Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 264 ədədi 2014-cü ildə olmaqla, cəmi 1505 ədəd müxtəliftəyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar alınıb gətirilib.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, məhsuldarlığın artırılmasında mühüm rol oynayan mineral gübrələrin alınaraq muxtar respublikaya gətirilməsi və torpaq mülkiyyətçilərinə çatdırılması da diqqət mərkəzində saxlanılıb, ötən il güzəştli qiymətlərlə 3867 ton mineral gübrə satılıb və kifayət qədər mineral gübrə ehtiyatı yaradılıb. Texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaradılıb, 276 ədədi 2014-cü ildə olmaqla, lizinq yolu ilə 1093 ədəd texnika satılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli Fərmanına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikalarına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə güzəşt tətbiq edilir. Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt olunur.
Məlumat üçün bildirək ki, yuxarıda bəhs edilən 40 faizlik güzəşt 2005-ci ildən bu günə kimi lizinq yolu ilə kənd təsərrüfatı texnikaları satılmış 706 nəfərə şamil ediləcək. İndiyə qədər bu güzəştdən 300 nəfərə yaxın kənd təsərrüfatı texnikası istifadəçisi yararlanıb. Bu proses davam edir.
Kərəm HƏSƏNOV