Fevralın 24-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, 2014-cü ildə muxtar respublikada bank sistemində maliyyə sabitliyi təmin edilib, iqtisadi subyektlərin, o cümlədən əhalinin maliyyə resurslarına çıxış imkanları asanlaşıb. 1 yanvar 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 100 milyon 667 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 499 min manat, uzunmüddətli kredit qoyuluşu isə 85 milyon 168 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 380 min manat artıb. Muxtar respublika əhalisinə 13 milyon 77 min manat məbləğində şəxsi istehlak, daşınmaz əmlak alınması üçün 3 milyon 731 min manat məbləğində ipoteka kreditləri verilib. Bank və kredit təşkilatları tərəfindən 2014-cü il ərzində 54 milyon 457 min manat kredit verilib ki, bunun da 21 milyon 362 min manatı qısamüddətli, 33 milyon 95 min manatı isə uzunmüddətli kreditlərdir. Verilmiş kreditin 17 milyon 956 min manatı kənd təsərrüfatı, 5 milyon 674 min manatı sənaye, 7 milyon 180 min manatı tikinti, 4 milyon 702 min manatı kommersiya, 18 milyon 945 min manatı digər kommunal, sosial-istehlak və ipoteka kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. 2014-cü il ərzində verilmiş kreditlərin 33 faizini və ya 17 milyon 956 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir.
“Muxtar respublikada kreditlər üzrə illik orta faiz dərəcəsi 13,5 faiz təşkil edir ki, bu da ölkənin digər regionları arasında ən aşağı faiz dərəcəsidir. Nəticədə, son 9 ildə muxtar respublikada kredit qoyuluşu 97 milyon və ya 33 dəfədən çox artıb”, – deyən Səbuhi Məmmədov bildirib ki, banklar tərəfindən 2014-cü il ərzində cəmi 38257 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 35020-si işlək hesab olub. 2014-cü il ərzində 107 hüquqi, 17867 fiziki olmaqla, 17974 müştəriyə yeni bank hesabı açılıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq və əlavə pul kütləsinin cəlb olunmasının aşağı salınması istiqamətində də müvafiq işlər görülüb. “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq, nağdsız ödənişlərin miqyası genişləndirilib, vətəndaşların ödəniş kartları vasitəsilə müxtəlif ödənişlər aparması təmin edilib. Bu məqsədlə POS-terminal şəbəkəsinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılıb, 1 yanvar 2015-ci il tarixə muxtar respublikada onların sayı 867 ədəd olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 619 ədəd çoxdur. Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 92 ədəd bankomatla xidmət göstərilib.
İdarə sədri bildirib ki, 2015-ci ildə muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları tərəfindən elektron ödəniş məkanının formalaşdırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, bank infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların həcminin artırılması, bank resurslarının iqtisadiyyatın real sektoruna, xüsusilə kənd təsərrüfatı və sənayenin inkişafına yönəldilməsi prioritet sahə kimi nəzarətdə saxlanılacaqdır.
Sonra çıxışlar olub.
Xəbərlər şöbəsi