Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Əziz Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Kompleksidir.
“Cahan” Ticarət Mərkəzi kimi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı artıb, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranıb. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnib, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Ötən il kompleksin ərazisində müxtəliftəyinatlı mağazaların və digər xidmət sahələrinin fəaliyyət göstərdiyi ikimərtəbəli yeni korpus tikilib istifadəyə verilib. Burada biznes fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə normal şərait yaradılıb. Ayrı-ayrı mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilib, hər bir mağazaya telefon xətti çəkilib. Burada hər bir sahibkara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara internetdən istifadə etmək imkanı da yaradılıb. Həmçinin “Cahan” Ticarət Kompleksinin əsas binasında yenidənqurma işləri aparılıb, mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılıb. Layihəyə uyğun olaraq, kompleksin əsas binasının ətrafında yeni mağaza və müasir avadanlıqlarla təmin olunmuş kafeteriyalar istifadəyə verilib. Eyni zamanda ticarət kompleksinin giriş-çıxış avtomobil yollarına asfalt-beton örtük salınıb və burada avtomobil dayanacağı yaradılıb.
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların artan müraciətləri nəzərə alınaraq, ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da yeni müasir korpusun tikilərək sahibkarların istifadəsinə verilməsi zərurəti yaranıb. Bu məqsədlə hazırlanmış layihəyə uyğun olaraq, cari ilin əvvəlində “Cahan” Ticarət Kompleksinin ərazisində ayrı-ayrı bölmələrin fəaliyyət göstərəcəyi kənd təsərrüfatı mallarının satışı bazarında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Yeni korpusda dəmir konstruksiya və hörgü işləri vaxtında başa çatdırılıb, dam örtüyü vurulub. Mövcud su, kanalizasiya, elektrik və qaz xətləri yenilənib, müasir işıqlandırma sistemi qurulub. Həmçinin ət və ət məhsullarının satışı üçün ayrı-ayrı mağazalar tikilib, təyinatına uyğun fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Hazırda ticarət kompleksinin kənd təsərrüfatı məhsullarının satışı bazarında son tamamlama işləri görülür. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan bazarda fiziki şəxslər kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olacaqlar. Burada ilboyu satılan məhsullarla yanaşı, mövsümlə əlaqədar artan tələbat da nəzərə alınıb, həmin məhsulların ticarət kompleksində rahat şəkildə satılması üçün lazımi şərait yaradılıb.
Xəbərlər şöbəsi