Enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, daxili imkanlar hesabına sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Muxtar respublikamızda bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün görülmüş işlər ötən 2014-cü ildə də öz bəhrəsini verib, sənaye məhsulu istehsalında dinamik artıma nail olunub.
Hazırda muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, 2014-cü ildə muxtar respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun həcmindəki artım ötən illə müqayisədə 2,5 faiz olub.
Sənaye iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında başlıca sahədir. Məhz bu, ötən 2014-cü ildə ölkəmizdə elan olunmuş “Sənaye ili”ndə qarşıda duran əsas vəzifələrdən olub ki, muxtar respublikamızda da bu sahədə mühüm layihələr həyata keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikasında 352 növdə məhsul istehsal olunur. Bunun 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. Naxçıvanda istehsal edilən sənaye məhsulları arasında plastik qapaqdan avtomobilə qədər çoxşaxəliliyə nail olunub. Bunu regionda yaradılan sənaye müəssisələrinin sayında da görmək mümkündür. Belə ki, 2003-cü illə müqayisədə regionda sənaye müəssisələrinin sayı 7 dəfə artıb. Sənaye məhsulunun artırılmasına yönəlmiş kreditləşmənin də burada mühüm əhəmiyyəti vardır. Belə ki, 2014-cü ildə sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 674 min 300 manat həcmində kredit verilib. Ümumilikdə isə 2014-cü ildə muxtar respublikada dövlət dəstəyi ilə 47 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib, 313 milyon 481 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunub.
Xəbərlər şöbəsi