22 Dekabr 2024, Bazar

 Proqramın qəbul olunmasından ötən bir il ərzində həyata keçirilən tədbirlər belə deməyə əsas verir

Qədim diyarımızın tarixinə “Muxtariyyət ili” kimi yazılan 2014-cü ildə muxtar respublikada həyatın bütün sahələrində yüksək inkişaf tempi təmin olunub, tikinti-quruculuq işləri geniş həcmdə davam etdirilib. Bu tədbirlərdən paytaxt şəhərimiz Naxçıvana da xeyli pay düşüb. Müasir arxitektura üslubunda həyata vəsiqə alan müxtəliftəyinatlı tikililər şəhərin hüsnünü daha da gözəlləşdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu prosesdə mühüm əhəmiyyət kəsb edən dövlət sənədi kimi Naxçıvan şəhərinin müasirliyə qovuşmasında başlıca amil olub.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2014-cü ildə proqrama əsasən həyata keçirilən quruculuq tədbirləri müxtəlif sahələri əhatə edib. Bu dövrdə inzibati və ictimai yaşayış binalarının tikintisi və təmiri davam etdirilib, istilik, su təchizatı və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat sahələrində xeyli iş görülüb, yaşıllaşdırma və abadlıq tədbirləri aparılıb, təhsil, səhiyyə, mədəniyyət müəssisələri üçün yeni binalar inşa olunub.
Bəhs olunan dövrdə “Naxçıvan” Universitetində tədris, inzibati və yataqxana binalarından ibarət yeni kompleks inşa olunub. Proqram çərçivəsində Naxçıvan Dövlət Universitetinin “baytarlıq” ixtisası üçün yeni bina tikilib və universitetin poliklinika binasında yenidənqurma işləri aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması, Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni binanın inşası davam etdirilib.
Muxtar respublikada mədəniyyət və turizmin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir, milli-mədəni irsimizin qorunması və təbliği sahəsində uğurlu nəticələr qazanılır. Naxçıvan şəhərinin inkişaf proqramında bu məsələ də nəzərə alınıb. Belə ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində tikinti-bərpa işləri, Bayraq Meydanı və Muzeyinin inşası başa çatdırılıb. Proqrama əsasən, şəhərin Kalbalıxan küçəsində Xatirə Muzeyinin tikintisi yekunlaşdırılıb.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yenidən qurulub, qəsəbədəki ictimai-yaşayış binalarında əsaslı təmir işləri aparılıb, qəsəbəarası yollara qara örtük salınıb. Əcəmi Naxçıvani küçəsindəki 7 ictimai yaşayış binasının dam örtüyü, fasadı, qapı və pəncərələri dəyişdirilib. Qaraçuq kəndində kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, 9 nömrəli və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəblərin binalarının tikintisi və ya yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Bu ünvanlarda müasir iş şəraiti yaradılıb. Qaraçuqda Uşaq musiqi məktəbinin binası yenidən qurulub.
Ötən il Naxçıvan şəhərində Gənc­lər Mərkəzinin istifadəyə verilməsi gənclik tərəfindən yüksək dəyərləndirilib. Dövlət gənclər siyasətinin daha bir təzahürü olan bu mərkəz gənclərin müxtəlifsəpkili layihələrlə çıxışına geniş imkanlar açıb, onların elmi-intellektual potensialının inkişafına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə və dünyagörüşlərinin formalaşmasına şərait yaradıb.
Quruculuq tədbirləri yol infra­strukturunu da əhatə edib. Naxçıvan şəhərinin İslam Səfərli, Əziz Əliyev, “İstiqlal” küçələrindəki, 20, 20A, 22, 35-ci məhəllələrdəki yollar müasir standartlar səviyyəsində təmir olunub. Qaraçuq kəndinə gedən yolda da əsaslı təmir işləri başa çatdırılıb.
Naxçıvan şəhərində su-kanalizasiya qurğularının tikintisi davam etdirilib, ictimai yaşayış binalarında istilik, su-kanalizasiya sistemlərinin yenidən qurulması yekunlaşdırılıb. Naxçıvan şəhərinin kəndləri də daxil olmaqla, 28 kəhriz mövcuddur. Ehtiyac nəzərə alınaraq Ağamalı kəhrizində təmir işləri aparılıb.
Paytaxt şəhərimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mərkəzində insan amili dayanır. Əhalinin rahatlığına xidmət edən müasir infrastrukturun yaradılması da məhz bu məqsədə xidmət edir. Xüsusilə son illər gənclərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılmasına hesablanmış kompleks tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Proqrama əsasən, ötən il Əziz Əliyev küçəsindəki 43 nömrəli 20, 45 nömrəli 30, həmçinin 47 nömrəli 30 mənzildən ibarət ictimai yaşayış binalarının, Atatürk küçəsindəki 5 nömrəli, Kazım Talıblı küçəsində 18 nömrəli binaların istifadəyə verilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb.
Şəhərin Əziz Əliyev küçəsində, “Gənclər şəhərciyi”ndə inşa olunan çoxmərtəbəli 4 bina gənclərin mənzil-məişət şəraitini yaxşılaşdırmaqla bərabər, yerləşdikləri əraziyə də müasir görkəm verəcək.
Proqramda Naxçıvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə piyada keçidlərinin yaradılması da nəzərdə tutulub. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Heydər Əliyev prospektində və Əliabad qəsəbəsində 1, “İstiqlal” küçəsində 2 yeni dayanacağın quraşdırılmasını qeyd etmək olar.
İcra Hakimiyyətindən aldığımız məlumatda o da bildirilir ki, cari ilin ilk günlərindən proqramda nəzərdə tutulan quruculuq tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Artıq Kazım Talıblı küçəsində 20 nömrəli yaşayış binası istifadəyə verilib. “Atabəylər” məhəlləsindəki 6 nömrəli binada da sürətli iş ahəngi təmin olunub.
Muxtar respublikada təmin olunmuş sosial-iqtisadi inkişaf insanların maddi rifah halının yaxşılaşdırılmasına öz təsirini göstərib. Bunu şəxsi minik avtomobillərinin sayının artmasında da görmək olar. Təbii ki, bu proses nəqliyyatın və sərnişinlərin təhlükəsiz hərəkətinə təsirsiz ötüşmür. Bunu nəzərə alaraq, ötən ildən Nizami küçəsində inşasına başlanan yerüstü piyada keçidində son tamam­lama işləri aparılır, Əziz Əliyev küçəsində yeraltı keçidin inşasına başlanılıb. İslam Səfərli küçəsində isə avtomobil parkının tikintisi davam etdirilir.
Qeyd olunan dövrdə Naxçıvançay vadisində Əyləncə və İstirahət Mərkəzi istifadəyə verilib, hazırda parkın tikintisi aparılır.
İnşası davam etdirilən obyektlərdən biri də Naxçıvan şəhərinin Atatürk küçəsində tikilən Uşaq incəsənət məktəbi üçün yeni binadır. Burada tikinti işlərinin böyük hissəsi başa çatdırılıb. Hazırda binadaxili işlər davam etdirilir, binanın fasadı üzlənir.
Proqrama əsasən inşa olunan müasir hamam kompleksinin tikintisində son tamamlama işləri görülür.
İcra Hakimiyyətindən bildirdilər ki, proqramda nəzərdə tutulan digər tədbirlərin vaxtında başa çatdırılması üçün bütün qüvvələr səfərbərliyə alınacaq.
Bütün bunlar onu deməyə əsas verir ki, proqramın uğurlu icrası nəticəsində muxtar respublikanın paytaxtındakı müasir ünvanların sayı daha da artacaq.

 Muxtar MƏMMƏDOV 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR