Naxçıvanda Xan Arazın gecə-gündüz keşiyini çəkdiyi, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən, yaşı qədimdən qədim olan, tikililəri, çinarları yüzilliklərə şahidlik edən bir diyar var. Çeşmələri bolsulu, ağacları barlı-bəhərli, insanları qonaqpərvər, son dərəcə mehriban olan bu diyara tarix “Ordubad” adını verib. Min illəri arxada qoyan, müstəqilliyin bəhrələrindən pay alan bu diyar indi ululardan ulu oğuz yurdunun gənc bir bölgəsinə bənzəyir. Ordubadın inkişafında mühüm rol oynayan isə ilbəil miqyasını və təyinatını genişləndirən quruculuq tədbirləri, aqrar bölməyə göstərilən dövlət dəstəyi, yurda, torpağa bağlı insanların zəhmətkeşliyidir.
Rayonda ötən il görülən işlərdən danışarkən əvvəlcə həyata keçirilən tikinti-quruculuq, abadlıq tədbirlərindən söz açmaq yerinə düşər. Qeyd etmək lazımdır ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələr Ordubad rayonunda da uğurla icra olunmaqdadır. Bəhs edilən dövrdə rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 51881,3 min manat və ya 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyanın həcmi 9,9 faiz artaraq 48590,6 min manat təşkil edib. Tikinti təşkilatları tərəfindən Aşağı Əylis kəndində Seysmoloji Stansiya, Sabirkənddə yeni məscid binası inşa edilib, Ordubad şəhərində 50 mənzilli binada əsaslı təmir işləri aparılıb. Behrud kəndində müasir tələblərə cavab verən 110 şagird yerlik yeni məktəb binası, kənd mərkəzi, xidmət mərkəzi, Biləv kəndində xidmət mərkəzi, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi üçün inzibati bina, Parağa kəndində 110 şagird yerlik yeni məktəb binası, kənd mərkəzi, xidmət mərkəzi, Yuxarı Əylis kəndində 252 şagird yerlik məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, bir ailə üçün 4 otaqlı ev tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Bəhs olunan dövrdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilib, Ordubad dəmiryol vağzalının köhnə binasının yerində isə yeni binanın inşası üçün hazırlıqlara başlanılıb. Rayonda strateji əhəmiyyətli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası, Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və içməli su xətlərinin çəkilişi davam etdirilir. Hazırda Ordubad şəhərində yeni uşaq bağçasının, Çənnəb kəndində məktəb binasının, kənd mərkəzinin və xidmət mərkəzinin inşası həyata keçirilir.
Ekoloji tarazlığın qorunmasında yaşıllaşdırma tədbirləri böyük əhəmiyyətə malikdir. Rayonda yaşıllaşdırma işlərinin aparılması da diqqət mərkəzində saxlanılıb. Ötən il 4400 ədəd meşə ağacı, 14364 ədəd meyvə ağacı, 1835 ədəd gül kolu, 313 ədəd həmişəyaşıl ağac olmaqla, cəmi 20912 ədəd ting əkilib. On bir hektarda meşəsalma, 8 hektarda isə meşəbərpa işləri həyata keçirilib.
Ötən il rayonda 7633,7 min manatlıq, yaxud 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz çox sənaye məhsulu istehsal olunub. 2012-ci il ərzində rayon büdcəsinin gəlirləri 884753 manat, xərcləri 11 milyon 77 min 871 manat olub.
Aqrar sahədə qazanılan uğurlar da sevindiricidir. Rayonda 2142 hektar taxıl əkini sahəsindən 5730 ton məhsul tədarük edilib. Ötən il 2013-cü ilin məhsulu üçün 1872 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bundan başqa, 572 hektar kartof əkini sahəsindən 8377,5 ton, 670 hektar tərəvəz əkini sahəsindən 4381,8 ton, 4 hektar qarğıdalı əkini sahəsindən 14 ton, 41 hektar bostan əkini sahəsindən 274,3 ton məhsul yığılıb. 2 min 424 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindən 6628 ton məhsul əldə edilib.
Barverən meyvə bağlarından 2640,6 ton, üzümlüklərdən 166,9 ton yüksək keyfiyyətli məhsul yığılıb. Ordubad rayonu üzrə meyvə bağlarının salınması üçün 7 nəfərə 98000 manat, limon istixanalarının yaradılması üçün isə 4 nəfərə 57000 manat kredit verilib.
Ötən ilin sonunadək bütün təsərrüfat sahələrində iribuynuzlu mal-qaranın sayı 8995, xırdabuynuzlu heyvanların sayı isə 61650 başa çatdırılıb. Arı ailələrinin sayında 2011-ci illə müqayisədə 645 ailə artım müşahidə olunub. Hesabat ilində rayonda ev quşlarının sayı 113860 başa çatdırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1792 baş çoxdur.
2012-ci ildə Ordubad rayonunda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 2011-ci illə müqayisədə 6 faiz artaraq 336,3 manata çatıb. Əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 13 min 969 kvadratmetrdən artıq yaşayış sahəsi tikilib. Muxtar respublika Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi 5511 nəfər pensiyaçıya xidmət göstərir. 2012-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 9 milyon 837 min manat vəsait xərclənib.
Rayonda 1941-1945-ci illər müharibəsi əlillərindən 1 nəfərə, Azərbaycanın ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirən 2 nəfərə “NAZ-Lifan” markalı avtomaşın verilib, 3 nəfər sağlamlıq imkanları məhdud vətəndaş isə respublikanın müxtəlif sanatoriyalarında müalicə almaq üçün yollayışla təmin edilib. Ordubad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən, ümumilikdə, 824 nəfərə 546 min 697 manat sosial müavinətlər və təqaüdlər ödənilib. Əhalinin Sosial Müdafiəsi Mərkəzi rayonda yaşayan 143 nəfər tənha ahıl və əlil vətəndaşa sosial məişət xidməti göstərib.
Rayon Məşğulluq Mərkəzinə 419 nəfər işaxtaran vətəndaş müraciət edib, qeydə alınan işaxtaranların 323 nəfəri işlə təmin olunub. Rayon üzrə əhalinin sayı artaraq ötən ilin sonuna kimi 47 min 668 nəfər, evlərin sayı isə 9148 olub.
Ordubad Rayon Dövlət Sığorta Agentliyi tərəfindən il ərzində icbari sığorta üzrə 5412 nəfərdən 261 min 463 manat, könüllü sığorta üzrə isə 5013 nəfərdən 39501 manat sıgorta tədiyyəsi toplanıb. Ümumilikdə, rayon üzrə 10425 sığorta müqaviləsi bağlanaraq 300965 manat vəsait yığılıb. Rayon Dövlət Sığorta Agentliyi tərəfindən il ərzində fərdi qəzanın sığortası üzrə 50 nəfərə 11126 manat vəsait ödənilib.
Ordubad rayonunda təhsilin inkişafına xüsusi diqqət yetirilir. Məlumat üçün bildirək ki, Ordubadda 33 tam orta, 3 ümumi orta, 1 ibtidai məktəb, ümumilikdə, 37 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ötən tədris ilində 302 nəfər ali məktəblərə sənəd verib. Məzunlardan 146 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə, 11 illik təhsil bazasından 17 nəfər, 9 illik təhsil bazasından isə 35 nəfər оrtа ixtisas məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunlardan 22 nəfəri 500-700 intervalında bal toplayıb, onlardan 5 nəfəri 600-dən yuxarı nəticə göstərib. 18 nəfər Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Məktəbli uşaqların yaradıcılıq potensialının artırılmasına da xüsusi diqqət yetirilib.
Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının çoxprofilli həkim heyəti Ordubad Rayon Mərkəzi Xəstəxanasında əməliyyata ehtiyacı olan 49 xəstəni əməliyyat edib, 1987 xəstəni isə tibbi müayinədən keçiriblər. 2012-ci ildə rayonda 641 uşaq dünyaya gəlib.
Rayon əhalisinə 2012-ci il ərzində 1 rayon Mədəniyyət Evi, 16 kənd mədəniyyət evi, 25 klub, 1 Xalq teatrı, 3 muzey, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 42 kənd filialı, 1 uşaq kitabxanası, 2 Uşaq Musiqi Məktəbi mədəni xidmət göstərib. Naxçıvan şəhərində keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində Unus kənd mədəniyyət evinin “Unus qönçələri” folklor kollektivi uğurla çıxış edərək üçüncü dərəcəli diploma layiq görülüb.
Ordubad Rayon Gənclər və İdman İdarəsi uşaq, yeniyetmə və gənclərin fiziki hazırlıqlarının yüksəldilməsi, onların hərbi vətənpərvərlik tərbiyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması məqsədilə bir sıra tədbirlər həyata keçirib, rayonda muxtəlif idman yarışları, müsabiqələr təşkil olunub, qaliblər muxtar respublika tədbirlərində iştirak ediblər.
Ordubad Rayon Rabitə İdarəsi 23 АТS və 16 poçt bölməsi vasitəsilə rayon əhalisinə xidmət göstərib. İl ərzində 260 evə yeni telefon xətti çəkilib. Yeni Nəsil Telekommunikasiya Şəbəkəsinin tətbiqi istiqamətində işlər davam etdirilib. Rayon üzrə 761 abonent sürətli internetin imkanlarından istifadə edir. Rabitə İdarəsinin tarif gəliri 449504 manat, pullu xidmət 435738 manat olub.
Rayon Elektrik Şəbəkəsi tərəfindən 48 ədəd transformator yarımstansiyasında təmir işləri aparılıb, yeni obyektlərə və köhnələn xətlərin əvəzinə 4,8 kilometr uzunluğunda elektrik xətti çəkilib, 5 ədəd müxtəlif gücə malik yeni transformator yarımstansiyası quraşdırılıb. İl ərzində rayona 1 milyon 10 min 100 manat dəyərində 16 milyon 835 min kilovat-saat elektrik enerjisi daxil olub, 1 milyon 21 min 200 manat vəsait toplanıb. Bu vəsaitin də 730 min 200 manatı əhalidən, 79 min manatı özəl müəssisələrdən, 212 min manatı təşkilatlardan yığılıb. Rayon Qaz İstismarı İdarəsi il ərzində 2686 metr uzunluğunda yeni qaz xətti çəkib. İl ərzində 84 mənzilə yeni qaz xətti çəkilib, 239 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub.
Son on yeddi ildə qurub-yaradanların əməyi bu diyarı gülüstana, hər sahədə inkişaf etmiş bölgəyə çevirib. Bunun üçün isə ordubadlılar dövlətimizə minnətdardırlar. Ordubadın müasir siması ulu öndər Heydər Əliyevin quruculuq xəttinin konkret bir rayonda bəhrəsidir. Ümummilli liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad bu gün həm də müasirliyi ilə öyünür. Tarixiliyi qorunub saxlanılmaqla sürətlə yeniləşdirilən bu bölgəmiz Azərbaycan dövlətinin sosial sahədə həyata keçirdiyi tədbirlərin, Heydər Əliyev ideyalarının yaradıcı gücünün əyani təcəssümüdür.
Səbuhi HÜSEYNOV