Avtomobil istehsalı iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. Ölkəmizdə sosial-iqtisadi sahənin yüksələn xətt üzrə inkişafı əhalinin yeni avtomobillərə olan tələbatını da artırır. Muxtar respublikada 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodu da istehsal imkanlarını artırmaqla bu tələbatı ödəməyə çalışır.
İllik istehsal gücü 5 min ədəd avtomobil olan zavodda hazırda 9 modeldə avtomobil (xetçbektipli “NAZ-Lifan-320” və “NAZ-Lifan-330”, sedantipli “NAZ-Lifan-620”, “NAZ-Lifan-630” və “NAZ-Lifan-720”, krossovertipli “NAZ-Lifan X-60”, yük-bortlu “NAZ-Lifan LF-1022”, yük-furqonlu “NAZ-Lifan LF-5028” və mikroavtobus (1+6 nəfər) “NAZ-Lifan LF-6401”) istehsal olunur. Yaxın zamanlarda isə sedantipli “NAZ-Lifan-820” və krossovertipli “NAZ-Lifan X-50” modellərinin istehsalına başlanacaq.
“NAZ-Lifan-820” modeli əvvəlki sinfindən fərqli olaraq, arxa hissə ilə bərabər, həm də ön park-radar sistemi, mühərriki işə salmaq üçün start-stop düyməsi, ön oturacaqların qızdırılması və təhlükəsizlik yastıqlarının sayının çox olması ilə (4 ədəd) seçilir. Krossovertipli “NAZ-Lifan X-50” modeli isə “NAZ-Lifan X-60” modelindən fərqli olaraq daha az yanacaq sərfinə və elektronik sükan idarəetməsinə malikdir. Avtomobillərin qiymətləri modeldən və komplektasiyadan asılı olaraq, 7500 manatdan 15900 manatadək dəyişir. Alıcılara nağd pulla və köçürmə yolu ilə təklif edilən bu avtomobilləri Naxçıvan Muxtar Respublikasının sakinləri qiymətinə əlavə faiz hesablanmadan dəyəri hissə-hissə ödənilməklə də əldə edə bilərlər.
Qeyd edək ki, avtomobillər əldə olunmuş razılığa əsasən, cari ildən Belarus Respublikasına ixrac olunacaq.
Xəbərlər şöbəsi