“Naxçıvan” Universiteti üçün 7 binadan və yardımçı tikililərdən ibarət möhtəşəm universitet şəhərciyi salınıb. Arxitektura baxımından mükəmməl tikilmiş tədris korpusları yüksək zövqlə dizayn edilib. Yeni universitet şəhərciyi tələbələrin daha müasir şəraitdə təhsil almalarına geniş imkanlar açacaq.
Hazırda ali təhsil ocağında 2000-2500 tələbənin təhsil ala biləcəyi tədris bazası yaradılıb. Həmçinin üçmərtəbəli sosial mərkəz binasında son tamamlama işləri aparılır. 314 nəfərlik yataqxana binası isə istifadəyə hazırdır.
Müasir universitet şəhərciyinə sahib olan ali təhsil ocağının beynəlxalq əlaqələrinin daha da inkişafı üçün də geniş zəmin yaradılıb. Belə ki, Türkiyənin Muş “Alparslan”, Kastamonu, Uşak, Nevşehir, Yaxın Doğu, Fırat, Bitlis Eren, Ordu, Kırıkkale universitetləri ilə tələbə-müəllim mübadiləsinə dair protokollar imzalanıb. Bundan başqa, Rumıniyanın “Spiru hayet”, Çexiyanın “Palacky” və Latviyanın Beynəlxalq Baltik Akademiyası ilə əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, “Naxçıvan” Universitetinin əməkdaşlıq etdiyi xarici ölkələrdəki ali təhsil müəssisələrinin sayı 18-ə çatıb. Naxçıvana gələn xarici ölkələrin akademik heyətləri də ali təhsil ocağının maddi-texniki bazasının, kadr potensialının kifayət qədər yüksək səviyyədə formalaşdırıldığını vurğulayırlar. 2014-cü ildə universitetə 253 tələbə qəbul olunub. Bunlardan 210-u muxtar respublika məktəblərinin məzunları, 43-ü isə Azərbaycanın digər bölgələrindən olanlardır. Hazırda universitetdə 971 tələbə, 1 magistrant təhsil alır.
Xəbərlər şöbəsi