Naxçıvan torpağının ən nadir, qiymətli dərman bitkilərindən biri də iydədir. Qafqaz florasında az yayılan bu bitkinin vətəni, bəlkə də, Naxçıvandır. Respublikamızın əksər bölgələrindən bazarlara xüsusən Novruz bayramı ərəfəsində matah nemətlərdən biri kimi iydə meyvəsi də çıxarılır. Xəzər növünə məxsus olan iydələr xırda meyvəli olur. Lakin Naxçıvan torpağında əhali arasında “innabı” iydə kimi tanınan iydə meyvələri az qala baş barmaq iriliyində olur. Nədir iydə?
Altı, bəzən 8 metr hündürlüyündə kol və ağac kimi inkişaf edən, yarpaqları qışqabağı tökülən, bəzən zəif şaxtalı illərdə yarpaqlarını yazadək saxlayan, arıçılıq üçün qiymətli bal tutar, insanlar üçün qiymətli dərman bitkisidir. Vegetativ orqanları ilə asanlıqla artırılıb yayılan subtropik bitkilər qrupuna aiddir. Subtropik bitkilərdən nar, əncir, zeytun, xurma, xar tut, naringi, portağal, feyxoa kimi bitkilər Naxçıvanın sərt şaxtalarına tab gətirə bilmədikləri halda, iydə ağacları dözüm göstərərək payızın son ayında budaqlarındakı al-qırmızı, rəngli meyvələri ilə göz oxşayır.
Babək rayonu iydənin inkişafı və bar verməsi baxımından rayonlarımızdan fərqlənir. Ta qədimdən Vayxır, Xalxal, Sirab, Qahab, Kültəpə, Nəhəcir, Zeynəddin, Kərimbəyli kəndlərində həyətyanı sahələrdə təkəmseyrək becərilən iydə ağacları payızın son ayında Milax armudu (asma), ətirli heyva ilə birlikdə həyətyanı sahələrə yaraşıq verir. Bir dəfə Vayxır kəndində 95 yaşlı Mehrac baba iydədən söhbət açarkən bildirdi ki, hər kəs qənd əvəzinə iydə, tut qurusu, ərik qaxı ilə ocaqda qaynadılan çay (kəklikotu, qantəpər, çobanyastığı, solmazçiçəyi dəmləməsi) içərsə, şəkər, diabet deyilən azar-bezara tuş gəlməz. İydənin ən qiymətli cəhəti ondadır ki, onun unlu hissəsi faydalı birləşmələrlə zəngin olduğu kimi, çəyirdəyinin səthində də qəribə maddələr var. Ağız suyunda həmin təbəqə maddələri asanlıqla əriyib qəbul edildikdə böyrək yollarına çox güclü müalicəvi təsir göstərir. Təəssüf ki, ilin fəslindən asılı olmayaraq, banan, kivi, qreypfrut, naringi, ananas kimi tropik ölkələrdə yetişən, hər ölkəyə yayılan bu meyvələr, kənar ölkələrdən gətirilən görünüşü gözəl, əslində, dadı-tamı yerli məhsula çatmayan alma, armud, üzüm, heyva və digər meyvələr az qala iydəni gözdən salıb.
Çox təsadüfi hallarda, Novruz bayramı ərəfəsində evlərimizə gələn qonaq-qara xatirinə ildə bir dəfə digər meyvələrlə yanaşı, bazarlardan iydə alarıq.
Doğrudur, günümüzdə park və xiyabanlara əkilməklə, yol kənarlarının yaşıllaşdırılması ilə iydənin artırılmasına fikir verilir. Lakin çoxu kiçik cır meyvəli kollardır. İri meyvəli “innabı” sortlu iydənin artırılması çətin deyil. Erkən yazda – qələmə pöhrələri yerə sancılan vədələrdə həmin iri sort iydələrdən kəsilən 1-2 illik cavan pöhrələr (30-50 sm) torpağa sancılır. Torpağa tələbkar deyil, xüsusi dibləməyə də ehtiyac olmur. Mal-qaradan qorunub mühafizə edildikdə, suyunu vaxtında ödədikdə 4-5 ilə barlı ağaca çevrilir. İydə Naxçıvan torpağının ən qədim meyvələrindəndir: özü də qiymətli dərman bitkisidir.
Qaşdar ƏLİYEV
aqronom-fenoloq