Ötən il Şahbuz rayonunda həyata keçirilən quruculuq tədbirləri bölgənin füsunkar gözəlliyinə əlavə çalarlar qatıb. Rayon mərkəzində rabitə evinin əsaslı təmiri, şəhər mərkəzinin tikintisi başa çatdırılıb.
Gömür kəndində kompleks quruculuq tədbirləri çərçivəsində kənd və xidmət mərkəzləri inşa olunub, feldşer-mama məntəqəsi üçün bina tikilib. Həmin yaşayış məntəqəsində 110 şagird yerlik tam orta məktəb binası yenidən qurulub. Şahbuz şəhərində bir yaşayış binasının təmiri başa çatdırılıb, 1 yaşayış binasında bu tədbir davam etdirilib. Ahıllar evinin əsaslı təmiri, 216 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının tikintisi, Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması da ötən ilin quruculuq tədbirlərindəndir.
Ən ucqar dağ kəndi olan Nursu kəndində həm də xidmət mərkəzi və həkim ambulatoriyası binaları tikilib. Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilib.
“Rayon mərkəzi və ətraf kəndlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində 16,18 kilometr içməli su xətti, 1,9 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 276 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb, 30 metr kaptaj tikilib.
Hazırda Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilir.
Xəbərlər şöbəsi