22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılmışdır. Bu tarix hər il muxtar respublikada gömrükçülər tərəfindən böyük sevinc və iftixar hissi ilə qeyd olunur.

1992-1993-cü illər Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının və sərhəd-keçid məntəqələrinin yaranma və formalaşma mərhələsi kimi böyük əhəmiyyət daşıyır. Həmin illərdə ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri arasında nəqliyyat əlaqəsi bərpa olunmuş, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması ilə blokadada olan muxtar respublika böhranlı vəziyyətdən çıxarılmışdır. Bu dövrdən başlayaraq qədim Naxçıvanda tarixən formalaşmış gömrük və ticarət əlaqələrinin milli və müstəqil meyillər əsasında inkişafı təmin olunmuşdur.

Ötən 23 il ərzində böyük inkişaf yolu keçən muxtar respublika gömrük sistemi özünün müasir infra­strukturu, möhkəm maddi-texniki bazası, yüksəkixtisaslı kadr təminatı, regionun xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırılan idarəetmə modeli və ənənələri ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Son illər qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi daha da genişlənmişdir. Ötən dövrdə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrində 24 saatlıq, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində 12 saatlıq iş rejiminin tətbiq edilməsi gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir.
2001-ci ildə Naxçıvan Şəhər Gömrük İdarəsinin, 2004-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin, 2012-ci ildə isə Naxçıvan Gömrük Ekspertiza İdarəsinin və Gömrük Mühafizə Xidmətinin yaradılması nəticəsində muxtar respublika gömrük orqanlarının strukturu daha da genişləndirilmiş, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla 2007-ci ildə Culfada, 2009-cu ildə isə Şahtaxtıda müasir gömrük kompleksləri tikilib istifadəyə verilmiş, 2012-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks fəaliyyətə başlamış, Naxçıvanda müasir gömrük laboratoriyası qurulmuşdur. Muxtar respublikanın gömrük sisteminin müasir tələblərə uyğun qurulması məqsədilə ötən ilin may ayında Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi və kinoloji xidmət üçün yeni inzibati binalar istifadəyə verilmiş, “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan inzibati binanın tikintisi tamamlanmışdır. Bu baxımdan Sədərək sərhəd-keçid məntəqəsi üçün müasir kompleksin qurulması da muxtar respublikada həyata keçirilən mühüm infrastruktur layihələrindəndir. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bütün sərhəd-buraxılış məntəqələri inkişaf etmiş, ümumilikdə, gömrük sisteminin müasir infrastrukturu və möhkəm maddi-texniki bazası formalaşdırılmışdır.
İş prosesində yüksək texnologiyalı avadanlıqların istifadəsi qaçaqmalçılıq hallarının qarşısının alınmasında, xarici ticarət əlaqələrinin inkişaf etdirilməsində, idxal-ixrac prosedurunun sadələşdirilməsində, ümumilikdə, gömrük işinin keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Bu gün muxtar respublikanın gömrük sistemində ən müasir standartlar tətbiq olunur. Culfa və Şahtaxtı sərhəd-keçid məntəqələrindən sonra 2014-cü ildə Sədərək sərhəd-keçid kompleksində də X-Ray tipli rentgen nəzarət qurğusu istifadəyə verilmişdir. Dünyanın cəmi bir neçə inkişaf etmiş ölkəsində tətbiq olunan və ən müasir müayinə sistemi olan bu avadanlıqlar muxtar respublikaya bütün istiqamətlərdən daxil olan yüklərə gömrük nəzarətinin daha dolğun və operativ təşkilinə şərait yaradır. Hazırda gömrük orqanlarında iş prosesinin izlənilməsi və mövcud vəziyyətə operativ müdaxilə edilməsi üçün müasirtipli müşahidə kameraları mövcuddur. Komitədə qurulmuş “Hədəf mərkəzi”ndə tabeli gömrük orqanlarının 24 saat iş prosesinə, həmçinin mərkəzə bağlı olan müasir rentgen-nəzarət qurğuları vasitəsilə “GPS naviqasiya sistemi”nə nəzarət olunur. Muxtar respublika ərazisinə daxil olan avtonəqliyyat vasitələrinin sərhəd-keçid məntəqəsindən təyinat gömrük orqanına qədər hərəkəti məhz bu sistem vasitəsilə nəzarətdə saxlanılır.
Muxtar respublikada gömrük işinin səmərəliliyini artırmaq məqsədilə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunur. İş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsidir ki, indi gömrük orqanlarında bütün əməliyyatlar elektron qaydada aparılır. Gömrük sərhəd-buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq olunur, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə yük və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi, gömrük əməliyyatları üzrə maliyyə fəaliyyətinin tənzimlənməsi, gömrük sahəsində hüquqpozma faktlarının qeydiyyatı, statistik məlumatların formalaşması və analitik təhlilin aparılması, risklərin idarə olunması, kadrların uçotu və sənəd dövriyyəsi elektron qaydada həyata keçirilir. Bu məqsədlə yeni proqram təminatları tətbiq olunur, komitənin rəsmi internet portalı üzərindən göstərilən elektron xidmətlər ildən-ilə genişlənir. Artıq muxtar respublikanın gömrük orqanlarında eyniləşdirmə nömrəsinin verilməsi, sərnişin bəyannaməsinin tətbiqi, gömrük sərhəd-buraxılış məntəqələrindən keçiriləcək malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, aparılmış idxal-ixrac əməliyyatları ilə bağlı məlumatların əldə olunması, gömrük rəsmiləşdirməsinə başlamaq üçün müraciətin və gömrük orqanlarında xidmət üçün ərizə qəbulu da elektron formada aparılır.
Təcrübə göstərir ki, xarici ticarət fəaliyyətinin iqtisadi inkişafa xidmət etməsi üçün onun tənzimlənməsi vacibdir. Müasir dövrdə belə fəaliyyətin əsas tənzimləyicisi kimi gömrük orqanları çıxış edir. Daxili bazarın yerli istehsal sahələri nəzərə alınmaqla qorunması xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, beynəlxalq əlaqələrdən asılılığı aradan qaldırmaqla iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, habelə ixrac potensialının artmasına da müsbət təsir göstərir. Bu gün Naxçıvan dünyanın 56 ölkə­si ilə ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsində ixrac əməliyyatlarının həyata keçirildiyi ölkələrin miqyasının ilbəil genişlənməsi müşahidə olunan mühüm yeniliklərdəndir.
Muxtar respublika gömrük orqanları hüquq-mühafizə fəaliyyətini də günün tələblərinə uyğun qurur, gömrük sahəsində cinayətlərin qarşısının alınması, aşkar edilməsi, açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini davam etdirir. Qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması üçün ən mütərəqqi üsullardan istifadə olunur, kinoloji xidmətin keyfiyyəti yüksəldilir, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur.
Muxtar respublikanın ticarət əlaqələrinin artması, gömrük infra­strukturunun və maddi-texniki bazanın möhkəmlənməsi beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə əlverişli şərait yaradır. 2012-ci ilin oktyabr ayında türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin Naxçıvanda keçirilən görüşü bu sahədə aparılan məqsədyönlü işlərin daha bir göstəricisidir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.

Naxçıvan Muxtar Respublikasının gömrük orqanları muxtar respublikanın iqtisadi qüdrətinin artmasına bundan sonra da öz töhfəsini verəcək, həyata keçirilən sosial-iqtisadi siyasət tədbirlərini daim dəstəkləyərək qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR