22 Dekabr 2024, Bazar

1992-1993-cü illər muxtar respublikada gömrük orqanlarının və sərhəd-keçid məntəqələrinin yaranma və formalaşma mərhələsi kimi böyük əhəmiyyət daşıyır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndərimiz Heydər Əliyevin xüsusi dövlətçilik səriştəsi və şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsi qurulmuş, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələri yaradıl­mışdır. Ulu öndərin bu sahədə həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi Ali Məclisin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılmış, muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanmışdır.

“Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır. Bu baxımdan gömrük xidməti mühüm əhəmiyyət kəsb edir”, – deyən ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə, eləcə də muxtar respublikamızda gömrük xidməti işi yeni inkişaf mərhələsinə qədəm qoymuş, gömrük infrastrukturu təkmilləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər mühüm əhəmiyyət kəsb edir. Son illər qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi daha da genişlənmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrində 24 saatlıq, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində 12 saatlıq iş rejiminin tətbiq edilməsi gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir.

2001-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsinin və 2004-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yaradılması nəticəsində muxtar respublika gömrük orqanlarının strukturu daha da genişlən­dirilmiş, gömrük infrastrukturunun yeni­­dən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtıda müasir gömrük kompleksləri tikilib istifadəyə verilmişdir. Ötən il mayın 30-da isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks istifadəyə verilmişdir. Kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılmış, müasir rentgen qurğuları quraşdırılmışdır. Yüksək standartlara cavab verən gömrük laboratoriyasında genidəyişdirilmiş malların təyini və mikrobioloji analizlərini aparmaq mümkündür. Kompleksin istifadəyə verilməsi ilə daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhərə girmədən hərəkəti təmin edilmiş, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə, gömrük işinin keyfiyyətinin artırılmasına nail olunmuşdur.
Yüksək maddi-texniki bazaya malik olan muxtar respublikanın gömrük orqanlarının beynəlxalq əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. Ötən ilin oktyabr ayında Naxçıvanda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü bu sahədə aparılan məqsədyönlü işlərin daha bir göstəricisidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında ticarətin və sərhəd keçidinin sadələşdirilməsinə, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsinə, mal və nəqliyyat vasitələrinin, sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsinə, narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə sahələrində əməkdaşlığa dair razılıq əldə edilmiş, türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən “Naxçıvan bəyannaməsi” qəbul olunmuşdur. Həyata keçirilən belə tədbirlər muxtar respublikamızda gömrük xidmətinin təkmilləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə gömrük işinin səmərəliliyini artırmaq məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, gömrük orqanlarında nəzarət və rəsmiləşmənin avtomatlaşması xidmətin keyfiyyətini xeyli yüksəltmişdir. Bu gün muxtar respublikanın bütün gömrük orqanlarında Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi tətbiq edilir. Bu sistem vasitəsi ilə mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi, gömrük əməliyyatları üzrə maliyyə fəaliyyətinin tənzimlənməsi, gömrük sahəsində hüquqpozma faktlarının qeydiyyatı, statistik məlumatların formalaşması və analitik təhlilin aparılması, gömrük sistemində sənəd dövriyyəsinin təmin edilməsi prosesləri tamamilə avtomatlaşdırılmışdır. Sürətli məlumat mübadiləsini təmin etmək üçün fiberoptik şəbəkə bütün gömrük orqanlarını əhatə edən formada qurulmuşdur. İş prosesinin izlənilməsi və mövcud vəziyyətə operativ müdaxilə edilməsi üçün gömrük orqanlarında müasirtipli video-müşahidə kameraları quraşdırılmışdır. Hazırda muxtar respublika ərazisində gömrük nəzarəti altında hərəkət edən nəqliyyat vasitələrinə “İki gömrük orqanı arasında daşınan mallara nəzarət GPS naviqasiya sistemi” vasitəsilə nəzarət prosesi həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, muxtar respublikanın gömrük orqanlarında da elektron hökumətə keçid istiqamətində məqsədyönlü tədbirlər görülmüş, komitənin yeni internet saytı yaradılmışdır. Məqsəd gömrük idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasına, qərarların qəbulu prosesində şəffaflığın təmin edilməsinə, kargüzarlıq işinin və sənəd dövriyyəsinin elektron formada həyata keçirilməsinə, elektron imzanın tətbiqinə nail olmaqdır. Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın gömrük orqanlarında eyniləşdirmə nömrəsinin verilməsi, sərnişin bəyannaməsinin tətbiqi, gömrük sərhəd-buraxılış məntəqələrindən keçiriləcək mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük rəsmiləşdirməsinə başlamaq üçün müraciətin və gömrük orqanlarında xidmət üçün ərizə qəbulu elektron formada həyata keçirilir.
Muxtar respublika iqtisadiyyatında müşahidə edilən sürətli iqtisadi inkişaf prosesi öz təzahürünü xarici ticarət əlaqələrində də tapır. Təcrübə göstərir ki, xarici ticarət fəaliyyətinin ölkənin iqtisadi inkişafına xidmət etməsi üçün onun tənzimlənməsi vacibdir. Müasir dövrdə belə fəaliyyətin əsas tənzimləyicisi kimi gömrük orqanları çıxış edirlər. Hər bir ölkənin gömrük siyasətinin başlıca məqsədi xarici ticarətin səmərəliliyinin yüksəldilməsindən, ondan daha yüksək fayda götürülməsinə nail olmaqdan və iqtisadi təhlükəsizliyin təmin edilməsindən ibarətdir. Daxili bazarın yerli istehsal sahələri nəzərə alınmaqla qorunması xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, beynəlxalq əlaqələrdən asılılığı aradan qaldırmaqla iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Əgər ötən əsrin 90-cı illərində muxtar respublikada ixracın əsasını keçmiş SSRİ dövründən qalan xammal təşkil edirdisə, müasir dövrdə onun strukturu elektrik enerjisi, hazır sənaye və kənd təsərrüfatı məhsulları olmaqla tamamilə dəyişmişdir. Artıq 2009-cu ildən ixracın həcmi idxalı üstələməklə xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır. İxrac əməliyyatlarının həyata keçirildiyi ölkələrin miqyasının ilbəil genişlənməsi müşahidə olunan mühüm yeniliklərdəndir. Xarici ticarət əlaqələrinin qurulduğu ilk illərdə, əsasən, gündəlik istehlak mallarından ibarət olan idxal əməliyyatlarının strukturu müasir dövrdə istehsal və texniki avadanlıqlar, lüks mallar, tikinti materialları ilə əvəzlənmişdir. Bu, muxtar respublikanın böyük iqtisadi potensialının göstəricisidir. İdxal əməliyyatlarında yüksək dəyər tutumlu əmtə­ələrin çoxalması son 5 ildə büdcəyə köçürülən gömrük ödənişlərinin həcminin 2,2 dəfə artması ilə nəticələnmişdir. Bütün bunlara muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar, habelə qəbul edilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində nail olunmuşdur.
Bu gün muxtar respublikanın gömrük orqanları hüquqpozma hallarına qarşı da ciddi mübarizə aparırlar. Muxtar respublikanın iqtisadi mənafeyinin və təhlükəsizliyinin təmin olunması məqsədilə əməliyyat-axtarış fəaliyyəti digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilməklə daha da gücləndirilmişdir. Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması gömrük orqanlarının hüquqpozmalara qarşı mübarizə sahəsindəki fəaliyyətinin prioritet istiqamətinə çevrilmişdir. Hal-hazırda iş prosesində avtomatlaşmanın tətbiq olunması gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin keyfiyyətini və səmərəliliyini artırır.
21 il bundan əvvəl yaradılan Naxçıvan Muxtar Respublikasının gömrük orqanları muxtar respublikanın inkişafının və iqtisadi təhlükəsizliyinin təmin olunmasında öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR