Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi “Kənd təsərrüfatı ili”nə öz töhfələrini verməyə çalışır. Bu səbəbdən də komitədə qarşıdan gələn suvarma mövsümünə hazırlıq işləri görülür, hidrotexniki qurğular saz vəziyyətə gətirilir.
Sahələrin suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi gələcəyin bol məhsulu üçün ən mühüm amillərdəndir. Ona görə də rayon Suvarma Sistemləri idarələri suvarma şəbəkələrinin mövcud vəziyyətinə nəzarəti gücləndirir və yeni xətlərin çəkilişini davam etdirir. Fevral ayında 34,2 kilometr kanal, 42,3 kilometr ara arxları, 5,3 kilometr kollektor lildən təmizlənmiş, 120 metr suvarma və 1,7 kilometr uzunluğunda təzyiqli boru xətləri təmir olunmuş, 1,9 kilometr yeni suvarma xətti çəkilmişdir. Həmçinin Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində 47,5 kilometr suvarma xətti, 11,5 kilometr drenaj xətti çəkilmişdir. Hazırda ərazidə işlər davam etdirilir.
Muxtar respublikada aparılan meliorativ tədbirlərlə yanaşı, mövcud su resurslarından istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Komitənin kollektivi bu səpkidə işləri fevral ayında da uğurla yerinə yetirmiş, bu müddət ərzində muxtar respublikada 11,5 kilometr içməli su xətti təmir olunmuş, 2,5 kilometr yeni içməli su xətti çəkilmişdir. Bundan başqa, 450 metr yeni kaptaj tikilmiş, 330 metr kaptaj isə təmir olunmuşdur. Naxçıvan şəhərindəki çirkab sutəmizləyici qurğunun tikintisi də davam etdirilmişdir. Ötən ay yeni kanalizasiya şəbəkəsinin qurulması istiqamətində Naxçıvan şəhərində 290 metr kanalizasiya xətti çəkilmiş, 199 ev birləşməsi aparılmışdır. Bu istiqamətdə işlər rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kəndlərdə də həyata keçirilmişdir.
Fevral ayında 6 kəhrizdə təmir işləri davam etdirilmiş, Araz çayında 800 metr, ümumilikdə, muxtar respublikanın yaşayış məntəqələrinə və əkin sahələrinə yaxın çay və selovlarda 2,7 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır. Nasos stansiyaları da istismara hazır vəziyyətə gətirilmiş, sıradan çıxmış avadanlıqlar yenisi ilə əvəz edilmişdir. Həmçinin ötən ay 38 subartezian quyusu təmir olunmuş, 2 subartezian quyusu isə bərpa edilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi bundan sonra da öz fəaliyyətini qarşıya qoyulan vəzifələrin icrası istiqamətində quracaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin
mətbuat xidməti