22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında yeni infrastruktur obyektlərinin yaradılması istiqamətində işlər davam etdirilir.
Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsi də son illərdə burada yaradılmış müasir obyektləri ilə seçilir. Hazırda qəsəbədə 3 yeni quruculuq ünvanında son tamamlama işləri görülür. Belə ki, digər rayon mərkəzlərində olduğu kimi, dövlət idman və gənclər siyasətinin uğurlu davamı olaraq, 2013-cü ilin noyabr ayından burada şahmat məktəbi üçün yeni binanın tikilməsinə başlanılıb və ötən müddət ərzində işlər yekunlaşdırılıb.

Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binanın zirzəmi hissəsində qazanxana, bufet və sinif otaqları, birinci mərtəbədə 4 sinif otağı, ikinci mərtəbədə sinif otaqları ilə yanaşı, müəllimlər və kompüter otaqları yerləşəcək. Sonuncu mərtəbə isə oyun zalı və hakim otağı üçün nəzərdə tutulub.
Şahmat məktəbi ilə yanaşı yerləşən digər quruculuq ünvanı isə rayon Təhsil və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon şöbələri üçün tikilmiş yeni inzibati binadır. Bu bina da zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Obyektdə tikinti işlərinə ötən ilin aprel ayından başlanılıb və qısa müddətdə işlər yekunlaşdırılaraq başa çatdırılıb. Bina istifadəyə verildikdən sonra aidiyyəti üzrə burada fəaliyyət göstərən qurumlar üçün hərtərəfli şərait yaradılacaq.
Muxtar respublikada əhalinin fasiləsiz olaraq enerji ilə təmin olunması ən vacib məsələlərdəndir. Buna görə də elektrik şəbəkələrinin fəaliyyəti daim diqqətdə saxlanılır, onlar üçün hərtərəfli şərait yaradılır. Kəngərli Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın tikilməsi də bu qəbildəndir. Digər iki obyektdə olduğu kimi, burada da işlər yekunlaşdırılıb, son tamamlama işləri görülür. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsi anbar, qazanxana, yeməkxana və mərkəzi idarəetmə zalı, ikinci mərtəbə isə iclas zalı, kompüter otağı və digər inzibati otaqlar üçün nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsindən verilən məlumata görə, hər 3 obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilib, aparılan işlərdə keyfiyyət amilinə diqqət yetirilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR