Ucqar dağ və sərhəd kəndlərinə daha çox pay düşəcək
“Təhsil millətin gələcəyidir”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət muxtar respublikamızda uğurla həyata keçirilir. Hər il təhsil ocaqları üçün müasir tələblərə cavab verən yeni binalar tikilir, onların maddi-texniki bazası gücləndirilir, məktəblər elektron lövhələr, kompyuterlərlə təchiz olunur. Bu da regionumuzda təhsilin səviyyəsinin yüksəldilməsinə, intellektli məzunların yetişdirilməsinə şərait yaradır. Bu cəhətdən ötən ili də uğurlu saymaq olar.
Bəhs olunan dövrdə Şərur rayonunun Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414 şagird yerlik, Dərəkənddə 216 şagird yerlik, Babək rayonunun Kərimbəyli kəndində 396 şagird yerlik, Ordubad rayonunun Behrud və Parağa kəndlərinin hər birində 110 şagird yerlik, Culfa rayonunun Ləkətağ kəndində 144 şagird yerlik, Kəngərli rayonunun Çalxanqala kəndində 378 şagird yerlik, Şahbuz rayonunun Ağbulaq kəndində 216 şagird yerlik məktəb binaları tikilərək istifadəyə verilmişdir.
Yeni tikilən binalarla yanaşı, mövcud binaların yenidən qurulması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Naxçıvan şəhərində 936 şagird yerlik 17 nömrəli, Babək rayonunun Nehrəm kəndində 900 şagird yerlik 1 nömrəli, Culfa rayonunun Yaycı kəndində 774 şagird yerlik 1 nömrəli tam orta məktəblərin, 608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin, Şərur rayonunun Qarxun kəndində 504 şagird yerlik, Qorçulu kəndində 198 şagird yerlik, Ordubad rayonunun Yuxarı Əylis kəndində 252 şagird yerlik, Şahbuz rayonunun Biçənək kəndində 252 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Ordubad rayonunun Çənnəb kəndində 198 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri, Heydər Əliyev adına Hərbi Lisey Kompleksinin, Babək rayonunun Şəkərabad və Hacıvar, Culfa rayonunun Boyəhməd kəndlərində məktəb binalarının təmiri həyata keçirilmiş, həmin təhsil ocaqlarında hərtərəfli şərait yaradılmışdır. Bir neçə gün əvvəl isə Naxçıvan şəhərindəki 10 nömrəli tam orta məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Hazırda Culfa rayonunun Teyvaz kəndində məktəb binasının tikintisi davam etdirilir.
Qeyd edək ki, cari ildə də təhsil ocaqları üçün binaların tikintisi və mövcud binaların yenidən qurulması davam etdiriləcək. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı təkliflər sorğusu elan etmişdir. Aldığımız məlumata görə, 4 təhsil ocağı binasının – Ordubad rayonunun Sabirkənd, Kəngərli rayonunun Xok, Culfa rayonunun Kırna kəndlərindəki məktəb binaları və Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin binası yenidən qurularaq istifadəyə veriləcək. Yeddi məktəb üçün isə yeni binalar tikiləcək. Belə ki, Şərur rayonunun Dəmirçi kəndində 630, Sərxanlı kəndində 216, Şahbulaqda və Şahbuz rayonunun Qızıl Qışlaq kəndində 110, Kükü kəndində 198, Ordubad rayonunun Ələhi və Nəsirvaz kəndlərində hər biri 88 şagird yerlik yeni məktəb binaları inşa olunacaq.
Onu da qeyd edək ki, cari ildə də həyata vəsiqə alacaq təhsil ocaqları binalarının böyük əksəriyyəti ucqar dağ və sərhəd kəndlərinin payına düşüb.
Muxtar MƏMMƏDOV