Biznes və onun cazibədar xüsusiyyətləri çoxlarına tanışdır. Tarixən azad bazar iqtisadiyyatı və sərbəst sahibkarlıq fəaliyyəti hər bir şəxsə öz işgüzar ideyalarını reallaşdırmaq, biznesdə bəxtini sınamaq imkanı vermişdir. İş görmək bacarığı olan bir çox insan yaranmış fürsətləri sahibkar qazancına çevirmək üçün ilk addımlarını fərdi biznesdən ataraq dünyada hamının tanıdığı iri sahibkara çevrilmişdir. Kiçik fərdi təsərrüfatlar kimi uğurlu fəaliyyət göstərən hər bir biznes subyekti bu mənada ölkə iqtisadiyyatındakı bazar boşluqlarını çevik dolduran, ən ucqar regionlarda da iş imkanları yaradıb iqtisadi və sosial məsələlərin həllində dövlətin maraqlarına xidmət edən ağıllı, cəsarətli və halal qazanc qapısıdır.
Artıq iyirmi ildən çoxdur ki, ölkəmiz müstəqilliyə qovuşmuş və vətəndaşlarımız azadlıqlarla bərabər, liberal bazar iqtisadiyyatının da bəhrələrini dadmaqdadırlar. İndi heç kim boş mağazalara girib tanış satıcıdan pıçıltı ilə “təzə nə gəlib?” deyə soruşmur, satıcı da “arxa qapıdan” malları qorxa-qorxa qiymətindən baha satmır. Bu gün bütün dünyada olduğu kimi, bizdə də hər cür məhsullar qiyməti üstündə, piştaxtalarda, işıqlı reklamlarla göz qabağındadır. Sadə dillə desək, azad bazar iqtisadiyyatı budur. Belə bolluq isə, hər şeydən əvvəl, tələbatların düzgün qiymətləndirilməsindən tutmuş yeni istehsal sahələrinin yaradılmasınadək hər sahədə görülmüş gərgin işlərin nəticəsində mümkün olmuşdur. Yəni bu işlər təkcə bazarın “damarını tutmaqla” deyil, həm də məlum çətinlikləri inadla dəf edərək qıt enerji və məhdud nəqliyyat imkanlarından səmərəli istifadə etməklə yerli xammalın dəyərinin düzgün qiymətləndirilməsi hesabına hasilə gəlmişdir. Hər kəsin Naxçıvanımızın iqtisadi yüksəlişinə öz töhfəsini vermək üçün qollarını çırmayıb, sözün əsl mənasında, yaradıcılıqla məşğul olması öz bəhrəsini vermişdir. Kimi elm və təhsildə, kimi insanların sağlamlığının qorunmasında, kimi təmir-tikinti meydançalarında, kimi də ticarətdə, sükan arxasında... ona yaradılmış şəraitdən istifadə edərək öz ruzisinin ardınca qaçır, ölkəmizdə görülən hər işin ümummilli məhsul olduğunu öz real həyatında görür. İşgüzar mühitin dərinləşməsi nəticəsində əvvəllər bəsit ticarət sahibkarlığı ilə işə başlayan iş adamlarının bir çoxu artıq dünya bazarına çıxmağa layiq mal və xidmətlər istehsal edirlər.
Müasir biznes aləmi çoxsahəlidir. Bu rəngarənglik insanın artan tələbatlarını ödəmək üçün çoxlu sayda istehsal və xidmət sahələrinin fəaliyyət göstərməsi, onların işinin təşkili üçün infrastruktur təminatının yaradılması ilə əlaqədardır. İri şirkətlərlə bərabər, kiçik biznes subyektlərinin – fərdi təsərrüfatların qurulması da biznes mühitinin inkişafına imkan verir.
Kiçik biznes nədir və o, dünyada hansı gücə çatıb? Ötən ilin sonlarında muxtar respublikamızda maliyyə savadlılığının artırılması mövzusunda keçirilmiş bir tədbirdə səslənən fikir, yəqin ki, sizin də diqqətinizi cəlb edər. Burada Almaniyanın məşhur firmalarının həmin ölkə iqtisadiyyatının yalnız 3 faizini təşkil etdiyi qeyd olundu. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin əsl gücü də bundadır. Belə ki, cəmiyyətdə iqtisadi inteqrasiya dərinləşdikcə ölkədəki biznes subyektləri də bir-birinin sifarişləri əsasında hər cür məhsulların istehsalına girişir, bununla da, inkişaf etmiş bir iqtisadiyyat formalaşdırırlar. Elə ölkələr vardır ki, orada kiçik biznes hətta kosmik və müdafiə sənayesinin sifarişlərini də yerinə yetirir. Ona görə də kiçik fərdi təsərrüfatların ilk baxışda az görünən iqtisadi imkanlarını bir yerə topladıqda nə qədər böyük potensiala sahib olduğunu görmək çətin deyil.
Fərdi təsərrüfatlar nədir? Kiçik biznes subyektləri kimi fərdi təsərrüfatlar, hər şeydən əvvəl, tələbata çevik cavab verən, tez təşkil olunub, asan idarə edilən bir təsərrüfat vahididir. Təkcə bir nəfərin təşəbbüsü kifayətdir ki, o, yaşadığı ölkənin və ya regionun daxili imkanları hesabına yaranmış tələbi ödəmək üçün işə başlasın. Onlar üçün xammal və əmək resursları lap yaxında, yaşadığı kənddə, qəsəbədədir. İşçilər isə ailə üzvləri də ola bilər. Dünyada yaxşı tanınan indiki nəhəng ailə şirkətləri də biznesə məhz belə başlamışlar. Elə muxtar respublikamızda da mövcud bazar imkanlarını düzgün qiymətləndirib, maliyyə intizamına da ciddi əməl edərək çox deyil, cəmi 10-15 il ərzində geniş iş-güc sahibinə çevrilmiş səbirli sahibkarların sayı onlarladır.
Fərdi təsərrüfatların perspektivləri genişdir. Bu tip biznes subyekti deyərkən, hər şeydən əvvəl, iri şirkətlərin görə bilmədiyi işlər yada düşür. Son illərdə ucqar regionların inkişafı, burada zəruri infrastruktur tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik fərdi təsərrüfatların yaradılması üçün geniş imkanlar yaradılmışdır. Ölkəmizdə və muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onlara maliyyə dəstəyinin göstərilməsi də burada öz sözünü deməkdədir. Ötən il Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür. Bu baxımdan iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi və çoxşaxəliliyin təmin olunması məqsədilə fərdi təsərrüfatların sayının artırılması bu sahədə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə gətirib çıxara bilər. İnanırıq ki, dövlətimizin diqqət və qayğısı ilə rəqabətə qoşulacaq hər bir kiçik sahibkarımız muxtar respublikamızın zəngin ehtiyatlarından yararlanaraq fərdi yerli imkanlardan istifadə etməklə yaratdıqları çoxlu istehsal sahələri, kənd təsərrüfatı məhsullarının emalı, yerli əhaliyə və turistlərə xidmət və sair kimi sahələrdə öz qüvvəsini sınayacaq, iş-güc sahibinə çevriləcəkdir.
Əli CABBAROV