Daxili bazarın yüksək keyfiyyətli yerli qida məhsulları ilə təmin edilməsində özünəməxsus yeri və rolu olan “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif istehsal sahələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, “Badamlı” təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bu məhsulların lazımi şəraitdə saxlanılması və istehlakçılara keyfiyyətlə çatdırılması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, 2010-cu ilin mart ayında Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır. Müəssisənin direktoru Arzu Əliyev söhbətində qeyd etdi ki, bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal etmək işin bir vacib sahəsidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması, istehlakçılara təqdim olunması isə işin digər, bir-birini tamamlayan mühüm əhəmiyyətli sahəsidir. Bu mühüm əhəmiyyətli xidmət sahəsinin normal fəaliyyətinə hər cür şərait yaradılmış, müəssisə üçün ayrılmış bina əsaslı təmir və yenidənqurma işlərindən sonra kollektivin istifadəsinə verilmişdir.
Marketinq və satış şöbələrinin fəaliyyət göstərdiyi müəssisəyə xaricdə təhsil almış və təcrübə keçmiş gənc mütəxəssislər cəlb olunmuşlar. Həmin mütəxəssislər daxili bazarın tələbatını öyrənir, yerli məhsulların tanıdılması məqsədilə reklam çarxları, lövhələr hazırlayırlar.
Qida məhsullarının satış qiymətlərində endirim edilir, daha çox yerli məhsul alan müştərilərə hədiyyələr verilir. Gediş-gəliş çox olan ərazilərdə yerli məhsullardan ibarət səyyar sərgilər təşkil olunur. Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satışa çıxarılan qida məhsullarının və müəssisədə fəaliyyət göstərən “qaynar xətt” telefon nömrələrinin əks olunduğu lövhələr bütün ticarət obyektlərində alıcıların diqqətini cəlb edən guşələrdə asılmışdır. Yerli qida məhsulları ilə bağlı müəssisəyə daxil olan bütün telefon zəngləri və təkliflər diqqətlə araşdırılır. Qida məhsullarının bütün növlərinin ayrı-ayrılıqda satışına nəzarət olunur. Nəticələr müzakirə edilir, satışında azalma müşahidə olunan sahələr müəyyənləşdirilir və azalmanı doğuran səbəblər aradan qaldırılır.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qida qrupuna daxil olan sənaye müəssisələrində istehsal edilən yerli məhsulların keyfiyyətlə saxlanılması və ticarət obyektlərinə çatdırılmasına da əlverişli şərait yaradılmışdır. Naxçıvan şəhərində qida məhsullarını mənfi 15 dərəcəyədək saxlamaq imkanı olan soyuducu anbar istifadəyə verilmiş, ayrı-ayrı rayonlarda satış bazaları yaradılmışdır. Müəssisənin Naxçıvan şəhərində fəaliyyət göstərən mərkəzi bazasına daxil olan qida məhsulları müəssisənin balansındakı yük avtomobilləri ilə rayon mərkəzlərində yerləşən satış bazalarına daşınıb həftəlik ehtiyat yaradılır. “Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi müxtəlif çeşiddə çörəklər isə gündəlik olaraq Naxçıvan şəhərindən, ayrı-ayrı rayon mərkəzlərindən başlayaraq ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələrində fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır.
Qeyd edək ki, müəssisə üçün “Hyundai”, “Mercedes” və “Mitsubishi” markalı yük avtomobilləri alınmışdır. Bu avtomobillərlə müvafiq olaraq qarışıq məhsulların və xüsusi temperaturda saxlanılması vacib olan qidaların daşınması təmin olunur. Bir neçə avtomobil isə ehtiyat tədbirləri üçün müəssisədə saxlanılır.
Sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə hər gün iş vaxtından sonra avtomobillərə texniki baxış keçirilir, onlar xüsusi maddə ilə yuyulub təmizlənərək növbəti iş gününə hazırlanır.
Müəssisədə fəaliyyət göstərən satış şöbəsində də xidmət günün tələbləri səviyyəsində qurulmuş, muxtar respublikamızın şəhər və rayonları yerləşdiyi əraziyə uyğun olaraq, 3 qrup üzrə komplektləşdirilmişdir. Naxçıvan-Babək-Şahbuz, Kəngərli-Şərur-Sədərək, Ordubad-Culfa bölgələri üzrə ticarət nümayəndələri təyin olunmuşdur ki, onlar da həmin rayonlar üzrə tələbatı öyrənib müəssisəyə sifarişlər verirlər. Qida məhsulları rayon bazaları vasitəsilə bütün ticarət obyektlərinə vaxtında çatdırılır. Xatırladaq ki, əvvəllər ucqar dağ və sərhəd kəndlərinə məhsullar ticarətçi tərəfindən alınıb sərnişin avtobuslarında aparılırdısa, indi bu problem də aradan qaldırılmışdır. Bu həm istehsalçı, həm istehlakçı, həm də ticarətçi üçün olduqca əlverişlidir. Çünki istehsalçı məhsulun satışına, istehlakçı keyfiyyətli və münasib qiymətə məhsul almağa, ticarətçi isə əlavə daşınma xərci çəkməməyə maraqlıdır.
Yerli məhsulların keyfiyyətli istehsalı, tanıdılması, saxlanılması və alıcılara çatdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, qida məhsullarının satışı cari ilin ilk 10 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 30 faizədək artmışdır.
Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamışdır. Hazırda yerli qida məhsullarının tanıdılması və satışının təşkili ilə 80 nəfər məşğul olur ki, onlar da yüksək əməkhaqqı, xüsusi geyim formaları və gediş-gəliş üçün avtomobillə təmin olunmuşlar.
- Kərəm HƏSƏNOV