Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Nazirliyin yaradılması bu sahənin gələcək inkişafı, vətəndaşların müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından mühüm əhəmiyyətə malik olmuş, qısa müddət ərzində muxtar respublikada rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsinə yüksəlmişdir.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir.
Rabitə və informasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Son illər həyata keçirilən Dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş, bu il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır. Dövlət başçısı bu münasibətlə Azərbaycan xalqını təbrik edərək demişdir: “Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim sərəncamımla “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq”.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Muxtar respublikada rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulmuş, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılmışdır. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə mühüm şərait yaratmışdır. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 87,3 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanmışdır. Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə- Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılmış, Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilmişdir.
Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və rayon rabitə idarələri müasir inzibati binalarda fəaliyyət göstərir. 2004-cü ildən etibarən muxtar respublikada 101 poçt bölməsi, 93 avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 44-ü yeni fəaliyyətə başlamış, avtomat telefon stansiyalardan isə 72-si yeni istifadəyə verilmişdir. Son 9 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni obyektlərin istifadəyə verilməsi ilə 128 yeni iş yeri açılmışdır. 2004-2012-ci illər ərzində muxtar respublikada yeni elektrontipli avtomat telefon stansiyalarının və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının yaradılması ilə 27 min 652 yeni telefon nömrəsi istismara verilmişdir. 1 yanvar 2013-cü il tarixə muxtar respublikada hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatdırılmışdır.
Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, Şərur və Sədərək rayonlarının bütün ərazisini əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları istifadəyə verilmiş, muxtar respublikanın telekommunikasiya şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artırılmış, ümumtəhsil məktəblərində quraşdırılan kompyuterlərin 83 faizi internetə qoşulmuş, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 80 faizində simsiz internet, 58 faizində isə genişzolaqlı internet xidmətləri göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən demişdir ki: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Bu gün muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron hökumətin formalaşdırılması zəruri məsələlərdən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanı bu istiqamətdə görülən işlərin əhatə dairəsini genişləndirmiş, təşkilati, texniki və digər məsələlərin həllinə ciddi təkan vermişdir. Fərmana uyğun olaraq, 76 dövlət orqanına internet səhifəsi hazırlanmış, onlara domen adları, elektron poçt ünvanları verilmiş və qlobal şəbəkədə yerləşdirilmişdir. Həmçinin nazirlik tərəfindən 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilmiş, xidmətlərin reqlamentlərinin hazırlanmasına köməklik göstərilmiş, Elektron İmza Sertifikat Mərkəzinin və “Elektron hökumət” portalının yaradılması üçün fəaliyyət planı hazırlanmışdır. Ötən il dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında elektron hökumət layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmiş, “Elektron hökumət” informasiya sisteminin layihəsi təqdim edilmişdir. Müşavirədə Ali Məclisin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında mühüm vəzifələr qoyulmuş, “Elektron hökumət”ə keçidin 2013-cü ildə başa çatdırılması barədə konkret tapşırıq verilmişdir.
Muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər poçt sistemini də əhatə edir. “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində muxtar respublikanın 82 poçt şöbə və bölməsində kompyuter avadanlıqları quraşdırılmış, poçt xidmətinin səviyyəsi yüksəldilmişdir. Hazırda muxtar respublikada beynəlxalq poçtun daşınması üçün “Express Mail Servis” və DHL ekspress poçt xidmətləri də fəaliyyət göstərir. Ümumiyyətlə, yeni xidmətlərin istifadəyə verilməsi 2004-cü illə müqayisədə gəlirlərin 3,2 dəfə, pul baratlarının mübadiləsinin 8,5 dəfə, poçt bağlamalarının mübadiləsinin isə 6,9 dəfə artmasına səbəb olmuşdur.
Ötən müddətdə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımının təşkili də diqqət mərkəzində saxlanılmış, ötən ilin fevral ayından etibarən rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Ötən ilin dekabr ayında Ukrayna Respublikasının Kvant-Efir şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Duzdağ Radio-Televiziya Verici Stansiyasında mövcud televiziya vericisi yenidən qurularaq daha bir rəqəmsal verici işə salınmışdır.
“Azərspace-1” peykinin orbitə buraxılması ilə muxtar respublikamızın ərazisində də keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli internet xidmətlərin göstərilməsi təmin olunacaq, giriş-çıxış telekommunikasiya kanallarının üçüncü alternativi yaranacaq, məsafədən təhsil və elektron səhiyyə kimi proqramlar üçün platforma yaradılacaqdır. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyklərin idarə olunması üçün ehtiyat idarəetmə mərkəzinin Naxçıvan ərazisində yaradılması isə muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq, muxtar respublikada sakinlərə nümunəvi xidmət göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti