahələrini getdikcə genişləndirir, bu sahədə uğurlarını daha da artırırlar. Ötən il muxtar respublika üzrə 37066 hektar dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) əkini sahəsindən 108 min 309 ton məhsul istehsal edilmişdir. Bu ilin məhsulu üçün muxtar respublikada 29 min 280 hektar sahədə payızlıq əkin keçirilmişdir. Əkinçilər yazlıq taxıl əkininə hazırlaşırlar. Məhsul istehsalçılarına kömək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2012-ci ildə onlara lizinq yolu ilə 185 ədəd müxtəliftəyinatlı texnika verilmiş, 3 min 950 ton mineral gübrə yardımı edilmişdir. Bundan başqa, taxılçılara güzəştli şərtlərlə kreditlərin verilməsi, istehsal olunan məhsulun mərkəzləşdirilmiş qaydada satın alınması onlarda bu gəlirli sahəyə marağı artırmışdır.
Ərzaq proqramının həllinin sürətlənməsində kooperasiyaların yaranması da əsas amildir. Kooperasiya hər bir təsərrüfatın ixtisaslaşdırılmasından, istehsal şəraitinin yaxşılaşdırılmasından asılı olaraq, müxtəlif istiqamətlərdə təşkil edilir. Pay torpaqlarının birləşdirilməsi əsasında formalaşmış kooperasiyalar daha çox uğur qazanırlar.
Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində görülən tədbirlərdən biri də istifadə olunmayan əkinəyararlı torpaqların əkin dövriyyəsinə daxil edilməsidir. Bu isə məhsul istehsalının artırılmasına, nəticə etibarilə, ərzaq təminatı sahəsində səmərəliliyin yüksəlməsinə zəmin yaradır.
12 fevral 2013-cü il tarixdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ərzaq təhlükəsizliyi baxımından özümüzü təmin etmək məsələlərinə toxunaraq vurğulamışdır ki, ölkədə iri fermer təsərrüfatlarının yaradılması prosesi başlanmışdır və bu layihələrin icrası nəticəsində biz özümüzü taxılla təmin etmək üçün çox ciddi addımlar atırıq.
Muxtar respublikada kartofçuluğu inkişaf etdirmək məqsədilə mövcud imkanlardan səmərəli istifadə olunur. Əhalinin kartofa olan tələbatını yerli məhsul hesabına ödəmək üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmişdir. Ötən il 2831 hektar kartof əkini sahəsindən 39 min 440 tondan çox məhsul istehsal edilmişdir.
Kənd təsərrüfatında heyvandarlıq da əsas yer tutur. Muxtar respublikada heyvandarlığın inkişafı, ət, süd və digər heyvandarlıq məhsullarının istehsalının artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Bu baxımdan yeni intensiv texnologiyaların tətbiqi, baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi, məhsuldar cinsli mal-qaranın baş sayının artırılması ilə yanaşı, yem bazasının mövcudluğu da mühüm əhəmiyyət daşıyır. Bunun üçün muxtar respublikada yem əkini sahələri aqrotexniki qaydalar əsasında əkilib-becərilir. Ötən il muxtar respublikada ildə 70 min ton qarışıq yem istehsal edən müəssisə tikilib istifadəyə verilmişdir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında quş və quş əti məhsulları istehsalı da mühüm rol oynayır. Daxili bazarın quş əti və yumurta məhsullarına olan tələbatının ödənilməsi məqsədilə bir sıra işlər görülmüş, ötən il muxtar respublikada bir neçə quşçuluq təsərrüfatı yaradılmışdır.
Cari il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri kənd təsərrüfatı işçiləri qarşısında yerlərdə sahibkarlarla görüşlərin keçirilməsi, intensiv əkin metodlarının təbliği, əkin və suvarma işlərinin yeni qaydada aparılmasına diqqətin artırılması kimi vəzifələr qoymuşdur. Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması məsələləri ilə bağlı tədbirlər görülməlidir.
Verilmiş tapşırıqların icrası istiqamətində nazirlik tərəfindən bir sıra tədbirlər reallaşdırılmış, əməkdaşlarımız yerlərdə olaraq sahibkarlarla görüşlər keçirmiş, yaz-tarla işlərinə hazırlıq, zərərverici və ziyanvericilərə qarşı mübarizə tədbirləri, mütərəqqi suvarma texnologiyalarının tətbiqi, payızlıq taxıl əkinlərinə gübrələrin verilməsi və başqa kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi barədə maarifləndirici söhbətlər aparmışlar.
Kənd təsərrüfatı işçiləri qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi və daxili bazarın yerli məhsullarla təmin olunması istiqamətində əllərindən gələni əsirgəməyəcəklər.

Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR