Yeniliklər göz oxşayır
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2014-cü il ölkəmizin, eləcə də muxtar respublikamızın tarixində çox mühüm iqtisadi nailiyyətlərlə yadda qaldı. Respublikamızda ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2014-cü ildə Şərur rayonunda da iqtisadiyyatın bütün sahələrinin inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib.
Bu gün Şərur gözəldir, səliqə-sahmanlıdır. Naxçıvan-Sədərək magistralından, Düdəngə kəndi istiqamətindən Şərur şəhərinə daxil olarkən ulu öndərin adını daşıyan prospekt başlayır. Prospekt əsaslı şəkildə yenidən qurulub. Yolboyu müasir işıqlandırma sistemi, yeni binalar, müxtəlif obyektlər, səkilər, dekorativ ağaclar yolun hər iki tərəfində diqqəti cəlb edir.
Şəhərin mərkəzinə doğru hərəkət etdikcə hər addımda bir yenilik görürsən. Heydər Parkı Şərur şəhərinin ən gözəl ünvanlarından biridir. Burada gənclərin, şəhər əhalisinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Şəhərdəki digər parklar, xiyabanlar, küçələr, yollar da abadlaşdırılıb.
Şərur vidalaşdığımız 2014-cü ildə daha da inkişaf edib, gözəlləşib. Şərur şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Şərur Rayonlararası Müayinə Mərkəzi, Şərur Rayon Texniki-Peşə və Sürücülük Məktəbi üçün yeni binalar tikilib, şəhərdə əl topu oyunları idman meydançası, “Naxçıvanbank” ASC Şərur rayon filialının, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və rayon Məşğulluq Mərkəzinin yerləşdiyi inzibati binalar və üç yaşayış binası əsaslı təmir olunub. Tikinti-quruculuq işləri bununla məhdudlaşmır. Dizə, Püsyan kəndlərində kənd mərkəzləri, həkim ambulatoriyaları, xidmət mərkəzləri inşa olunub, məktəb binaları yenidən qurulub. Diyadin kəndində kənd mərkəzi, məktəb binası, xidmət mərkəzi tikilib, Axura kəndində həkim ambulatoriyası, məktəb binası, kənd mərkəzi əsaslı təmir edilib. Sosial qayğıya ehtiyacı olan ailələr üçün Çomaxtur kəndində iki, Axura kəndində isə bir yaşayış evi inşa olunub.
2014-cü ildə “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları işə salınıb, Çomaxtur kəndində meyvə-tərəvəzin qurudulması sahəsi, Şərur şəhərində, Mahmudkənd, Muğanlı və Kərimbəyli kəndlərinin hər birində bir quşçuluq təsərrüfatı, Qarxun kəndində istixana kompleksi, Zeyvə kəndində qarışıq qüvvəli yem istehsalı sahəsi, Diyadin, Dizə, Axura, Danyeri və Çərçiboğan kəndlərinin hər birində bir heyvandarlıq təsərrüfatları yaradılıb.
Bundan başqa, Axura, Püsyan, Dizə kəndlərində avtomobil yollarına asfalt örtüyün salınması, Püsyan-Xanlıqlar avtomobil yolunun genişləndirilməsi başa çatdırılıb. Hazırda Cəlilkənddə Cəlil Məmmədquluzadənin xatirə muzeyinin tikintisi, tarixi Buzxana abidəsinin bərpası, məktəb binasının, mədəniyyət evinin, xidmət mərkəzinin, həkim ambulatoriyasının, kənd mərkəzinin yenidən qurulması, məscidin təmiri, rayonda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin, Şərur şəhərində aviakassa binasının tikintisi, rayonda içməli su və kanalizasiya xətlərinin çəkilişi, Araz çayı boyunca sahilbərkitmə işləri, Aralıq kəndində un dəyirmanının inşası, Dəmirçı kəndində içməli su xəttinin çəkilişi və digər quruculuq tədbirləri davam etdirilir. Həyata keçirilən bütün layihələr bir məqsədə xidmət edir: şərurluların yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, bölgənin, muxtar respublikanın və nəticə etibarilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
İqtisadiyyat güclənir, güzəran yaxşılaşır
Rayonda bütün sahələrdə yüksəliş, tərəqqi var. 2014-cü ilin uğurları da göz qabağındadır.
Sənayenin inkişafı baxımından 2014-cü il rayon üçün əlamətdar olub. Ötən il rayon üzrə 85 milyon 827,5 min manatlıq, yaxud 2013-cü illə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilib.
Kənd təsərrüfatı aparıcı sahə kimi Şərur iqtisadiyyatının əsasını təşkil edir. 2014-cü ildə rayon üzrə 113 milyon 34,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2013-cü ilin göstəricisini 6 faiz üstələyib.
Keçən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 72 milyon 605,4 min manat investisiya yönəldilib, tikinti-quraşdırma işlərinin həcmi 67 milyon 241,1 min manat təşkil edib.
2014-cü ildə 825 iş yeri açılıb; onun 812-si daimi iş yerləridir. Ümumiyyətlə, 2009-cu ildən bəri rayon üzrə 3387 iş yeri yaradılıb.
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının həcmi 4 faiz artaraq 372,7 manat olub.
Aqrar sahə: yüksək zirvələrə doğru
Şərur kənd təsərrüfatı rayonudur. Təsadüfi deyil ki, iqtisadiyyatın əsasını təşkil edən aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Ötən il 9 min 184,1 hektar sahədə taxıl əkilib-becərilib. Çəkilən zəhmət, alın təri, təbii ki, hədər getmədi. Səxavətli torpaq sinəsinə səpilən toxumu birə-min edib əkinçiyə qaytardı. Taxıl zəmilərindən 22 min 761 tonu buğda, 5 min 488 tonu arpa olmaqla, 28 min 249 ton məhsul götürüldü. Məhsuldarlıq orta hesabla 30,8 sentner təşkil etdi ki, bu da yüksək göstəricidir. Bu nəticələrə nail olunmasında taxılçılara dövlət yardımlarının edilməsi mühüm rol oynayır. 2014-cü ildə torpaq mülkiyyətçilərinə buğda istehsalının stimullaşdırılması məqsədilə 297 min manat məbləğində pul, 1049 ton pulsuz mineral gübrə verilib. Taxılçılar 2015-ci ilin bol məhsulunun əsasını qoymaq üçün ötən ilin payızında 7 min 429 hektar sahədə taxıl əkini keçiriblər. Səpin zamanı şırım üsuluna üstünlük verilib.
489 hektar paxlalı sahələrindən 1540 ton məhsul götürülüb, tərəvəzçilikdə məhsuldarlıq 115,8 sentner olub. Belə ki, torpaq mülkiyyətçiləri tərəvəz üçün ayırdıqları 1569 hektar sahədən 19 min 597 ton məhsul tədarük ediblər. Kartofçuluqda məhsuldarlıq 133 sentnerə çatdırılaraq 752 hektardan 10 min 2 ton məhsul yığılıb. Bostan məhsulları istehsalında da göstərici yüksək olub: 471 hektar sahədə 5 min 266 ton məhsul yetişdirilib. Şərur həm də dadlı meyvə və üzüm məhsulları istehsal edən bölgədir. Ötən il bağlardan 16 min 218 ton meyvə, 1318 ton üzüm dərilib.
Əhaliyə xidmətin səviyyəsi necədir?
Şərur rayonunda əhalinin elektrik enerjisi, qaz və su təminatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Rayon əhalisinin, eləcə də sosial obyektlərin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Belə ki, enerji itkisinin qarşısının alınması məqsədilə bölgədə müxtəlif gücə malik 8 yeni transformator yarımstansiyası quraşdırılıb, 76 transformator əsaslı, 220 transformator cari təmir olunub.
Yaşayış yerlərinin qazlaşdırılması, əhalinin təbii qaza olan ehtiyacının davamlı və keyfiyyətli şəkildə ödənilməsi dövlət tərəfindən qarşıya qoyulan prioritet məsələlərdəndir. Bununla əlaqədar rayonda keçən il 16 min 851 paqonometr yeni qaz xətti çəkilib, 11 min 894 paqonometr qaz xəttinin yeri dəyişdirilib, 279 abonentə yeni qaz xətti çəkilib. Rayonun bütün yaşayış məntəqələri təbii qazdan istifadə edir və abonentlərin sayı 17 mini ötüb.
Əhalinin içməli su ilə təmin olunması qayğısına da qalınıb, nasos stansiyalarının, subartezianların istismarına ciddi nəzarət olunur. Aralıq kəndində hərəsi 4 min kubmetr su tutan 2 anbar fəaliyyət göstərir və bu anbarlar rayonun 17 kəndinin əhalisini içməli su ilə təmin edir.
Rabitə xidmətinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülüb. Kürkənddə 384, Cəlilkənddə 160, Diyadində 96, Dizədə 208 nömrə tutumlu “Karel DS 200” tipli yeni avtomat telefon stansiyaları quraşdırılıb, Alışarda 448, Püsyanda 512 nömrə tutumlu ATS-lər yeni inşa olunmuş binalara köçürülüb. Rabitə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar 62 min 900 metr yerüstü, 10 min 219 metr yeraltı kabel xətləri, 400 metr yerüstü, 26 min 456 metr yeraltı fiber-optik xətlər çəkilib. İl ərzində 1096 abonentə yeni telefon xətti çəkilib, beləliklə, ümumi abonentlərin sayı 11 min 335-ə çatıb.
Təhsil, səhiyyə, mədəniyyət, gənclər siyasəti
Son illər ərzində Şərurda məktəb tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması, məzunların ali məktəblərə qəbulu sahəsində əsaslı nailiyyətlər əldə edilib. Rayon məzunlarının ali məktəblərə qəbul zamanı qazandığı nəticələr də yüksəkdir. Belə ki, sonuncu imtahanlarda 336 məzun ali məktəblərə qəbul olunub, onlardan 16 nəfəri 600-dən yuxarı, 29 nəfəri isə 500-600 arasında bal toplayıb. Rayon üzrə orta məktəbi 3 nəfər qızıl, 2 nəfər isə gümüş medalla bitirib. 2013-2014-cü tədris ilində IX sinif bazasından 54 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul edilib. Rayon müəllimlərindən bir nəfəri 2013-2014-cü dərs ilinin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Rayonda prioritet istiqamətlərdən birini də bölgənin səhiyyə infrastrukturunun inkişafı, əhalinin sağlamlığının mühafizəsi, sakinlərə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, sanitar-epidemioloji sabitliyin təmin olunması təşkil edir. Bu gün Şərurda Mərkəzi Xəstəxana, 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası və 33 feldşer-mama məntəqəsi əhalinin sağlamlığı keşiyindədir.
Sakinlərin asudə vaxtının, əhalinin mədəni-kütləvi istirahətinin səmərəli təşkili məqsədilə rayon mədəniyyət sarayı, 26 kənd mədəniyyət evi, 1 şəhər klubu, “Bahar” kinoteatrı, 40 kənd klubu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 1 uşaq kitabxanası, 59 kənd kitabxana filialı, Şərur Şəhər İncəsənət və bədii sənətkarlıq məktəbi, 5 uşaq musiqi məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi, “Şərur” xalq yallı ansamblı, xalq teatrı, “Arpaçay” instrumental ansamblı, “Şərur qönçələri” uşaq yallı ansamblı bütün imkanları səfərbərliyə almış, maraqlı və yaddaqalan mədəni-kütləvi tədbirlər həyata keçiriblər.
Dövlət gənclər siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması diqqət mərkəzində saxlanılır. Odur ki, Şərur gəncləri siyasi fəallıqları, əzmkarlıqları ilə muxtar respublikada seçilirlər. Bu gün rayonun ictimai-siyasi, iqtisadi-sosial həyatında əldə edilmiş parlaq və dinamik inkişafda gənclərin də həlledici rolu vardır. Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi üçün müntəzəm olaraq “Şahin” və “Cəsurlar” hərbi-idman oyunları, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülük yarışları təşkil olunub. Rayon gənclərinin müxtəlifsəviyyəli idman yarışlarında iştirakı təmin edilib və bir sıra nailiyyətlər qazanılıb. Belə ki, ötən il aprel ayının 13-dən 17-dək 2 yaş qrupu üzrə yeniyetmə futbolçuların muxtar respublika birinciliyi keçirilib. Yarışda hər iki yaş qrupunda yeniyetmə futbolçular Şəruru təmsil edib, 1997-ci il təvəllüdlü komanda I, 1998-ci il təvəllüdlü komanda isə II yeri tutub. Rayonun idmançıları muxtar respublika hüdudlarından kənarda keçirilən yarışlarda da iştirak edirlər. Keçən il Azərbaycan Respublikası məktəblilərinin futbol yarışında Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası II yerə layiq görülüb. Noyabr ayında Balakən şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə birincilikdə Şərur komandası 3 nəfərlə təmsil olunub, onlardan 1 idmançı üçüncü yerin sahibi olub.
Qarşıda daha mühüm vəzifələr durur
2014-cü ilin təhlili göstərir ki, Şərur rayonunda iqtisadiyyatın davamlı inkişafı təmin edilib, abadlıq-quruculuq işləri geniş miqyasda həyata keçirilib, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunub. Muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq, Şərurun siması büsbütün dəyişib. Rayonun hər bir sakini qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında aydın şəkildə hiss edir.
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən fermerlər, torpaq mülkiyyətçiləri, emal müəssisələri bu il daha yüksək nəticələr əldə etmək üçün indidən səylə çalışırlar. Həmçinin tikinti-quruculuq, abadlıq sahəsindəki işləri davam etdirmək, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına, elektrik və qaz təsərrüfatlarının, yol infrastrukturunun yenidən qurulmasına və digər məsələlərin həllinə nail olmaq 2015-ci ilin – “Kənd təsərrüfatı ili”nin başlıca fəaliyyət proqramıdır. Rayon sakinləri əməksevərdilər. Buna görə də qarşıda duran vəzifələrin yerinə yetiriləcəyi heç kəsdə şübhə doğurmur.
Cəfər ƏLİYEV