Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması, aid qurumların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və səmərəliliyin artırılması diqqət mərkəzində saxlanılır. Son illərdə yeni avtovağzalların tikilib istifadəyə verilməsi, rahat, geniş, müasir standartlara cavab verən yolların çəkilməsi, müasir sərnişin dayanacaqlarının quraşdırılması, şəhərdaxili və şəhərlərarası sərnişindaşımada istifadə olunması üçün iritutumlu, rahat avtobusların alınıb muxtar respublikamıza gətirilməsi bu diqqətin bariz ifadəsidir.
Yol-nəqliyyat şəbəkəsinin inkişafı istiqamətində müəyyənləşdirilən tədbirlər 2014-cü ildə də davam etdirilib, nəticədə, nəqliyyat sektorunda yük və sərnişindaşımalarının həcmi artan xətt üzrə inkişaf edib. Belə ki, muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü illə müqayisədə 1,9 faiz, sərnişindaşıması 1,8 faiz artıb. Yük və sərnişindaşımalarından 47 milyon 570 min manat gəlir əldə edilib ki, bu da 2013-cü ildəki müvafiq göstəricini 2,1 faiz üstələyib.
Xəbərlər şöbəsi