22 Dekabr 2024, Bazar

İqtisadiyyat inkişaf etdikcə gəlirlər də artır və bununla da, insanların tələbatlarının ödənilməsi üçün əlavə imkanlar yaranır. Xarici bazarlara çıxarılan yerli məhsullar, habelə xaricdən gətirilən mallar – hamısı məhz insanların tələbatının ödənilməsi üçündür. Bu, tarixən də belə olub.
Hələ min il əvvəl Azərbaycandan keçən qədim İpək Yolu vasitəsilə tacirlər Avropadan Çinə, oradan da geriyə müxtəlif məhsullar aparmış, indiki dillə desək, idxal-ixracla məşğul olmuşlar. O dövrdə xaricə aparılan məhsullar arasında nə yox idi? Azərbaycanın ipəyi, xalçası, duzu, meyvəsi, çərəzi, …daha nələr. Xatırlatmaq yerinə düşər ki, hələ iki yüz il bundan əvvəl Naftalan nefti Yaponiyadan Amerikaya qədər bir çox ölkəyə daşınanda bu, Azərbaycanın ilk ixrac nefti olub. Xülasə, insana lazım olan minbir nemət dünyanın harasında olsa, onu gətirmək mümkündür. Qlobal iqtisadiyyatın tamhüquqlu üzvü kimi ölkəmiz dünya ölkələri ilə sərbəst ticarət, iqtisadi-mədəni əlaqələr qurur, öz məhsullarını dünya bazarına çıxarır, əhalisinin tələbatlarının ödənilməsi üçün lazım olanı idxal edir.

Müasir tələbatlar isə çox genişdir. Çox deyil, cəmi on il əvvəlki dövrlə müqayisə edəndə görürük ki, hər keçən gün yaranan yeni tələbatların ödənilməsi üçün istehsal olunan məhsulların da növü və çeşidi artmaqdadır. Bir araşdırmaya görə, təkcə dünyanın sənaye nəhəngi Çində on mindən artıq istehlak təyinatlı məhsullar istehsal olunur. Bu ölkənin dünyadakı əmək bölgüsündə və sənayeləşmədəki yerinə baxdıqda məlum olur ki, çox qısa bir dövrdə aparılan islahatlar nəticəsində passiv idxalçıdan nəhəng ixracatçıya necə çevrilmək mümkün ola bilərmiş. İşgüzarlıq və qənaət olan yerdə təbii ehtiyat, enerji və ya xammal çatışmazlığı olsa da, bacarıqlı sahibkar məhsul istehsal edib, etiketinə də ölkəsinin adını yazmaqla xarici bazarlara çıxara bilir. Nəticədə, yerli məhsullar həm ölkənin tanıtım vasitəsinə, həm də ixracat potensialına çevrilir.
Şübhəsiz, regionun ehtiyatları hesabına yerli məhsullar istehsal etmək iqtisadiyyatın əsas vəzifələrindəndir. Həm də bu, nəyin bahasına olursa olsun, dünya bazarında olan hər bir məhsulun istehsalı demək deyildir. Başqa sözlə, yerli məhsul, xüsusən ərzaq məhsulları regionun yerli xammal ehtiyatları əsasında istehsal oluna bilən, özünün digər analoqlarından keyfiyyəti və qiymətinə görə seçilən məhsullar olmalı, onun istehsalı rentabelli və ekoloji cəhətdən təmiz olmalıdır. Belə olduqda onların istehsalı üzrə təklif olunan biznes layihələrin uğursuzluq ehtimalı da sıfıra yaxın olur.
Yerli istehsal və güclü iqtisadiyyat
Dünyanın harasında olursa olsun, iqtisadiyyatın inkişafında yerli potensialın iqtisadi dövriyyəyə cəlb edilməsi bütün digər alternativlər arasında həmişə ən birinci sırada olub. Yerli məhsulların istehsalına, ilk olaraq, xarici bazarlara çıxış üçün mühüm bir ilkin mərhələ, ixrac bazarlarında yer tutmağa isə yerli məhsulların təkcə xaricdə deyil, eləcə də daxili bazarda rəğbətlə qarşılanmasının əsas yolu kimi baxmaq lazımdır. Heç uzağa getmədən bu gün Naxçıvandan kənara ixrac olunan malların, xüsusən ərzaq məhsullarının elə daxili bazarda da idxal analoqları kimi istehlakçılar tərəfindən seçilməsini qeyd etsək, fikrimizi əsaslandıra bilərik. Belə olduqda hələ də bəzi adamların nostaljisində yaşayan və ötən əsrin 90-cı illərinə qədər bir növ modaya çevrilmiş “importnu mal almaq” düşüncəsini qırmaq üçün, görəsən, hansı işlər görülməli, hansı marketinq və ya reklam üsullarından istifadə olunmalıdır? Yaxşı xatırlayıram ki, təqribən, 15 il əvvəl universitetdə müəllimlərimizdən biri marketinqin nə olduğunu məndən soruşanda bunu onun başa düşəcəyi tərzdə demək üçün nə fikirləşməmişdim? Həmin həmkarım fizik və bir az yaşlı olduğundan marketinq anlayışını ona izah etmək üçün sovet dövründə kərə yağını haradan və necə aldığını xatırlatdım. Cavabı özünə də gülməli gəldi: tapanda 20 kiloqramlıq qutunun hamısını birdən. Doğrudan da, əgər bir mal matah tikə olubsa, onun üçün daha marketinqə ehtiyac yoxdur. Anbarda da olsa, müştəri onu tapıb alacaqdır.
Yerli məhsullar və daxili bazar
O dövrdən bir xeyli zaman keçib. Bugünkü əmtəə və xidmət bolluğunun necə yaradıldığını, bunun o dövrlə fərqinin nədən ibarət olduğunu izah etmək üçün bəzən keçmişə qayıtmaq lazım gəlir. Amma əsas iş təkcə məhsul istehsal edib bazarda bolluq yaratmaqdan ibarət deyil. Bu məhsulların müştərisini də tapmağı yaxşı mənimsəmək lazımdır. Bir neçə il əvvəl konfransda iştirak üçün getdiyim Sankt-Peterburqda satılan “Sirab” sularını görəndə aldığım təəssüratı oxucularla bölüşmək istəyirəm. Doğrudan da, adi halda gözlərimiz etiketinə uyğunlaşmış belə məhsulları Vətəndən min kilometrlərlə uzaqda görəndə – dünyada biz də varıq – deyə, ürəyimiz dağa dönür. Qoy belə uğurlu məhsullarımız daha bol olsun. Onlar nə qədər çox növdə, çox çeşiddə olsa, bir o qədər insana iş imkanı yaradacaq, bir o qədər xarici valyuta qazanacağıq. Ölkənin iqtisadi gücünün bu gün qlobal arenada nə demək olduğunu təkrarlamağa ehtiyac varmı? Elə isə, mən özüm də daxil, bu gün hər fürsətdə ölkəmizin gücündən danışan, onu daha da artırmaq üçün vətənpərvərlik çağırışları edən bir çox ziyalılarımız, görəsən, marketlərdə xarici mallara meyil edəndə nə fikirləşirik? Ola bilər ki, bizim Muradın pendiri bir az yaxşı qablaşdırılmayıb, yaxud Natiqin yerli istehsal olan kolbasası vakuum paketin içərisində deyil. Amma düşünürəm ki, burada da təəssübkeşlik və təşəbbüskar­lıq göstərib üzərimizə düşəni etməliyik. Bəli, biz deməsək, lazım gəlsə, tənqid edib tələb etməsək, təyin olunmuş standartlara uyğun olsa da, bəzi yerli məhsullarımız müştəri məmnuniyyətinə cavab verməkdə yerində sayacaq. Dünya isə yerində saymır. İnternet dövrüdür. Nə olsun ki, bizimkilərin heç pulsuz sosial şəbəkələrdə də məhsullarının adları yoxdur. Yaxud illərdir, insanların gözünü yormuş köhnə etiketlərlə məhsulları vitrinə düzürük. Budurmu çevik marketinq strategiyası? İndi sahibkarlar hər vasitə ilə mallarını reklam edir, onlayn satışını təşkil edir. Biz isə onu bilirik ki, heç uzağa getmədən istədiyimiz məhsulları sifariş edib evimizə gətirmək imkanımız var. Amma onu da yaxşı bilirik ki, bəzən mənşəyini, torpağının, suyunun tərkibini bilmədən aldığımız idxal məhsulların əvəzinə yerli Naxçıvan məhsulları alanda süfrələrimizin bəzəyi də, damağımızın dadı da həmişə ürəyimizcə olur.
Mövzunu davam etdirəcəyik.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR