22 Dekabr 2024, Bazar

Baramaçılıq iqtisadi cəhətdən gəlirli sahədir

    İpəkçilik kənd təsərrüfatının ən qədim sahələrindən biri olub, təbii ipək almaq üçün ipəkqurdunun yetişdirilməsi, ipəyin istehsal prosesi, yem bazası olan tut ağacı plantasiyaları salınması və ona qulluq edilməsindən, barama toxumunun istehsalından, toxumun inkubasiyasından, ipək qurdlarının bəslənməsindən ibarətdir.
    Bu sahənin məqsədi xam ipək əldə etmək üçün ipəksarıyanları yetişdirib onlardan barama almaqdır. Təbii ipək özünün möhkəmliyi, istiyə davamlılığı, elastikliyi və yüksək elektro­izolyasiya xüsusiyyətlərinə görə elektrotexnika və radiotexnikada, foto və kinematoqrafiyada, aviasiya və təbabətdə geniş istifadə olunur. Gigiyenikliyinə, yüngüllüyünə, zərifliyinə və gözəlliyinə görə isə o ən yaxşı toxuculuq materiallarından biridir.
    Bir xammal kimi ipəkqurdu toxum şəklində əvvəl Orta Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilmişdir. Tarixi qaynaqlarda və məxəzlərdə göstərilir ki, ölkəmizdə ipəkçilik V-VI əsrlərdə yayılmışdır. Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən əksər bölgələrimizdə də inkişaf etdirilmişdir. Bəzi ədəbiyyat mənbələrində Zaqafqaziya və eləcə də Azərbaycanda ipəkçiliyin yayılması tarixi VI-VII əsrlər göstərilir. Lakin V.A.Çıraqzadənin (1988) araşdırmalarından məlum olur ki, artıq eramızın III-IV əsrlərində Azərbaycanda ipəkçilik geniş yayılmış təsərrüfat sahələrindən olmuşdur.
    XIV-XV əsrlərdən XIX əsrin əvvəllərinə qədər ipək ticarətinin və ipək xammalının əsas mərkəzi Şamaxı hesab olunmuşdur. Ölkədə ipəkçiliyin inkişafı XIII-XV əsrlərdə də davam edir. Beləliklə də, ipəkçilik əhalinin məşğuliyyət sahəsi olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilir. Həmin dövrdən etibarən Naxçıvan, Bərdə, Şirvan, Şəki barama və ipək sapı istehsal edən bölgələrə, Şamaxı, Gəncə və Təbriz şəhərləri isə ipək parça toxunan mərkəzlərə çevrilir. XVI əsrin ikinci yarısından etibarən Ordubad və Culfa şəhərləri də böyük ipək ticarəti mərkəzi kimi tanınmışlar.

    Azərbaycanda hazırlanan əla keyfiyyətli ipək parçalar ölkəyə gələn tacir və səyyahların nəzərini cəlb etmişdir. Hətta bəzi mənbələrdən ipək almaq üçün buraya Genuya və Venesiya tacirlərinin gəldiklərini də oxuyuruq. Xammalın böyük bir qismi İtaliya, Fransa, Rusiya, Türkiyə, İran kimi ölkələrdə satılmışdır.
    XIX əsrə qədər ipəkçilik və xam ipək tədarükü Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tuturdu. Burada tədarük olunan xam ipəyin, təxminən, 80 faizi xarici ölkələrə satışa göndərilirdi. Azərbaycanın xam ipəyi Rusiyanın manufaktura sənayesi üçün böyük əhəmiyyətə malik idi.
    XIX əsrin əvvəllərindən etibarən Rusiyada toxuculuq sənayesinin inkişafı Azərbaycanda baramaçılığın genişlənməsinə təkan verir.
     XX əsrin əvvəllərində ipək məhsuldarlığı olduqca aşağı idi. Belə ki, hər bir qutu toxumdan (qrenadan) 18-24 kq barama əldə edilməsi yüksək məhsul hesab edilirdi. 1921-ci ildən etibarən Azərbaycanda (Şəkidə, Zaqatalada, Ağdaşda, Naxçıvanda və sair) qrena hazırlayan zavodların tikilməsinə başlanılmışdır. XX əsrin 40-cı illərində Cənubi Qafqazda istehsal olunan 34 min pud (544 ton) ipəyin 29 min pudu (464 ton) Azərbaycanın payına düşürdü. XX əsrin 70-ci illərində ölkədə yaranmış əlverişli şərait, Azərbaycan ipəkçilərinin zəngin bilik və təcrübəsi, ipəkçiliyin ölkənin iqtisadiyyatındakı mühüm rolu onun daha da inkişafına təkan vermişdir. Azərbaycanda ipəkçiliyin inkişafı üçün əsas amil tut bağlarının salınması, becərilməsi və bu sahənin genişləndirilməsi olmuşdur. Tut ağaclarının çoxalması üçün bir neçə üsuldan istifadə edilmişdir (qələm və göz calağı və sair). Lakin bağbanlar toxum vasitəsilə, şitil etmək yolu ilə çoxaltmaya daha çox üstünlük vermişlər. Çünki toxumla ərsəyə gətirilən ağaclar gövdəli, qollu-budaqlı olmaqla, daha uzun müddət məhsul (yarpaq) verir.
    İpəkqurdunun bəslənməsində qadın əməyinin rolu əsas və həlledici olmuşdur. Qurdun oyadılmasından başlamış onun sarımasına və yığımına qədər olan bütün dövrdə, əsasən,      qadınlar məşğul olmuşlar.
    Yarpağın qırılması və daşınmasında kişi əməyindən istifadə edilmişdir. Qurd üçün gündə iki dəfə – səhər və axşamçağı yarpaq qırılması lazım gəlir. Barama istehsalı ilə ipək emalı sənayesi bir-biri ilə sıx surətdə bağlıdır. Həmin sahələrin hər hansı birində baş verən bu və ya digər dəyişiklik dərhal o birində də özünü göstərir.
    Aparılan təhlillər zamanı məlum olmuşdur ki, 1920-ci ildən başlayaraq Azərbaycanda barama istehsalı, müharibə illəri istisna olmaqla, ilbəil artmışdır. Belə ki, həmin ildə 262 ton, 1930-cu ildə 2 min ton, 1940-cı ildə 2,4 min ton, 1950-ci ildə 2,6 min ton, 1960-cı ildə 3,1 min ton, 1970-ci ildə 3,7 min ton, 1975-ci ildə 4,4 min ton, 1978-ci ildə 4,7 min ton, 1979-cu ildə 4,8 min ton, 1980-ci ildə 5 min ton, 1982-ci ildə 5,3 min ton yaş barama yetişdirilmişdir. Azərbaycanda barama istehsalının ilbəil artmasının əsas səbəbi bu sahədə çalışan alim və mütəxəssislərin yeni məhsuldar tut (çəkil) sortları yaratması və çoxaldılaraq respublikamızın regionlarında əkinlərinin genişləndirilməsi olmuşdur. Bir kiloqram yarpaqdan ipək çıxımı ilə fərqlənən xanlar tut, firudin tut, əmin tut, sıxgöz tut, zərif tut və cır tut sortlarından muxtar respublikamızda da əkilmiş və yüksək barama məhsulu əldə edilmişdir. 1990-cı ildə muxtar respublika üzrə sistemli tut bağlarının əkin sahəsi 762 hektar təşkil edirdi. Həmin bağlardan hər il yüksəkkeyfiyyətli yarpaq toplanaraq barama qurdları yemləndirilirdi.
    1990-cı illərin qış aylarında şaxtadan qorunmaq məqsədilə insanlar tərəfindən tut və digər meyvə ağacları kütləvi şəkildə kəsilərək yandırılmış, beləliklə, tut bağları sıradan çıxmışdır. Aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, muxtar respublikada yaş barama istehsalı 1970-ci ildə 72,6 ton, 1975-ci ildə 87,6 ton, 1980-ci ildə 122 ton, 1983-cü ildə 137 ton, 1990-cı ildə 89 ton, 1993-cü ildə isə azalaraq 22,7 ton olmuşdur. İstehsal edilən yaş barama məhsulu o dövrdə mərkəzləşdirilmiş qaydada satışa çıxarılırdı. Məhsul satışından baramaçılar xeyli gəlir əldə edirdilər.
    Qədim tarixə malik Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşməsi baramaçılıq və ipəkçiliyin ölkə iqtisadiyyatında bütün dövrlərdə böyük rol oynamasına səbəb olmuşdur.
    “2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda baramaçılığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Son illər muxtar respublikanın kənd və qəsəbələrində, yol kənarlarında tut ağaclarının əkin sahəsi xeyli genişləndirilmişdir ki, bu da baramaçılığın inkişaf etdirilməsinə zəmin yaradır.

Ədalət HÜSEYNOV
 Naxçıvan Muxtar Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR