İqtisadi inkişafın real nəticəsi cəmiyyətin müxtəlif maddi nemətlər və xidmətlərlə təminolunma səviyyəsi ilə ölçülür. Ölkənin malik olduğu iqtisadi potensialdan tam istifadə məqsədilə yeridilən çevik iqtisadi siyasət mexanizmi də bu yolda səmərəliliyin yüksəldilməsinə xidmət edir.
Səmərəlilik iqtisadi fəaliyyətin ən mühüm göstəricilərindəndir. İqtisadiyyatın bütün sferalarında həyata keçirilən layihələr ən mühüm makroiqtisadi göstəricilərdən tutmuş çoxşaxəli iqtisadiyyatın müxtəlif sahələrinədək iqtisadi fəaliyyət subyektlərinin və dövlətin maraqlarına uyğun gəlməli, öz davamlılığı ilə üzunmüddətli inkişafa xidmət etməlidir. Təcrübə göstərir ki, məhz əhalinin maddi rifahının yüksəldilməsi kimi dövlət maraqlarına xidmət edən sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi ilə bu məqsədlərə çatmaq mümkündür. Belə ki, azad bazar iqtisadiyyatı və sahibkarlıq şəraitində həm sahibkarın, həm də region iqtisadiyyatının tələbatlarına uyğun olan və eyni zamanda davamlılıq şərtlərini ödəyən iqtisadi layihələrin reallaşdırılması yalnız uzunmüddətli Dövlət proqramlarının icrası ilə mümkündür. Həyata keçirilən layihənin davamlılığı onun sosial effekti ilə ölçülür. Ona görə də ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında son illər iqtisadi və sosial sahədə əldə olunmuş tərəqqi onu deməyə əsas verir ki, iqtisadiyyatın bütün sahələri üzrə nail olunmuş yüksək göstəricilər və bu müsbət inkişaf meyilləri iqtisadi təhlil baxımından düzgün qiymətləndirilib və gələcək inkişafımız üçün elmi-nəzəri bazaya çevrilib.
Hər şeydən əvvəl qeyd edək ki, muxtar respublikamızda özünü göstərən davamlı iqtisadi yüksəlişə regionda mövcud olan təbii, iqtisadi və əmək resurslarının kəmiyyət və keyfiyyəti, iqtisadi əlaqələrin səviyyəsi və xüsusiyyətləri, keçilən tarixi inkişaf yolu, hazırkı tarixi-siyasi və sosial-iqtisadi şərait, işgüzar mühit kimi amillər də öz təsirini göstərir. Bütün bunlar – çoxşaxəli, fərdi təsərrüfatların inkişafına yönəlmiş biznes mühitinin yaradılması prosesi, o cümlədən investisiya fəaliyyətinin mühüm istiqamətlərinin müəyyən olunması başlıca olaraq dövlətin həyata keçirdiyi iqtisadi siyasətlə bağlıdır.
Artıq neçə illərdir ki, həyata keçirilən tədbirlər nəticəsində iqtisadi artımın yüksəldilməsi istiqamətində dinamik inkişaf təmin olunmaqdadır. Xüsusilə, Ümumi Daxili Məhsulun həcmində məhsul istehsalının üstünlüyü region iqtisadiyyatında makroiqtisadi göstəricilərin müsbət meylindən xəbər verir. Belə ki, 2012-ci ildə muxtar respublikamızda Ümumi Daxili Məhsulun həcmi bir il öncəyə nisbətdə 16,8 faiz artaraq 2 milyard 103 milyon 424 min manata, onun hər bir nəfərə düşən həcmi isə 15,4 faizlik artımla 4973,8 manata (6331,2 ABŞ dollarına) çatmışdır. 2012-ci ildə Ümumi Daxili Məhsulun 64,5 faizi və ya 1 milyard 356 milyon manatdan çoxu məhsul istehsalının payına düşmüşdür. Bunun başlıca səbəbi isə sənayenin aparıcı mövqedə olduğu iqtisadiyyatın qurulması yönündə mühüm tədbirlərin həyata keçirilməsidir. Ötən il Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 26,9 faizlik payla sənaye sahəsi tutmuşdur. Bu sektorun səmərəli fəaliyyəti isə ən çox özəl sektorun inkişafı, qeyri-dövlət sektorunun xüsusi çəkisinin ilbəil artması, yeni müəssisələrin yaradılması ilə əlaqədardır. Bunun nəticəsidir ki, yola saldığımız ildə istehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür. Yerli istehsalın potensialının davamlı olaraq təkmilləşdirilməsi strategiyasına uyğun olaraq, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2012-ci ildə də davam etdirilmişdir. Ötən il ərzində muxtar respublikamızda dövlət dəstəyi ilə 98 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 24 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir. Bütün bunlar həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir. Məqsədyönlü iqtisadi siyasət isə davamlı inkişafı təmin edir.
Polad ƏLİYEV
iqtisad üzrə fəlsəfə doktoru