Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muxtar respublikada cari ilin yanvar ayında 143 milyon 469 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 2,1 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2014-cü ilin yanvar ayı ilə müqayisədə 1,5 faiz artaraq 326,1 manata (415,7 ABŞ dollarına) çatmışdır.
* * *
Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 83 milyon 853 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 67 milyon 549 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,4 faiz çoxdur. Cari ildə əsas kapitala yönəldilmiş investisiyaların 59 milyon 710 min manatı və ya 88,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2015-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 617 min manat olmuşdur. Bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 4,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 847 min manat olmaqla, bir il öncəki göstəricini 0,7 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar ayı ərzində 6 milyon 705 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 1,7 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublikada 1,7 min ton ət (diri çəkidə), 1,9 min ton süd istehsal edilmiş, 2014-cü ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,6 faiz artmışdır.
* * *
Əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 100 milyon 883 min manat, onun hər bir nəfərə düşən həcmi isə 1,1 faiz yüksələrək 229,3 manat təşkil etmişdir.
* * *
2015-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 391,5 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmışdır.
* * *
Muxtar respublika iqtisadiyyatının möhkəmlənməsində, hərtərəfli və dinamik inkişafında xüsusi rolu olan bank sektorunun normal fəaliyyəti təmin olunmuşdur. 1 fevral 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 39308-ə çatmışdır ki, bunun da 36052-si və ya 91,7 faizi aktiv hesablardır. 2015-ci ilin yanvar ayı ərzində açılmış 1054 bank hesabı aktiv hesab olmuşdur.
Cari ilin yanvar ayında muxtar respublikada 42 pos-terminal quraşdırılmış və pos-terminalların sayı 1 fevral 2015-ci il tarixə 909-a çatmışdır.
* * *
Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaratmışdır. Cari ilin yanvar ayında muxtar respublikada 26 milyon 220 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 10,8 faiz artaraq 23 milyon Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 41 faiz azalaraq 2 milyon 903 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 20 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq müsbət saldo yaranmışdır.
* * *
Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2015-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 3 milyon 323 min manata yaxın kreditlər verilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 63 faiz çoxdur.
* * *
Qeyd olunan dövrdə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 324 min 900 manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 min 500 manat və ya 7,4 faiz çoxdur.
* * *
Cari ilin yanvar ayında muxtar respublikaya 14 min 753 nəfər turist gəlmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz və ya 278 nəfər çoxdur.
* * *
1 yanvar 2015-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4415 nəfər və ya 1 faiz artaraq 439782 nəfər təşkil etmişdir.