22 Dekabr 2024, Bazar

 İnvestisiyalar artıq uzunmüddətli layihələrə yönəldilir

2014-cü ildə bank sektorundakı dəyişikliklər, ümumilikdə, iqtisadiyyatın inkişaf tendensiyasına uyğun şəkildə davam etmişdir. Ötən il xüsusilə bank sektorunun maliyyə göstəricilərinin yaxşılaşması, bankların pul yaratmaq qabiliyyətinin artması, onların iqtisadi inkişafda iştirakının yüksəlməsi dövrü kimi xarakterik olmuşdur.
Qeyd olunan dövr ərzində muxtar respublikada fəaliyyət göstərən bank filiallarının sayı da artmışdır. Belə ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında yeni filialları açılmış, daha sürətli, keyfiyyətli və əlverişli xidmətlər hesabına müştəri seqmentinin daha da artırılmasına nail olunmuşdur.
Bankların vasitəçilik funksiyalarının səviyyəsini xarakterizə edən göstəricilərdə də yaxşılaşma müşahidə olunmuş, həm depozitlərin, həm də kreditlərin həcmi sürətlə artmışdır. Bank sektoru göstəriciləri içərisində iqtisadiyyata kredit qoyuluşları öz artım tempinə görə xüsusilə fərqlənir. Belə ki, 2014-cü il ərzində muxtar respublikada fəaliyyət göstərən bank sektoru tərəfindən iqtisadiyyata qoyulmuş kreditlərin həcmi ilk dəfə olaraq 100 milyon manatı ötmüş və 100 milyon 667 min manat olmuşdur. Artımla yanaşı, kredit qoyuluşlarının zamana görə strukturu da dəyişmiş və uzunmüddətli kreditlərin cəmi kreditlərdəki çəkisi 84,6 faiz təşkil etmişdir. Yaranmış iqtisadi stabilliyin nəticəsidir ki, investisiyalar artıq uzunmüddətli və daha böyük olan layihələrə yönəldilməkdədir.

Bu artım il ərzində verilmiş kreditlərin həcmində də müşahidə olunmuşdur. Belə ki, əvvəlki illə müqayisədə 2014-cü il ərzində banklar tərəfindən iqtisadiyyatın müxtəlif fəaliyyət növləri üzrə verilmiş kreditlərin həcmi 4 milyon 692 min manat artaraq 54 milyon 457 min manat təşkil etmişdir. Artım ən çox tikinti sektoruna yönləndirilmiş kreditlərdə müşahidə edilmiş və əvvəlki illə müqayisədə 3 milyon 80 min manat artaraq 7 milyon 180 min manat olmuşdur. Bu göstərici muxtar respublikamızda son illərdə dinamik artım tempinə malik tikinti sahəsinin inkişafında bank sektorunun mühüm paya malik olduğunu göstərməkdədir. Tikinti sahəsi ilə yanaşı, ipoteka kreditlərinin həcmində də ötən illə müqayisədə 1 milyon 70 min manat artım müşahidə olunmuş və 3 milyon 731 min manat təşkil etmişdir.
2014-cü ildə kənd təsərrüfatının kreditləşdirilməsində də yüksək artım müşahidə olunmuşdur. Belə ki, bu istiqamətdə verilmiş kreditlər ötən illə müqayisədə 3 milyon 172 min manat artaraq 17 milyon 956 min manata çatmışdır. Kənd təsərrüfatı kreditlərinin canlanmasında əhəmiyyətli rol oynayan amillərdən biri də məhz “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə üzrə bu istiqamətdə ən aşağı faiz dərəcələrinin tətbiq olunmasıdır. İstehlak kreditlərinin verilməsi zamanı da ənənə pozulmamış və əvvəlki illə müqayisədə 2 milyon 105 min manat artım olmaqla, 16 milyon 867 min manat təşkil etmişdir.
Bankların vasitəçilik funksiyalarının səviyyəsini xarakterizə edən digər göstəricilərdən biri də məhz depozitlərdir ki, bu istiqamətdə bu günə qədər ən yüksək göstərici müşahidə edilmişdir. 1 yanvar 2015-ci il tarixə banklar tərəfindən cəlb edilmiş depozitlərin həcmi 6 milyon 772 min manata çatmışdır. Depozit qoyuluşlarının valyuta strukturunda milli valyutada olan depozitlərin çəkisi 74,3 faiz olmaqla, 5 milyon 32 min manat, xarici valyutada olan depozitlər isə 25,7 faiz olmaqla, 1 milyon 740 min manat təşkil etmişdir. Milli valyutada depozitlərin həcminin əvvəlki illərlə müqayisədə artması isə iqtisadi subyektlərin uzunmüddətli sərvətsaxlama vasitəsi kimi milli valyutaya etibar etmələrindən irəli gəlir. Milli valyutada olan depozitlərin artımına səbəb olan əsas amillərdən biri də məhz 2014-cü il ərzində milli valyuta vahidi olan manatın güclənməsi və xarici valyuta qarşısında dayanıqlı olmasıdır.

Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar
Respublikası İdarəsinin aparıcı mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR