22 Dekabr 2024, Bazar

Şahbuz rayonunun 2014-cü ildə nail olduğu sosial-iqtisadi inkişafla bağlı hazırlayacağım yazı üçün qeydlərimə baxanda bir anlığa fikrimdən bir sual keçdi: inkişafın təməlində duran amillər hansılardır? Hiss etdim ki, ilk olaraq, bu suallara cavab tapmasam, yazı istədiyim kimi alınmayacaq...
... Gələcəyə nikbin baxış, sabaha məsuliyyət və cavabdehlik hissi, əzmkarlıq və quruculuq iradəsi, düzgün seçilən yol – bu gün Şahbuzun müasir rayona çevrilməsində bunların başlıca amillər olduğu qənaətinə gəlsək, səhv etmərik. Bir qədər geriyə qayıdaq, yaxın tarixi vərəqləyək. Bir vaxtlar ən tipik və ən ucqar əyalət kəndindən seçilməyən bu yurd yeri gözdənuzaq, könüldən­iraq bir ünvan olub. Bunu orta və yaşlı nəsil yaxşı xatırlayır. Muxtar respublikada ilk quruculuq tədbirlərinə start veriləndə bu bölgə digər yaşayış məntəqələri ilə müqayisədə, sözün həqiqi mənasında, miskin bir görkəmdə idi. Rayonun füsunkar mənzərələri, təbiət abidələri də bu görkəmi ört-basdır edə bilmirdi.
Ötən illər ərzində Şahbuz elə bir inkişaf mərhələsinə qovuşub ki, doğrudan da, buna inanmaq çətindir, baxmayaraq ki, bu proses bizim gözlərimiz qarşısında baş verib. Ancaq fakt faktlığında qalır. Necə deyərlər, “Görünən dağa bələdçi lazım deyil”.

Rayon ziyalısı Xanlar Səfərəliyev deyir ki, muxtar respublikamızın bölgələrindən biri olan Şahbuz rayonu da inkişaf və tərəqqi baxımından nümunə gücündədir.

Rayonun ötənilki quruculuq xəritəsi

Xanlar müəllim söhbətinə davam edərək bildirir ki, Şahbuz rayonunda ilk quruculuq tədbirlərinə rayon mərkəzi ilə paralel olaraq ucqar dağ və sərhəd kəndlərindən başlanılıb. Dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən belə yaşayış məntəqələrinə gedən yolları bu gün təsvir etsək, bəlkə də, çoxları inanmaz. Ancaq o yolları görənlər bu gün də yaşayırlar. Sözümün canı ondadır ki, kəndlərdə həyata keçirilən kompleks quruculuq tədbirləri həmin ünvanlara çox böyük həcmdə tikinti materialları aparılmasını tələb edirdi. Ancaq həmin yollar elə bir vəziyyədə idi ki, quruculuq işlərini yubadırdı. Elə o vaxt yolların təmiri, yenidən qurulması üstün istiqamət kimi qəbul edildiyindən başlıca çətinlik aradan qaldırıldı. Və burada yadımıza “Abad yurd yolundan tanınar” deyimi düşür. Həm yollar düzəldildi, həm də bu yolların getdiyi mənzil başı abad ünvanlara çevrildi. Şada, Biçənək, Yuxarı Qışlaq, Keçili, Külüs və başqa yaşayış məntəqələri müasir rayonun ilk nümunəvi kənd­ləri oldular. Bu gün 836,6 kvadratkilometr ərazini əhatə edən bölgənin əhalisi 25 minə yaxındır. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd vardır. Onların hamısında quruculuq tədbirləri həyata keçirilib və bu proses bu gün də davam etdirilir.
Rayonun ictimai həyatında fəal iştirak edən Xanlar müəllim qürurla bildirir ki, ötən il Şahbuz rayonunda həyata keçirilən quruculuq tədbirləri bölgənin füsunkar gözəlliyinə əlavə çalarlar qatıb. Rayon mərkəzində rabitə evinin əsaslı təmiri, şəhər mərkəzinin tikintisi başa çatdırılıb. Gömür kəndində kompleks qurucu­luq tədbirləri çərçivəsində kənd və xidmət mərkəzləri inşa olunub, 110 şagird yerlik tam orta məktəb binası yenidən qurulub. Şahbuz şəhərində bir yaşayış binasının təmiri başa çatdırılıb, 1 yaşayış binasında bu tədbir davam etdirilib. Ahıllar evinin əsaslı təmiri, 216 şagird yerlik Şahbuz şəhər 2 nömrəli tam orta məktəb binasının tikintisi, Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması da ötən ilin quruculuq tədbirlərindəndir.
Ən ucqar dağ kəndi olan Nursu kəndində həm də xidmət mərkəzi və həkim ambulatoriyası binaları tikilib, Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilib. Kənd tam orta məktəbinin müəllimi Rizvan Bağırov bu ucqar dağ kəndinə göstərilən qayğını mahiyyət etibarı ilə insan amilinə göstərilən qayğı hesab edir:
– Tikinti-quruculuq tədbirləri bu gün muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilib. Ona görə də belə tədbirlər bizə adi görünür. Xalq şairimiz Məmməd Arazın ev-muzeyinin açılışına paytaxt Bakı şəhərindən gələn qonaqlar Nursu kimi ucqar bir yaşayış məntəqəsində qurulub-yaradılanları görəndə gözlərinə inanmadılar. Etiraf etdilər ki, burada şəhər infrastrukturu yaradılıb. Ancaq o da var ki, genişmiqyaslı quruculuq işlərini həyata keçirmək heç də asan məsələ deyil. Xüsusən də ucqar ünvanlarda. Buna görə də nursulular göstərilən dövlət qayğısına öz əməli işləri ilə cavab verməyə çalışırlar.
Görülən işlər sırasına rayon İcra Hakimiyyətindən məlumat aldığımız digər quruculuq tədbirlərini də əlavə etsək, bir il ərzində bölgədə xeyli həcmdə iş görüldüyünün şahidi olarıq. Ötən il 11,2 kilometr Şahbuz şəhər-Nursu avtomobil yoluna qara örtük salınıb, 360 metr suötürücü kanal tikilib. Gömür kənd yolunda da qurucu­luq işləri aparılıb, 1,4 kilometr yola asfalt döşənib, 90 metr suötürücü kanal inşa olunub. Biçənək və Badamlı kəndlərinin hər birində 1 körpü tikilib. Şəhərdaxili 1,2 kilometr su­ötürücü kanal inşa olunub, şəhərdaxili və Külüs-Keçili yolunda təmir işləri aparılıb. Sürücü Zahid Rüstəmov deyir ki, bu gün Şahbuz rayonunun yolları müasir standartlar səviyyəsindədir: hər il cari təmir işlərinin aparılması yolların sıradan çıxmasının qarşısını alır. Bu isə sərnişinlərin və avtomobillərin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir.
Bu gün Şahbuzda müasir rabitə texnologiyalarının tətbiqi diqqətdə saxlanılan məsələlərdən biridir. Ötən il bölgədə rabitə sahəsinə də qurucu­luq tədbirlərindən pay düşüb. 19 ədəd yeni nəsil “NGN” tipli, Gömür və Daylaqlı kəndlərində 96 nömrə tutumlu “Karel DS 200” tipli yeni avtomat telefon stansiyaları quraşdırılıb, Sələsüz kəndində 384 nömrə tutumlu “Daewoo”, Şahbuz şəhərində 513, Nursu kəndində 256 nömrə tutumlu “NGN” tipli avtomat telefon stansiyası yeni inşa olunmuş binalara köçürülüb.
Enerji təminatının yaxşılaşdırılması məqsədilə Şahbuz şəhərində 160 kva, Biçənək kəndində 2 ədəd 63 kva, Nursu kəndində 250 kva gücündə yeni transformator yarım­stansiyaları qoyulub, 17 ədəd transformatorda cari təmir işləri aparılıb, 7 kilometr uzunluqda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib.
İl ərzində 103 abonentə yeni qaz xətti çəkilib, 15 ədəd istismar müddəti keçmiş qazpaylayıcı şkaf dəyişdirilib, 3110 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub.
Adıçəkilən üç istiqamətdə həyata keçirilən tədbirlərə Şahbuz şəhər sakini Növrəstə Xudiyeva öz münasibətini bildirir: “Bu günlərin qədrini bilmək lazımdır. 20 il əvvəli gözləriniz önünə gətirin. Saatlarla işıqsız qalan bir region bu gün elektrik enerjisi ixrac edir. Bu, sosial-iqtisadi inkişafın ən bariz göstəricisidir və Şahbuz rayonu da bu inkişafdan yetərincə bəhrələnib”.

Torpağın hər qarışından istifadə olunur

Rayon sakinlərinin içməli suya, torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün həyata keçirilən tədbirlər davam etdirilir. Bəhs olunan dövrdə 5 nasos stansiyasında təmir işləri aparılıb, Daylaqlı, Şahbuzkənd və Əcəmi nasos stansiyalarında 2,7 kilometr suvarma boru xətləri təmir olunub, Şahbuz şəhərində və kənd­lərdə 1,2 kilometr yeni suvarma boru xətti çəkilib. Şahbuz şəhərində və İşgəsu massivində 1 kilometr içməli su xətti təmir olunub, Şahbuz şəhəri, Biçənək, Ağbulaq və Sələsüz kəndlərində 6,7 kilometr yeni içməli su xətti çəkilib.
Bir məsələni də qeyd edək ki, “Rayon mərkəzi və ətraf kəndlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi ötən il davam etdirilib, layihə çərçivəsində 16,18 kilometr içməli su xətti, 1,9 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 276 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb, 30 metr uzunluğunda kaptaj tikilib.
Torpaq mülkiyyətçisi, sahibkar Nurlan Xəlilov deyir: “Son illər həyata keçirilən meliorasiya və irriqasiya tədbirləri bölgənin məhsuldar torpaq sahələrini cana gətirib. Bu gün bir qarış torpağı əkilməmiş qoymayan kənd adamları belə tədbirlərdən xeyli razılıq edir, məhsul bolluğu yaradılmasına çalışırlar”.
Yeri gəlmişkən qeyd edək ki, bu səbəbdən ötən il rayonda 4431 ton dənli və dənli-paxlalılar, 11,9 ton qarğıdalı, 8 ton günəbaxan, 6883 ton kartof, 4816 ton tərəvəz, 69,7 ton bostan məhsulları, 4718 ton meyvə, 158 ton üzüm tədarük edilib. Heyvandarlıq təsərrüfatlarında da artıma nail olunub: 2456 ton ət, 14012 ton süd, 5 milyon 398 min ədəd yumurta, 172,3 ton süd istehsal olunub. Bu, bütün istehsal sahələri üzrə əvvəlki ildən xeyli çoxdur.

Sosial sahəyə qayğı daha da artırılıb

Adıçəkilən dövr ərzində rayon Məşğulluq Mərkəzində 365 nəfər işaxtaran qeydiyyata alınıb, bunlardan 315 nəfər işlə təmin olunub. 34 nəfər peşə hazırlığına cəlb edilib, 42 nəfər ictimai işlərə, 12 nəfər kvota yerlərinə göndərilib. Rübdə 1 dəfə olmaqla, 4 dəfə əmək yarmarkası keçirilib, 105 şəxsə göndəriş verilib, 105 nəfər işlə təmin olunub, 5 nəfər peşə hazırlığına cəlb edilib.
2014-cü ildə rayonun ahıl, əlil və tənha sakinlərinə göstərilən qayğı davam etdirilib, problemlərinin həlli diqqət mərkəzində saxlanılıb. Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7 vətəndaşa, o cümlədən 4-ü 1941-1945-ci illər müharibəsi əlili, 1-i Çernobıl Atom Elektrik Stansiyası qəzasının aradan qaldırılması zamanı və 2-si hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərə “NAZ-Lifan” markalı minik avtomobili, sağlamlıq imkanları məhdud 6 şəxsə əlil arabası, 8 şəxsə eşitmə aparatı, 34 şəxsə isə əsa verilib.

2014-cü ildə Şahbuzda əvvəlki illərin estafeti uğurla davam etdirilib, ilboyu çəkilən zəhmət hədər getməyib, diqqətçəkən uğurlara imza atılıb. Rayon sakinləri dövlətimizin hərtərəfli qayğısı sayəsində ötən il qazandıqları nəticələri rekord saymır, daha böyük uğurlar qazanılması üçün bu il də səylə çalışırlar.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR