22 Dekabr 2024, Bazar

Əhalinin davamlı olaraq keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına yönəlmiş dövlət siyasəti hazırda insan inkişafı naminə həyata keçirilən işlərin əsas istiqamətlərindən biridir. Ölkənin ərzaq bazarının inkişafı ilə bərabər, insanların sağlamlığı və ömür uzunluğu, gələcək nəsillərin həyatının təhlükəsizliyi də məhz indidən bu sahədə görülmüş işlərin keyfiyyətindən çox asılıdır. Odur ki, kənd təsərrüfatı sahəsində verilən hər bir qərar, görülən hər bir iş keçmiş dövrlərdən tutmuş müasir texnoloji tərəqqi dövrünədək həmişə aktuallığını qoruyub saxlayıb.
2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunub. Şübhəsiz, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 6,1 faiz çoxdur. Ötən il muxtar respublikada tələbatdan çox istehsal edilmiş 95 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları xarici bazarlara ixrac olunub. Bununla yanaşı, kənd təsərrüfatında keyfiyyət göstəricilərinin davamlı olaraq artırılması, sahənin müasir aqrar elminin tələblərinə və Naxçıvan Muxtar Respublikasının torpaq, su və iqlim ehtiyatlarının xüsusiyyətlərinə görə inkişafının təmin olunması günün aktual məsələsi kimi qalmaqdadır. Bu gün Naxçıvan Muxtar Respublikası 20 il əvvəlki kimi az qala yüz faiz idxaldan asılı olan bir regiondan artıq hazır məhsul ixracatçısına çevrilib. Lakin bu ixrac məhsulları içərisində sənaye mallarının üstünlük təşkil etməsi kənd təsərrüfatı sahəsində qarşıda işlərin çox olduğunu göstərir. Halbuki Naxçıvan torpağı keçmişdə yaxın regionda yüksəkkeyfiyyətli meyvə və tərəvəzi, heyvandarlıq və arıçılıq məhsulları ilə tanınıb. İndinin özündə də hər il Naxçıvandan kənara sifarişlə tonlarla belə məhsullar daşınır.
Kənd təsərrüfatı dedikdə yaz-qış demədən çəkilən minbir zəhmət, nemətlər tarladan süfrəyə gələnədək bir-birini tamamlayan çox sayda işlər başa düşülür. Aqrar sektorda bitkiçilik və heyvandarlıq məhsulları istehsalı, onların emalı, saxlanması və satışının uzunmüddətli dövr üçün kompleks şəkildə həll olunması, burada iqtisadi mənafelərimizin düzgün tənzimlənməsi, yerli əhalinin iqtisadi və ekoloji maraqlarının qorunması, daxili bazarın maraqlarının mühafizə olunaraq istehsal olunan məhsulların dünya standartları səviyyəsində ixracı üçün lazımi şərait yaradılması qarşıda duran mühüm vəzifələrdəndir. Bundan başqa, aqrar sahədə, xüsusən heyvandarlıq və maldarlıqda yeni texnologiyaların tətbiqi də öz aktuallığını qorumaqdadır.
Torpaqlardan səmərəli istifadə məsələləri bu gün aqrar elmin qarşısında duran əsas vəzifələrdəndir. Əvvəllər torpaqların məhsuldarlığı, ilin bərəkəti haqqında ağsaqqalların söhbətlərinə çox qulaq asmışıq. O dövrdə hələ aqronom, baytar tapılmayanda dədə-babadan gələn yüz­illərin təcrübəsi ilə insanlar kəndin hansı ərazisində, ilin hansı fəslində nə əkiləcəyini, nə zaman biçiləcəyini əzbərdən bilir, bircə dəfə baxmaqla xəstələnmiş heyvanın dərdini tapır, dərmanını deyirdilər. Lakin bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da zaman öz sözünü deməkdə, elmi nəticələr əsasında işlər təşkil olunmaqdadır. Başqa sözlə, müasir kənd təsərrüfatı dedikdə yalnız dədə-baba qaydaları ilə təkcə torpaqdan səxavət ummaq deyil, eyni zamanda insanın ağlı və yeni texnikanın gücü ilə bərabər, becərilən yüz minlərlə hektar bağ-bostan, ərsəyə gətirilən barlı-bərəkətli nemətlər başa düşülür. Bu sahədə elmi yeniliklərin, innovasiyaya əsaslanan, mütərəqqi texnologiyanın tətbiqi torpaq və su resurslarından səmərəli istifadəyə, ərzaq təhlükəsizliyinin və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan verir. Başqa sözlə, ərzaq məhsulları ilə etibarlı təminatla bərabər, ölkənin valyuta vəsaitlərinin də qorunmasına yönəlmiş inkişaf strategiyası kənd təsərrüfatının inkişafı üçün də mühüm şərtdir.
Bütün bunlar ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi və Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına yönəldilmiş mühüm dövlət pro­qramlarının uğurlu icrası istiqamətində görülmüş işlərin əsas qayəsini təşkil edir. Hələ neçə illər bundan əvvəl həyata keçirilmiş məqsədyönlü işlər nəticəsində hazırda blokada şəraitində yaşayan Naxçıvan da daxil olmaqla bütün ölkəmizdə ərzaq təhlükəsizliyi tam təmin olunub. Artıq bütün ölkəmizdə ən zəruri ərzaq məhsulları ilə uzunmüddətli təminat tam dövlət nəzarətindədir. Lakin ərzaq təhlükəsizliyinin iqtisadi təhlükəsizlik hesabına həll olunması da uzunmüddətli perspektiv üçün ağlabatan deyil. Başqa sözlə, yalnız öz istehsalı hesabına bir neçə illik taxıl ehtiyatının yaradılması və bundan sonra yerli imkanlar hesabına istehsal oluna biləcək, ancaq bunun yerinə idxal yolu ilə məhsulların süfrəmizə gətirilməsi qiymətli valyuta ehtiyatlarımızın tükənməsi, iqtisadi təhlükəsizliyimizin zəifləməsi deməkdir. Halbuki həmin valyuta ilə geniş ərazilərdə yeni bağlar salınar, suvarma sistemləri qurular, yeni kənd təsərrüfatı texnikası, damazlıq mal-qara, dərmanlar alınar, emal müəssisələri yaradılar. Yaxın keçmişlə müqayisədə muxtar respublikada bu sahədə də görülən işlər az deyil. Belə ki, təkcə “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində yaradılmış istixana kompleksləri sayəsində ilin bu vaxtında marketlərimiz “Naxçıvan bağları”nın təzə tərəvəzləri ilə tam təmin olunub. Göründüyü kimi, tək bir sahədəki sahibkar təşəbbüsü region iqtisadiyyatına nə qədər töhfə verib, nə qədər yeni iş yeri yaradılıb.
Kiçik bir yazıda sənaye ilə birlikdə iqtisadiyyatın iki əsas sahəsindən biri olan kənd təsərrüfatı ilə bağlı qənaətimizi paylaşdıq. Əlbəttə, muxtar respublikamızda sahənin mütəxəssisləri vardır və bu sahənin elmi yükünü daşıyan insanların qiymətli fikirləri oxucularımız, eləcə də kənd təsərrüfatından öz çörəyini çıxaran zəhmət adamları üçün dəyərli olacaqdır. Qarşıda hələ bütöv bir “Kənd təsərrüfatı ili” vardır və bu dövr ərzində görüləcək bütün işlər, söylənilən bütün fikirlər qarşıdakı növbəti onilliklər üçün yaddaqalan uğurlu başlanğıc olacaqdır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR