22 Dekabr 2024, Bazar

Ölkədə nağd pul dövriyyəsinin miqyasının böyük olması iqtisadiyyatı iri həcmdə investisiya-kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır. Eyni zamanda nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın aşağı olması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi və digər bu kimi problemlərin yaranmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, kartlardan istifadə səviyyəsinin artımı ilə istehlak, iqtisadi artım arasında elastiklik əlaqəsi güclüdür. Və beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, kartlardan istifadə səviyyəsinin 1 faiz artması istehlakın 0,056 faiz, iqtisadi artımın isə 0,035 faiz artımı ilə nəticələnir.

Məhz bu səbəbdəndir ki, son illər bir sıra ölkələr nağdsız ödənişlərin artırılmasını prioritet hədəf kimi qəbul etmişlər. Ölkələr nağdsız ödənişləri inkişaf etdirməklə kölgə iqtisadiyyatını azaltmağa, iqtisadi rifahı yaxşılaşdırmağa və iqtisadi artımı stimullaşdırmağa çalışırlar. Nağdsız ödənişlər iqtisadi artıma bir sıra kanallar vasitəsilə təsir edir. İlk növbədə, nağdsız ödənişlərin həcmi artdıqca ödəniş sistemləri daha effektiv şəkildə fəaliyyət göstərməyə başlayır və xərclərin azaldılması imkanları yaranır. Digər tərəfdən, ödəniş sistemlərinin inkişafı əhalinin kreditə çıxış imkanlarını artırır və bu zaman kartlar asan ödəniş vasitəsi kimi çıxış edir. Nəticədə, ev təsərrüfatlarının istehlakı artır. Bu isə mal ehtiyatını azaldır və istehsal templərinin artırılması üçün siqnal rolunu oynayır.
Bu gün regionun ən böyük iqtisadi gücü olan, beynəlxalq iqtisadi arenada öz iqtisadi inkişafı ilə çoxlarına nümunə olan ölkəmiz bu iqtisadi axından kənarda qala bilməz. Beynəlxalq təcrübə də göstərir ki, nağdsız ödənişlər iqtisadi artıma o zaman təsir edir ki, ölkədə müəyyən ödəniş infrastrukturu, istifadə bacarıqları, institusional mühit yaradılsın.
Məhz bu faktorları nəzərə alaraq, muxtar respublikamızda da nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planında maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Tədbirlər planının 2013-2014-cü illər üçün birinci mərhələsində bank sektoru tərəfindən icrası nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu hissə sonrakı dövrdə icra olunması nəzərdə tutulan tədbirlər üçün stimullaşdırıcı rol oynamışdır. Tədbirlər planının icrası zamanı nağdsız ödənişlərin inkişafını şərtləndirən dörd əsas amil: institusional mühit, infra­struktur, təklif və istifadə səviyyəsi nəzərdən keçirilmişdir.
Belə ki, ilkin mərhələdə infra­struktur imkanlarının genişləndirilməsi prosesi həyata keçirilmiş və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə bir neçə bank xidmətinin göstərilməsi imkanları yaradılmış, muxtar respublikada əhalinin maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilmişdir.
Bu müddət ərzində ödəniş alətləri infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində olmuşdur. Əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 460-ı Naxçıvan şəhəri, 407-si isə rayon mərkəzləri və kənd yaşayış məntəqələrində olmaqla, 867 ədədə çatdırılmışdır. Vətəndaşların kommunal xərcləri ödənişlərinin rahat şəkildə təmin edilməsi məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində 104 ədəd, “Naxçıvanqaz” İstehsalat Birliyində 39 ədəd və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 21 ədəd POS-terminal quraşdırılmışdır. Eyni zamanda kommunal xidmət haqlarının internet üzərindən elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi imkanları da yaradılmışdır.
Bundan başqa, digər ödənişlərin nağdsız qaydada aparılması məqsədilə müvafiq addımlar atılmışdır. Görülmüş işlər sayəsində muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumlarını, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını və gömrük rüsumlarını elektron ödəniş formasında ödəyə bilirlər. Eyni zamanda bu müddət ərzində dövlət orqanlarının inzibati xərclərinin də (təsərrüfat, yanacaq, nümayəndəlik və sair) korporativ kartlar vasitəsilə ödənilməsi üçün lazımi şərait yaradılmışdır.
Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş kartlarının sayı da artırılmışdır. Belə ki, bankomatların sayı 53-ü Naxçıvan şəhərində, 39-u isə rayon və kənd yaşayış mərkəzlərində olmaqla, 92 ədəd təşkil etmişdir. Dövlət sektorunda əməkhaqlarının nağdsız üsullarla ödənilməsi istiqamətində də işlər davam etdirilmiş və yekunlaşdırılmışdır. Nəticə etibarilə, ödəniş kartlarının sayı muxtar respublika üzrə 202 min 928 ədədə çatdırılmışdır. Tədbirlər planının icrasının növbəti mərhələsində isə qeyri-dövlət sektorunda işləyənlərin əməkhaqlarının nağdsız qaydada ödənilməsinin davam etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Tədbirlər planının icrası zamanı muxtar respublikada fəaliyyət göstərən banklar vətəndaşlara müasir və keyfiyyətli bank xidmətləri təklif etməklə öz müştəri auditoriyasını genişləndirməyə də nail olmuşlar. Bu müddət ərzində keyfiyyətli bank xidmətlərindən faydalanmaq məqsədilə vətəndaşlar tərəfindən 17974 bank hesabı açılmışdır ki, onlardan da sahibkarlıqla məşğul olanların sayı 4483-dür.
Əlbəttə ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə birgə, maarifləndirici tədbirlərin keçirilməsi və institusional mühitin formalaşdırılması da zəruridir. Bu baxımdan tədbirlər planının icrasının ilkin mərhələsində nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin kütləvi təbliği ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında əhali arasında maarifləndirici tədbirlər keçirilmiş, ümumtəhsil və ali təhsil müəssisələrində nağdsız ödəniş vərdişlərini inkişaf etdirən xüsusi məşğələlər təşkil edilmişdir. Bütün bunlarla yanaşı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən ödəniş alətlərinin üstünlükləri ilə bağlı təbliğat materialları mütəmadi olaraq yerli mətbuat, radio və televiziya vasitəsilə əhaliyə təqdim edilmişdir. Əhali ilə yanaşı, ödəniş kartları sahəsində çalışan bank əməkdaşlarının bilik və bacarıqlarının yüksəldilməsi məqsədilə Azərbaycan Bank Tədris Mərkəzindən cəlb edilmiş mütəxəssislərin iştirakı ilə treninqlər keçilmişdir.
Tədbirlər planının əsas tərkib hissələrindən biri də kart sahibləri arasında stimullaşdırıcı tədbirlərin keçirilməsidir. Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müvafiq addımlar atılmışdır. Ötən dövr ərzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları ilə alış-veriş zamanı aparılan əməliyyatlara 5 faiz həcmində güzəştlər tətbiq olunmuşdur. 2014-cü ilin birinci və ikinci yarımillərinin yekunlarında isə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin birgə aparmış olduqları tədbirlərin nəticəsi olaraq, muxtar respublikada nağdsız ödənişlər istiqamətində seçilmiş vətəndaşlara hədiyyələr verilmişdir.
Əgər 2014-cü ilin yanvar ayında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 246 min manat təşkil edirdisə, bu göstərici dekabr ayında 1 milyon 780 min manat olmuşdur. Ümumilikdə, 2014-cü il ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcminin 12 milyon 513 min manat olması onu deməyə əsas verir ki, tədbirlər planının icrası müvəffəqiyyətlə davam etdirilir.
Ancaq infrastrukturun genişləndirilməsinə, institusional mühitin formalaşdırılmasına və stimullaşdırıcı tədbirlərin mütəmadi şəkildə aparılmasına baxmayaraq, hələ də bu sahədə çatışmazlıqlar vardır. Buna səbəb isə məhz ictimaiyyətin hələ də nağdsız ödənişlərə tam olaraq üstünlük verməməsidir. Hələ də bankomatların qarşısında nağd pul çəkmək üçün növbələrin yarandığını müşahidə etmək mümkündür. Bankomatdan, sadəcə, nağd pul çəkmək üçün istifadə edən vətəndaşlarımız isə kifayət qədərdir. Halbuki “bankomat” adlanan bu ödəniş aləti, əslində, bir çox nağdsız əməliyyatları həyata keçirməyə də imkan verir.
Bütün bu problemlərin həllində ziyalılarımızın da üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətdə hər zaman fikirlərinə böyük etimad göstərilən ziyalılarımızın və bu istiqamətdə tədbirlər planında üzərinə vəzifə qoyulan bütün strukturların birgə fəaliyyəti nəticəsində gələcək müddət ərzində böyük uğurlara nail olmaq mümkündür.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin də qarşıya qoyduğu əsas məqsədlərdən biri məhz tədbirlər planında nəzərdə tutulmuş digər tədbirlərin 2015-ci ildə uğurla davam etdirilməsi və müvəffəqiyyətlə başa çatdırılmasıdır.

Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan
Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR