22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramın həyata keçirilməsinin əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən illər üzrə iş planı hazırlanmış, aid təşkilatların iştirakı ilə ardıcıl tədbirlər görülmüşdür. Dövlət Proqramının icrası aşağıdakı əsas istiqamətlər üzrə mühüm nəticələrin əldə olunmasına imkan vermişdir:

– statistika sistemi göstəricilərinin, onların formalaşdırma metodlarının müəyyənləşdirilməsində beynəlxalq statistik standartların və təsnifatların tətbiqi daha da genişləndirilmişdir; 

– statistika təcrübəsində elmin müasir nailiyyətlərindən istifadə davamlı qaydada təşviq olunmuşdur;
– respondentlərə düşən statistik məlumat yükü əhəmiyyətli dərəcədə azaldılmış və oxşar hesabat formaları vahid şəklə salınmışdır;
– muxtar respublikanın sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərin çevik hesablanması üçün metodoloji əsaslar yeniləşdirilmişdir;
– müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə statistik məlumatların toplanması, formalaşdırılması, saxlanması və yayılması işi daha da təkmilləşdirilmişdir;
– rəsmi statistika məlumatlarının keyfiyyətinin yüksəldilməsi davamlı qaydada təşviq olunmuşdur;
– istifadəçilərin açıq statistik məlumatlara çıxış imkanları maksimum sadələşdirilmişdir;
– respondentlərdən alınan ilkin statistik məlumatların məxfiliyinin təmin edilməsi metodları daha da təkmilləşdirilmişdir.
Qeyd olunan tədbirlərin yerinə yetirilməsi statistik metodologiyanın yeniləşdirilməsinə, Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyəti haqqında düzgün və elmi cəhətdən əsaslandırılmış, eləcə də beynəlxalq statistika standartlarına cavab verən rəsmi statistik məlumatların əldə edilməsinə, idarələrarası qarşılıqlı məlumat mübadiləsinin inkişafına şərait yaratmışdır.
Real sektor statistikası sahəsində statistik müşahidələrin, göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülmüşdür. Bu zaman müəssisələr statistikası üzrə informasiya qəbulunun təkmilləşdirilməsinə, statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə və iqtisadi fəaliyyətin ayrı-ayrı sahələrinin inkişafının xarakterizə olunmasına xüsusi diqqət yetirilmişdir.
Kənd təsərrüfatı statistikasında beynəlxalq təcrübə nəzərə alınmaqla, çoxillik əkmələrə dair müayinə keçirilmiş, cins mal-qara və quşların uçotu metodologiyası hazırla­­naraq tətbiqinə başlanılmış, bitkiçilik məhsullarının yetişdirilməsinə dair statistik müşahidələr təşkil olunmuşdur.
Tikinti fəaliyyətini hərtərəfli xarakterizə edən statistik göstəricilər sistemi formalaşdırılmış, tikintinin sahə strukturu və investisiyaların iqtisadi fəaliyyət növləri üzrə reyestri yaradılmışdır.
Nəqliyyat-yol kompleksi, onun infrastrukturunun inkişafı sahəsində mövcud statistika məlumatlarının sistemləşdirilməsi və vahid formaya salınması, elektron informasiya bazasının yaradılması istiqamətində də bir sıra tədbirlər görülmüşdür. Belə ki, muxtar respublikanın avtomobil yollarının siyahıya alınması, fərdi sahibkarlar da daxil olmaqla yük avtomobili statistikasının təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.
İnternet və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə statistik məlumatların toplanması, işlənməsi, saxlanması və təqdim edilməsi sisteminin modernləşdirilməsi ilə bağlı proqramda nəzərdə tutulan müvafiq tədbirlərin icrası təmin edilmişdir. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin öyrənilməsinin rəsmi statistikanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu nəzərə alınaraq, informasiya cəmiyyəti üzrə statistik məlumat bazasının yaradılması, beynəlxalq şəbəkəyə çıxış imkanları və onlardan istifadənin xarakterinin statistik öyrənilməsinə başlanılmış, bu sahədə yekun göstəricilər əldə olunmuşdur.
Turizm statistikası üzrə turizmin mövcud inkişafını xarakterizə edən göstəricilər hazırlanmış və rüblük dövrdə gömrük-keçid məntəqələrində seçmə müayinənin keçirilməsinə başlanmışdır.
Əmək statistikası üzrə iş vaxtı baş vermiş xəsarət və zədələnmələr, təhlükəsizlik normalarına riayət­olunma səviyyəsi üzərində statistik tədqiqatların keçirilməsi təmin olunmuşdur.
Qiymət statistikası sahəsində ticarət şəbəkələrində qiymətlərin dinamikasına dair gündəlik statistik müayinənin aparılmasına başlanılmış, istehsalçı qiymətlərinin uçotunun aparılması üzrə metodologiya təkmilləşdirilmişdir.
Xarici ticarət statistikasının elektron informasiya sistemi yaradılmış, fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal və ixrac edilən malların həcminin (dəyərinin) müəyyənləşdirilməsi metodologiyası daha da dərinləşdirilmişdir.
Sosial sektor statistikası sahəsində təhsil statistikasının və onun informasiya bazasının təkmilləşdirilməsi məqsədilə ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi-texniki bazasının vəziyyəti və pedaqoji kadrlarla təminatına dair statistik tədqiqatlar təşkil olunmuşdur. Həmçinin muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafını əks etdirən statistik göstəricilər hazırlanmış və digər işlər həyata keçirilmişdir.
Qüvvədə olan təsnifatların təkmilləşdirilməsi və onların beynəlxalq iqtisadi təsnifatlarla uyğunlaşdırılması təmin edilmişdir.
Proqram üzrə nəzərdə tutulan dövlət statistika sisteminin informasiya texnologiyalarının texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi tədbirləri ilə bağlı komitənin internet saytı hazırlanmışdır. Dövlət Statistika Komitəsinin internet səhifəsində statistik məlumatlar, hesabat formaları, təlimatlar, metodoloji izahlar yerləşdirilmişdir. Müəssisə və təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması üçün “Elektron xidmətlər” bölməsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” menyusu yaradılmışdır. Nəticədə, hesabat təqdim edən müəssisə və təşkilatlar statistika idarələrinə gəlmədən hesabatlarını internet vasitəsilə elektron formada təqdim edə bilirlər.
Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və Naxçıvan Şəhər Statistika İdarəsi üçün müasir avadanlıqlarla təchiz edilmiş inzibati bina istifadəyə verilmiş, Şərur Rayon Statistika İdarəsi üçün yeni inzibati bina tikilmiş, Ordubad, Kəngərli və Sədərək Rayon Statistika idarələrində çalışan işçilərin iş şəraiti yaxşılaşdırılmışdır.
Ümumilikdə, iqtisadi və sosial sahələr üzrə statistik göstəricilər sisteminin müasir standartlar səviyyəsinə çatdırılmasına imkan verən “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın 10 bölməsi üzrə nəzərdə tutulmuş 105 bəndin icrası aidiyyəti orqanların yaxından iştirakı ilə tam şəkildə başa çatdırılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, statistik işlərin təşkili prosesində keyfiyyətcə yeni yanaşmaya əsaslanan iş prinsipi formalaşmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR