22 Dekabr 2024, Bazar

Ulu diyarımız Naxçıvan əlverişli torpaq-iqlim şəraitinə malikdir. Burada kənd təsərrüfatının çoxşaxəli inkişafı üçün hər cür imkan vardır.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunan müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” mühüm əhəmiyyət kəsb edir.
Dövlət proqramı kənd təsərrüfatı məhsulları istehsalının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin edilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına, sahibkar­lığın inkişafına stimul verib. Bunun nəticəsidir ki, ötən il muxtar respublikada 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Regionumuzda əkinçilik aparıcı sahələrdən biridir. Torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş torpaq mülkiyyətçiləri onlara göstərilən dəstəkdən bəhrələnərək 35 min 750 hektar sahədə taxıl əkib, zəmilərdən 103 min 70 ton məhsul toplayıblar.

Muxtar respublikada kartofçuluğun inkişafı da diqqət mərkəzindədir. Son illərə qədər regionda bu məhsula olan tələbat kənardan gətirilməklə ödənilirdisə, hazırda bu tələbat yerli istehsal hesabına ödənilir. Ötən il 2962 hektar kartof əkini sahəsindən 41 min 405 tondan çox məhsul yığılıb.
Kənd təsərrüfatının mühüm sahələrindən biri də meyvə-tərəvəzçilikdir. Meyvə-tərəvəzçilik iqtisadi baxımdan da əhəmiyyətlidir. Digər tərəfdən, bölgədə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarının becərilməsi üçün əlverişli ekoloji mühit vardır. Bu amil nəzərə alınaraq muxtar respublikamızda həyata keçirilən yaşıllaşdırma tədbirlərində meyvə ağaclarının əkilməsinə üstünlük verilib.
Muxtar respublikamızda meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi bu gün də mühüm məsələ kimi qarşıda durur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi də muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin davamlı inkişafını təmin etməkdir. Qəbul olunmuş bu dövlət proqramı ilə muxtar respublikada meyvə və tərəvəzçiliyin inkişafında yeni bir mərhələnin əsası qoyulub.
Hələ qədim zamanlardan ulu diyarımız özünəməxsus keyfiyyətli yerli məhsulları ilə tanınıb. Dövlət proqramında bir vaxtlar mövcud olmuş qiymətli meyvə sortlarının yenidən bərpası, əkilib-becərilməsi, intensiv texnologiyalara əsaslanan yüksəkkeyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, tərəvəz məhsullarının əkin sahələrinin genişləndirilməsi və artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması nəzərdə tutulur. Bundan başqa, dövlət proqramının icrası meyvə-tərəvəzçiliyin inkişafı yolu ilə kənd əhalisinin məşğulluğunun artırılması, onların maddi rifah halının yaxşılaşdırılması üçün də əlavə imkanlar açır. Qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə çalışan torpaq mülkiyyətçiləri ötən təsərrüfat ilində meyvə bağlarından 36 min 196 ton, tərəvəz sahələrindən isə 66 min 731 ton məhsul toplayıblar. Gələcəkdə həmin sahələrdən daha çox məhsul əldə etmək üçün geniş imkanlar vardır. Çünki torpaq mülkiyyətçiləri bu gün həm əkinin keçirilməsində, həm də məhsul satışında heç bir problemlə qarşılaşmırlar.
Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satışına nail olmaq üçün məhsulun çeşidləməsinə, qablaşdırılmasına, saxlanmasına, istehsala və ixracına stimul yaradan digər tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Kənd təsərrüfatının mühüm istiqamətlərindən biri də tərəvəzçilikdir. Bunun üçün sənaye texnologiyalarının tələblərinə cavab verən sortların və hibridlərin yaradılması, toxumçuluğun yaxşılaşdırılması, müasir kənd təsərrüfatı maşın və mexanizmlərindən istifadə olunması, suvarmanın və növbəli əkinlərin tətbiqi, torpaqların münbitliyinin artırılması, istixana komplekslərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi vacibdir.
Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün ötən il 6 yeni istixana kompleksi istifadəyə verilib. Bunlardan biri də Kəngərli rayonunun Böyükdüz kəndində yerləşən “Naxçıvan bağları” Tərəvəz Məhsulları İstixana Kompleksidir. Müəssisənin illik istehsal gücü 1300 tondur.
Hazırda muxtar respublikada ümumi sahəsi 100 min kvadratmetrdən çox olan istixana kompleksləri fəaliyyət göstərir. Bu da payız-qış mövsümündə əhalinin keyfiyyətli tərəvəz məhsulları ilə təminatında mühüm rol oynayır.
Muxtar respublikada əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir. Bununla belə, tələbatdan artıq olan məhsulların emala yönəldilməsi də prioritet məsələlərdəndir. Meyvə və tərəvəz məhsullarından hazırlanan müxtəlif turşular, tomat pastası, mürəbbələr, şirələr, pürelər və digər konserv məmulatlarını istehsal etməklə əhalinin bu məhsullara olan tələbatını ödəmək mümkündür.
Dövlət proqramında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin də qarşısında bir çox vəzifələr qoyulub. Belə ki, adıçəkilən nazirliyə Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik unudulmuş (aborigen) meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması, eləcə də meyvə-tərəvəz əkinləri sahəsində yüksək məhsul istehsalına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması kimi vəzifələrin icrası tapşırılıb.
Nazirliyin əməkdaşları tərəfindən yüksək reproduksiyalı, məhsuldar toxumla təminatı yaxşılaşdırmaq məqsədilə təchizat bazasının yaradılması, torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılması üçün rayonlarda həmin ərazilər mütəxəssislər tərəfindən xəritələnib və torpaq mülkiyyətçilərinə lazımi məsləhətlər verilib.
Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əkinəyararlı torpaq sahələrində meyvə və tərəvəz əkinlərinin əkin atlaslarına uyğun təşkil edilməsi, muxtar respublikada özünəməxsus ənənələrə malik olan meyvə, həmçinin tərəvəz sahələrinin genişləndirilməsi istiqamətində xeyli işlər görülüb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda ötən il tərəvəz əkini sahələri 6125 hektara, meyvə bağları sahələri isə 4382 hektara çatdırılıb.
Yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət bağların salınması, torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla meyvə və tərəvəzçiliyin rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, torpaqların münbitliyinin artırılması ilə əlaqədar yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Meyvəçilik və tərəvəzçilik sahələrinə yerli və xarici kapitalın cəlb olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi, həmçinin meyvə-tərəvəzçilik sahəsində yüksək reproduksiyalı, yerli şəraitdə məhsuldarlıq baxımından özünü doğrul­dan toxum və ting istehsal edən sahibkar­lara dövlət tərəfindən maliyyə dəstəyi göstərilib və onlara müvafiq güzəştli kreditlər verilib.
Meyvə-tərəvəzçilik sahəsində zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə istifadə edilən kimyəvi preparatlara olan ehtiyac və meyvə-tərəvəz əkinlərində kompleks aqrotexniki tədbirlərin həyata keçirilməsi təmin olunub, sahibkarlara lazımi köməkliklər göstərilib.
Təbii fəlakət və digər səbəblərdən meyvə-tərəvəz əkinlərinə dəyə biləcək zərərin ödənilməsi üçün sığorta tədbirlərinin reallaşdırılması, üzvi və mineral gübrə istehsalı sahələrinin genişləndirilməsi üçün torpaq mülkiyyətçilərinə və fermerlərə bu haqda lazımi tövsiyələr verilib.
İstehsal olunan meyvə-tərəvəz məhsullarının realizə edilməsi üçün sahibkarlar arasında marketinq işinin təbliği, sərgi-satış yarmarkalarının təşkili və eləcə də qış aylarında əhalinin faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması, mövcud sahələrin genişləndirilməsi dövlət proqramında qarşıya qoyulan vəzifələrdəndir ki, bu istiqamətdə də işlər davam etdirilir.
Sahibkarlar və torpaq mülkiyyətçiləri yaradılmış imkanlardan səmərəli istifadə etməklə bu il də uğurlarını daha da artıracaqlar. Ölkənin ərzaq bazarının inkişafı ilə yanaşı, insanların sağlamlığı və gələcək nəslin həyatının təhlükəsizliyi də məhz bu gün görülən işlərin keyfiyyətindən çox asılıdır. 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunub. Bu, dövlətin kənd təsərrüfatı sahəsinə xüsusi əhəmiyyət verdiyini bir daha təsdiq edir.

Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR