Davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri bu inkişafın dinamikasına mütənasib olaraq əhali gəlirlərinin də artırılmasıdır. Muxtar respublikamızda dövlətin sahibkarlığa verdiyi dəstək və səmərəli məşğulluğun təmin olunması sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət ötən il də öz bəhrəsini verib və muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 2,2 faiz artaraq 1 milyard 775 milyon 742 min manata, onun hər bir nəfərə düşən həcmi isə 0,8 faizlik artımla 4059 manata çatıb. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 391,3 manat olub ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 3,9 faiz çoxdur.
Əhali gəlirləri istiqamətində əldə olunan dinamik inkişaf insanların sosial müdafiəsinə möhkəm zəmin yaradır. İnsanların istehlak tələbatının artması ilə paralel olaraq real gəlirlərin formalaşdırılması və yenidən bölgünün düzgün təşkili bu məsələlərin həllində mühüm əhəmiyyət daşımaqdadır. Bu baxımdan iqtisadi aktivliyin daha da artırılması üçün sahibkarlıq fəaliyyətinə verilən dəstək ötən ildə də öz bəhrəsini verib. Belə ki, 2014-cü ildə muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 33 milyon 548 min 500 manat təşkil edib. Bu kreditlərdən 21 milyon 482 min 500 manatı fərdi sahibkarlığın inkişafına, 12 milyon 66 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunub.
Qeyd edək ki, muxtar respublikada əhali gəlirlərinin artırılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm əhəmiyyəti olub. Belə ki, ötən bir il ərzində muxtar respublikada 3805 yeni iş yeri yaradılıb ki, bunun da 3709-u daimi iş yerləridir.
Xəbərlər şöbəsi