Dünən Babək rayonunun Nehrəm Kənd Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Yığıncağı rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq bildirmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri aqrar sahədə mövcud olan nöqsanlardan danışmış, bu nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulamış, ayrı-ayrı nazirlik, komitə və icra strukturları qarşısında mühüm vəzifələr qoymuşdur. Rayon İcra Hakimiyyəti həmin tapşırıqların icrası istiqamətində yerlərdə maarifləndirici tədbirlər keçirilməsini davam etdirir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov çıxışında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq, muxtar respublikada bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Nehrəm kəndinin torpaq mülkiyyətçiləri də bu tədbirlərin həyata keçirilməsində fəallıq göstərməli, təsərrüfat ilini uğurla başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə olunmasına çalışmalıdırlar. Bildirilmişdir ki, Nehrəm kəndinin 3106 hektar əkinəyararlı torpaq sahəsi var. Torpaqlardan səmərəli istifadə etmək üçün lazımi şərait yaradılmışdır. Meliorasiya tədbirləri həyata keçirilmiş, torpaq mülkiyyətçilərinin yüksək reproduksiyalı toxumlarla təchiz olunmaları diqqət mərkəzində saxlanılmış, onlara dövlət tərəfindən müəyyən edilmiş yardımlar verilmişdir. Kənddə texnika ilə təchizat da yetərincədir. Nehrəmdə 29 traktor, 15 kotan, 4 taxılsəpən, 4 otbiçən, 7 ədəd otkipləyən, 3 taxılbiçən kombayn, 11 ədəd qoşqu və digər kənd təsərrüfatı texnikaları var. Kənd adamları “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikalarından da istifadə edirlər. Torpaq mülkiyyətçiləri Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək intensiv əkin metodlarının tətbiqi, toxumçuluğun inkişafı üçün görüləcək işlər, torpaqların münbitliyinin artırılması, növbəli əkin sisteminin genişləndirilməsi, şırımla suvarma üsullarının taxılçılıqda tətbiqi və üstünlükləri barədə məlumat ala bilərlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı İntizar Həziyev torpaqların münbitliyinin qorunması və artırılması ilə bağlı çıxışında bildirmişdir ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nin 82-ci maddəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin vəzifələri müəyyən edilmişdir. Bu vəzifələr sırasında torpaqlardan təyinatı üzrə, səmərəli və müəyyən olunmuş qaydada istifadə etmək yolları göstərilmişdir. Həmçinin torpaq mülkiyyətçiləri təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, başqa torpaq mülkiyyətçilərinin hüquqlarını pozmamaq, meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludurlar.
Nehrəm Bələdiyyəsinin sədri Tofiq Abutalıbov son illər muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ikinövbəli əkin üsulundan, şırımla suvarmanın üstünlüklərindən bəhs etmişdir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Muxtar MƏMMƏDOV