22 Dekabr 2024, Bazar

Südeyf Hacıyevi Ordubad rayonunda daha çox təhsil sahəsində saç-saqqal ağardan bir müəllim kimi tanıyırlar. Bu gün təqaüddə olan Südeyf Hacıyev həm də hələ gənclik illərindən bağçılıqla məşğul olur. Gözəl meyvə bağı var. Bağda növbənöv meyvə tingləri əkib. Yetişdirdiyi meyvələrin sorağı çox yerə yayılıb. Bu gün də özünün sevimli məşğuliyyətindən ayrılmır. Deyir ki, bağda çalışanda bir dinclik tapıram, bütün yorğunluğum canımdan çıxır.

Son illər muxtar respublikada meyvəçiliyin inkişafı ilə bağlı görülən işlərdən xeyli sevindiyini bildirən Südeyf Hacıyev vurğulayır ki, Ordubad rayonunu təsadüfən bağlar diyarı adlandırmırlar. Tarixən Ordubad rayonunda ağac əkmək, ağac hədiyyə etmək, bağ salmaq adəti olub və bu xeyirxahlıq savab əməl sayılıb. Buraya yolu düşən səyyahlar Ordubad bağbanlarının səriştəsi, onların saldıqları bağlar, yetişdirdikləri meyvələr haqqında yüksək fikirlər söyləyib, hətta buradan dünyanın bir çox ölkə­lərinə müxtəlif tinglər aparıblar. Qədim mənbələrdə, yazılı kitabələrdə də Ordubad və onun meyvələri haqqında ətraflı məlumatlar verilir. Məşhur səyyah Hacı Zeynal­abdin Şirvani, ingilis səyyahı Antona Cenkinson, rus akademiki İ.İ.Vavilov, Hollandiya səyyahı Le-Buyuni və başqalarının Ordubada, burada yetişdirilən meyvə sortlarına yüksək qiymət verdiklərini deyən Südeyf müəllim fransız etnoqrafı İ.İ.Şopenin Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə, coğrafiyasına həsr etdiyi əsərində əla meyvələri – üzümü, əriyi, şaftalısı, albuxarası, heyvası olan Ordubadın Qafqazda, hətta Şərqdə qazandığı şöhrət, həmçinin sağlam iqlimi haqqında məlumat verməsindən qürurla danışır.

Deyir ki, Ordubad şəhər əhalisinin əsas məşğuliyyəti bağçılıqdır. Geniş meyvə bağları hər tərəfdən şəhəri əhatə edir. Ordubadın meyvələri bütün Orta Şərqdə şöhrət tapıb. Albuxarası, şaftalısı, əriyi, heyvası, cəvizi əladır. Söhbətimizə digər bir ordubadlı bağban Rahib Kərimov qoşulur:
– Ordubadda yetişdirilən meyvələrin müxtəlif sortları var. Məsələn, şaftalının ağnazlısı, narıncısı, yarma zəfəranı, ağ alanayısı, pulusu, payız salamısı və güştüsü öz dadı və tamı ilə tanınır. Ağ təbərzə, əbutalibi kimi ərik sortları yüz illərdir ki, Ordubadın, necə deyərlər, brendinə çevrilib. Meyvələr zahiri görünüşü cəhətdən nə qədər gözəldirsə, bir o qədər də şirin, lətif və ətirlidir. 1861-ci ildə Ordubad şaftalısı ABŞ-da təşkil edilmiş meyvəçilik sərgisində yüksək qiymətə layiq görülüb. Bu meyvə həmin qiyməti həm də Almaniyada və İtaliyada alıb, eyni zamanda Moskvada keçirilən ümumittifaq kənd təsərrüfatı sərgilərində yüksək dəyərləndirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb. Ümumilikdə isə Ordubad meyvələri dəfələrlə beynəlxalq sərgilərə çıxarılıb, 9 medal qazanılıb. Ordubad öz quru meyvələri (qaysava, qaysı, alana, basdıq və sair) ilə də tanınıb. Burada meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb.
Məhəmmədəli Babayev də uzun illərdir ki, meyvəçiliklə məşğuldur. El ağsaqqalı deyir ki, vaxtilə bu bölgədə 40 növdə üzüm yetişdirilib. XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən 40-dan artıq ərik növünün çoxu Ordubadın payına düşürdü. Burada həm də geniş əraziləri əhatə edən tut bağları olub. Bu ağacın meyvəsindən çərəz kimi istifadə olunur, doşab bişirilir, yarpaqlarından baramaçılıqda istifadə edilirdi.
Məlumat üçün bildirək ki, yetişdirilən meyvə məhsullarının emalı üçün 1928-ci ildə ilkin mərhələdə illik istehsal gücü 400 min şərti banka olan Ordubad Konserv Zavodu istifadəyə verilib. Ötən əsrin 80-ci illərinin ortalarında burada məhsul istehsalının həcmi 40 milyon ədəd şərti bankaya çatdırılıb. Bu dövrdə müəssisədə 20 adda müxtəlif konserv məhsulları – cəviz, qızılgül, qovun, ərik, gilənar, tut mürəbbələri, cem, şirələr, ərik və şaftalı kompotları istehsal edilib. Həmin məhsullar ölkə­mizlə yanaşı, keçmiş SSRİ-nin müxtəlif respublikalarına və xarici ölkələrə də göndərilirdi.
“Bəs bu gün rayonda meyvəçilik sahəsində vəziyyət necədir?” – sualını Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov cavablandırır:
– Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr Ordubada böyük şöhrət gətirmiş meyvə bağlarına da təsirsiz ötüşmədi. Sözün həqiqi mənasında, meyvə bağlarına balta çalındı. Bir vaxtlar rayona, həmçinin bölgə sakinlərinə iqtisadi cəhətdən xeyli gəlir gətirən meyvə bağlarının boş qalmış sahələri gözdağına çevrildi. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Ordubadda meyvəçiliyin, bağçılığın şöhrəti özünə qaytarılmaqdadır. Hər il yaz və payız aylarında keçirilən iməciliklərdə rayon ərazisində meyvə bağları salınması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonda meyvəçiliyin inkişafına marağı daha da artırıb. Dövlət proqramında da qeyd edildiyi kimi, proqramın qəbulunda başlıca məqsəd bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə istehsalının inkişaf еtdirilməsindən, yüksək istеhlak хüsusiyyətlərinə malik mеyvə bağlarının salınmasından, onların ixtisaslaşdırılmasından, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab vеrən tехnologiyalar əsasında yеni mеyvə еmalı müəssisələrinin yaradılmasından ibarətdir. Bu baxımdan Ordubad rayonu daha geniş imkanlara malikdir. Bu imkanlardan səmərəli istifadə olunur. Öyrəndik ki, 2004-cü ildən 2015-ci ilədək rayonda 137,9 hektar sahədə meyvə bağı salınıb. Yeni salınan meyvə bağlarının 13,4 hektarı keçən ilin payına düşüb. Sabirkənddə Xəlil Fərəcov, Nəsirvazda Nicat Rzayev, Xursda Çimnaz Bayramova, Unusda Hüseyn Mirzəyev və başqaları unudulmaqda olan meyvə sortları tinglərinin əkilməsinə üstünlük veriblər. Bir məsələni də qeyd edək ki, yeni meyvə bağları salınması üçün 2012-2014-cü illərdə 7 nəfərə, ümumilikdə, 98 min manat kredit verilib. Həyata keçirilən tədbirlər bəhrəsiz qalmayıb. Belə ki, ötən il meyvə bağlarından 1583 ton məhsul tədarük olunub.
Yeri gəlmişkən onu da qeyd edək ki, ordubadlıların başlıca məşğuliyyət sahələrindən biri də limon yetişdirilməsidir. Dünyanın heç bir yerində yetişdirilən limon Ordubad limonu ilə müqayisə edilə bilməz. Həm də müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə, limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib. Burada hasilə gətirilən limon məhsulunun şöhrəti bütün ölkəmizə yayılıb. Dövlət pro­qramı bu sahənin də inkişaf etdirilməsində mühüm rol oynayıb. Limonçuluqla məşğul olan 8 nəfər istixana qurmaq üçün dövlətdən 143 min manat kredit götürüb. Ordubad şəhərində, Aza, Vənənd, Aşağı Əndəmic kəndlərində və digər yaşayış məntəqələrində bu sahə ilə məşğul olanların sayı ötən illərdə daha da artıb. Təbii ki, bu, məhsul istehsalının artımında da özünü göstərib. Bir məsələni də vurğulayaq ki, istehsal olunan məhsul Bakı şəhərində də özünə xeyli alıcı toplayıb.
Qarşıdan yaz fəsli gəlir. Rayonun torpaq mülkiyyətçiləri, idarə, müəssisə və təşkilatlar yaz iməciliklərində yeni meyvə bağları salmaq üçün hazırlıq işlərini sürətləndirməkdədirlər.
Ordubad rayonu həm də tərəvəzçiliyin inkişafı üçün münbit torpağı və iqlim şəraiti olan bölgələrdən biridir. Rayonda bu sahədə güclü təsərrüfatçılıq ənənələri formalaşdırılıb, zəngin təcrübə qazanılıb. Ordubadın iqlim şəraiti burada bəzi tərəvəz məhsullarının ildə 2 dəfə əkilib-becərilməsinə imkan verir. Torpaq mülkiyyətçiləri bu imkandan da səmərəli istifadə edirlər.
Bölgənin, əsasən, aran yaşayış məntəqələrində hər il tonlarla tərəvəz məhsulu istehsal olunur. Son illərdə rayonda istixanaların sayı bir neçə dəfə artıb. Dəstə, Sabirkənd, Aza və Azadkənd, Baş Dizə, Kotam və digər yaşayış məntəqələrində ildən-ilə tərəvəz əkini sahələri genişləndirilir. Ötən il rayonda 672 hektar sahədə tərəvəz bitkiləri əkilib. Hektarın orta məhsuldarlığı 67 sentnerə çatdırılıb. Sahələrdən 4503 ton məhsul tədarük edilib. Bu da əvvəlki ildən 40,8 ton çoxdur.
Ümumilikdə isə 2012-ci ildən üzü bəri hər il tərəvəzçilikdə həm sahələrin genişləndirilməsi, həm də məhsuldarlığın yüksəldilməsi baxımından xeyli artım müşahidə edilib. Cari ildə də belə olacağı istisna deyil. Çünki tərəvəz məhsulları bir tərəfdən mətbəximiz üçün qiymətli qida məhsullarıdırsa, digər tərəfdən iqtisadi cəhətdən xeyli gəlir gətirən məhsullardır. Üstəgəl ki, dövlətimiz tərəfindən tərəvəzçiliklə məşğul olanlara müxtəlif yardımlar və kreditlər verilməsi bu sahəyə marağı daha da artırmaqla adıçəkilən dövlət pro­qramının uğurlu icrasında başlıca amil olub.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR