Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Bu istiqamətdə işlər ötən ildə də uğurla davam etdirilib.
“Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində müxtəlifölçülü və formada qızıl, gümüş zinət əşyaları, medal və döş nişanları istehsalı sahəsi üçün yeni müəssisənin inşasına başlanılıb. Layihə üzrə müəssisənin qurulmasına 680 min manat investisiya tələb olunur ki, bunun 600 min manatı Sahibkarlığa Kömək Fondundan, 80 min manatı isə müəssisənin daxili imkanları hesabına ödəniləcək.
Müəssisə muxtar respublikamızda əhalinin qızıl, gümüş zinət əşyalarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır. Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan müəssisədə Türkiyə və İtaliyadan alınmış müasir avadanlıqlar quraşdırılacaq. Burada ay ərzində 20-30 kiloqram qızıl, gümüş zinət əşyaları, medal və döş nişanları istehsal ediləcək, zinət əşyalarının xarici bazarlara çıxarılmasına imkan yaradılacaq.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün obyektə “Dizayn İnşaat” MMC-nin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Hazırda obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.
Yeni istehsal sahəsinin yaradılması daxili bazarın keyfiyyətli zinət əşyaları ilə təmin olunmasına əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq, burada 12 nəfər mütəxəssis daimi işlə təmin olunacaq.
Kərəm HƏSƏNOV