Babək Rayon Vergilər Şöbəsindən aldığımız məlumata görə, ötən il rayonda 2 hüquqi, 247 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılması da diqqət mərkəzində saxlanılmışdır. Ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq formada cavablandırılmış, bəyannamələrinin düzgün tərtib edilməsinə köməklik edilmiş, elektron bəyannamə xidməti göstərilmiş, onlara vergilərə aid buklet, kitabçalar və digər nəşrlər paylanılmışdır. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən, internet vasitəsilə bəyannamələrin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 200 hüquqi və 1154 fiziki şəxslə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilmişdir.
Emissiyanın qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, aktiv vergi ödəyicilərinə bank hesabı açılmış, ayrı-ayrı obyektlərdə POS-terminalların quraşdırılmasına başlanılmışdır. Bu da ödəmələrin köçürmə yolu ilə aparılmasını təmin etmişdir. Nağdsız hesablaşmaların geniş tətbiqi təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə, şəffaflığın təmin olunmasına, vergidənyayınma hallarının aradan qaldırılmasına xidmət etməklə iqtisadiyyatın inkişafına stimul verir, nağd pul kütləsinin emissiyasına müsbət təsir göstərir.
Şöbədən onu da bildirmişlər ki, vergi ödəyicilərinin məlumatlandırılması ilə yanaşı, nəzarət işinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, proqnoz tapşırıqların bütün növ tədiyyələr üzrə yerinə yetirilməsi, qalıqlara yol verilməməsi, hesablanmış vəsaitin büdcəyə ödənilməsi, vergidənyayınma hallarının qarşısının alınması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 1 yanvar 2013-cü il tarixədək rayon ərazisində fiziki və hüquqi şəxslərin fəaliyyət göstərdiyi 82 obyektə nəzarət-kassa aparatının quraşdırılması, 32 obyektdə ciddi hesabat blanklarının tətbiqi təmin edilmişdir. Ötən il Vergilər Şöbəsinə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına, əlaqəli məlumatlara əsasən, vergilərin hesablanmasına nəzarət artırılmış, 120 vergi ödəyicisi üzrə 6040 manat əlavə vergi hesablanmışdır. Xüsusi razılıq (lisenziya) alınmadan fəaliyyət göstərən 6, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış mallar satan 2, xarici valyutanı ödəniş vasitəsi kimi qəbul edən 14, fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olan 7, nəzarət-kassa aparatından düzgün istifadə etməyən 9 vergi ödəyicisinə, ümumilikdə, 6 min 386 manat maliyyə sanksiyası tətbiq edilmiş və həmin vəsaitin büdcəyə ödənilməsi təmin olunmuşdur. Ümumiyyətlə, ötən il vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa 109,1 faiz əməl olunmuş, 2 milyon 374 min manata qarşı 2 milyon 589 min 100 manat vəsait toplanmış, büdcəyə proqnozda nəzərdə tutulduğundan 215 min 100 manat çox vəsait daxil olmuşdur.
Həmçinin işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qaydalarına riayət olunması diqqət mərkəzində saxlanılmış, əmək müqavilələrinin bağlanılmasına köməklik göstərilmişdir. Ötən il bağlanmış əmək müqavilələrində işçilərə ödənilən əməkhaqqının məbləği 180 manatdan az olmamışdır.
Kərəm HƏSƏNOV