22 Dekabr 2024, Bazar

Bu ənənələri qorumaqla aqrar sektorda daha yüksək nəticələr qazanmaq olar

    2015-ci ilin muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilməsi səbəbsiz deyil. Onunla bağlıdır ki, region sakinlərinin ərzaq məhsullarına olan tələbatının maksimum yerli istehsal hesabına ödənilməsi təmin edilsin, sənayenin inkişafı üçün güclü xammal bazası sayılan kənd təsərrüfatının elmi əsaslarla inkişafına nail olunsun. Bu məqsədlə də 2015-ci ildə bütün qüvvələrin səfərbərliyə alınması, əməli tədbirlərin daha geniş miqyasda reallaşdırılması nəzərdə tutulub.
    Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə aid təşkilatlara  2015-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlar verilib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “2015-ci il “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Əhalinin ərzaq məhsulları ilə təmin olunması, emal müəssisələrinin xammal təchizatındakı rolu, eləcə də əhalinin əksər hissəsinin kənd­lərdə məskunlaşması və aqrar sektorda çalışması nəzərə alınaraq kənd təsərrüfatının inkişafı hər zaman diqqət mərkəzində saxlanılıb. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Bununla yanaşı, müvafiq qurumlar da kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün məhsul istehsalçılarına yaxından köməklik göstərməli və mütəxəssis məsləhətləri verməlidirlər. Əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil etməlidirlər”.

Qeyd edək ki, bu tövsiyənin verilməsi həm də tarixən muxtar respublikada formalaşdırılmış güclü təsərrüfatçılıq ənənələri ilə bağlıdır. Ona görə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi heç də çətin deyil. Qalır elmi texnologiyaları tətbiq etməklə həmin ənənələri tama­milə bərpa etmək məsələsi. Bunun üçün muxtar respublikamızda torpağın dilini bilən kifayət qədər təcrübəli təsərrüfatçılar da var.
    Onların bir neçəsi ilə həmsöhbət olduq. Babək rayonunun Nehrəm bələdiyyəsinin sədri, uzun illər bu kənddəki təsərrüfatda aqronom və təsərrüfat rəhbəri işləmiş Tofiq Abutalıbov bildirdi ki, Naxçıvan Muxtar Respublikasının dağlıq, dağ­ətəyi və düzənlik ərazilərində kənd təsərrüfatı bitkiləri, əsasən, spesifik torpaq-iqlim şəraiti və su ehtiyatlarının olması nəzərə alınaraq əkilir. Məsələn, meyvə və üzüm bağları nisbətən az su tələb etdiyindən su təminatı az olan torpaq sahələrində salınıb, bostan-tərəvəz və kartof məhsullarının düzənlik, dağətəyi və dağlıq zonalarda əkilməsi məsləhət görülüb.
    Muxtar respublikanın ən böyük bölgələri olan Şərur və Babək rayonlarında, əsasən, dənli bitkilər üstünlük təşkil edib, həmin rayonlarda payızlıq taxıl əkininə ciddi önəm verilib.
    Culfa rayonunun Kırna, Xoşkeşin, Əbrəqunus, Saltaq kəndlərində suya yaxın sahələr kiçik olduğundan həmin sahələrdə yalnız meyvə və üzüm bağları salınır, bu kənd­lərdə mövüc və kişmiş istehsalı üçün yararlı olan üzüm sortları əkilirdi. Kəngərli rayonunun Çalxanqala kəndinin dağlıq hissəsində də vaxtilə üzüm bağları üstünlük təşkil edirdi. Burada “mələyi” üzüm sortu əkilmiş üzüm bağları yüksək məhsul verməklə yanaşı, həmin üzümlüklər qışda basdırılmırdı. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı muxtar respublikada qəbul edilmiş dövlət proqramı həmin sahələrin elmi əsaslarla inkişaf etdirilməsində başlıca stimul olub. Ona görə də həmin ünvanlarda və iqlim-torpaq şəraiti imkan verən bir sıra ərazilərdə meyvə bağları və üzümlüklər salınır, tərəvəz əkinlərinin sahələri genişləndirilir.
    Babək rayonunun Nehrəm kəndinin “Pircüvar” adlanan ərazisində, əsasən, bostan-tərəvəz bitkiləri əkilib və yüksək məhsul verib. Həmin sahələrin torpaqları qumsal olduğundan bu torpaqlarda əkilən bostan sahələrinin məhsulu keyfiyyətli olmaqla xəstəlik və zərərvericilərə daha davamlı olur. Kəndin “Qaraçimən” adlanan sahələrinin torpaqları gilli torpaqlar olduğundan həmin sahələrdə bostan məhsulları tez xəstəliyə tutulur və məhsul vermir. Ona görə də bu torpaqlarda, əsasən, taxıl və yem bitkiləri əkilir.
    Ordubad, Culfa və Şahbuz rayonları həm də dağlıq zonaya daxildirlər. Həmin bölgələrin dağlıq hissələri dəmyə əkinçilik üçün əlverişli zonadır. Culfa rayonunun Xanəgah, Şurud kəndlərinin dəmyə sahələrində, “Məmməd düzü”, “Yarpaqlı” adlanan sahələrində 1970-1980-ci illərdə dəmyə əkini olaraq yerli xaşa olan çoxillik ot əkilərdi və yüksək məhsul əldə olunardı. Şahbuz rayon sakini, aqronom-fenoloq Qaşdar Əliyev:
    – Muxtar respublikada tarixən formalaşmış təsərrüfatçılıq ənənələrindən söz düşəndə keçən əsrin 70-ci illərinin əvvəllərini xatırlayıram. Doğulub boya-başa çatdığım Şahbuz rayonunda 31 min hektar sahədə dənli bitkilər: yazlıq, payızlıq arpa, buğda, çovdar, darı, gülül, noxud, vələmir, zəyərək, küncüd, mərcimək bitkiləri əkilir, məhsul yığımı qar düşənədək davam edirdi. Muxtar respublikanın əksər dağlıq və dağ­ətəyi zonalarında olduğu kimi, Şahbuzda da əkin sahələrini suvarmaq üçün əllə çıxarılan qədim su arxlarından istifadə olunurdu. Belə zonalarda xaşa bitkisinin əkilib-becərilməsi daha çox fayda verirdi. 1968-ci ildə xaşa əkinləri cəmi 8-12 hektar təşkil edirdisə, artıq 1982-ci ildə xaşa əkini sahələri 2700 hektara çatdırılmışdı. Bu məhsulun əkilib-becərilməsi Ordubad və Culfa rayonlarına da yayılmışdı.
    Aran torpaqlarımızda vaxtilə pambıq, tütün kimi texniki bitkilərin əkilib-becərilməsində də yüksək göstəricilər qazanılıb. Məsələn, 1957-ci ildə Şərur respublikada ən iri pambıqçılıq rayonlarını üstələyərək birinci yerə çıxmışdı. Özbəkistandan gətirilən “F-108 Fərqanə” pambıq sortu sahələrdə yüksək məhsul götürməyə imkan verirdi. Eyni sözləri tütünçülüyə də aid etmək olar. Türkiyənin Samsun və Trabzon şəhərlərinin ixtisaslaşmış təsərrüfatlarından alınmış toxum öz bəhrəsini vermiş, məhsul istehsalı min tonları keçmişdi. Olduqca gəlirli olan tütün bitkisi fermentasiya olunandan sonra onun yarpaqları müxtəlif müəssisələrə göndərilirdi. Ona görə də Naxçıvanda tütün fermentasiya zavodu  yaradılmışdı. Daha bir məhsuldar sahə olan üzümçülük sovet dönəmində ən gəlirli sahələrdən biri idi. Səksəninci illərin əvvəllərində muxtar respublikada üzüm istehsalı 148 min ton olmuşdu.
    Bu gün meyvəçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət  pro­qramı meyvəçiliklə məşğul olanların qarşısında geniş üfüqlər açıb, pro­qramın qəbulundan ötən dövr ərzində xeyli uğurlara nail olunub, muxtar respublikanın, demək olar ki, bütün bölgələrində unudulmuş sortlardan ibarət bağlar salınıb və salınmaqdadır. Baramaçılığın da bərpası öz həllini gözləyən məsələlərdəndir.
    Naxçıvan Muxtar Respubli­ka­sı Kənd Təsərrüfatı Nazirliyi­nin əməkdaşı Əsgər Həsənovun dediklərindən:
    – Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış torpaq islahatı nəticəsində 42043 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 70763 ailənin mülkiyyətinə verilib. Kənd təsərrüfatının inkişafına dövlətin hərtərəfli qayğısı mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə əlverişli şərait yaradıb. Əhalinin ekoloji cəhətdən təmiz, yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi və istehsal müəssisələrinin xammala olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi getdikcə artır. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün, hər şeydən əvvəl, torpaq fondundan səmərəli və məqsədəuyğun istifadə etməklə yanaşı, illər boyu əldə edilmiş və özünü doğrultmuş üsullardan, daha dəqiq desək, təsərrüfatçılıq ənənələrindən bəhrələnmək lazımdır.
    İşimizlə əlaqədar olaraq tez-tez muxtar respublikanın kənd yaşayış məntəqələrində olur, torpaq mülkiyyətçiləri ilə görüşürük. Onlar arasında illər boyu əldə olunmuş təsərrüfatçılıq ənənələrindən istifadə edənlər çoxdur. Belələri növbəli əkin sistemindən istifadəyə üstünlük verir, əkin sahəsində torpağın tərkibinə görə hansı məhsulların əkilib-becərilməsini diqqətdə saxlayırlar. Bu həmçinin əkin sahələrinin sudan istifadəsində də özünü göstərir. Muxtar respublikada yaranmaqda olan yeni təsərrüfatçılıq ənənələri də var. Yaxşı haldır ki, sahibkarlar, torpaq mülkiyyətçiləri bu ənənələrə də üstünlük verirlər. Məsələn, taxılçılıqla məşğul olanlar artıq şırım üsulundan istifadənin səmərəsini görüblər. Odur ki, bu üsuldan istifadə edənlərin sayı getdikcə artır. Daha bir yeni ənənə ondan ibarətdir ki, muxtar respublikanın bəzi aran ərazilərində eyni məhsul ildə iki dəfə əkilib-becərilir və yüksək qazanc gətirir. Ordubad rayonunda tərəvəzçilikdə, Şərur rayonunda kartofçuluqda bu üsul bir neçə ildir, tətbiq olunur.

    İnanırıq ki, mövcud şərait və imkanlardan, göstərilən dövlət qayğısından, qədim və yeni yaradılmış təsərrüfatçılıq ənənələrindən istifadə etməklə torpaq mülkiyyətçiləri və sahibkarlar “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ili uğurla başa vuracaqlar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR