“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli
Cəmiyyətinin ixrac potensialı artıb
“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. Əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ateroskleroz, ürək, xərçəng, diabet, mədə yarası, bronxial-astma, pnevmoniya, brusellyoz xəstəlikləri, eyni zamanda immunitetin zəifləməsi, infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabı zamanı müalicə məqsədilə istifadə edilir.
“Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə olunması məqsədəuyğun hesab edilmişdir. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü daha da artırılmışdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və əldə olunan iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Burada ikimərtəbəli inzibati bina tikilmiş, yeməkxana, istehsal sahəsi, anbar, karbon qazı və kompressor stansiyası yaradılmışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur. Plastik butulkalar və qapaqlar üçün 2011-ci ilin fevral ayında istifadəyə verilmiş “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarından istifadə edilir.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Zavodda tələbata uyğun olaraq, 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, ötən il 4 milyon 340 min ədəd yuxarıda göstərilən taralarda su istehsal edilmiş, 1 milyon 172 min ədədi muxtar respublika ərazisində, 3 milyon 38 min ədədi Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satışa çıxarılmışdır. “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə Almaniya istehsalı olan “Mercedes-Benz Axor” markalı yük avtomobilləri alınmışdır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır.
“Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000 və İSO-9001 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Badamlı” mineral süfrə suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin təminatıdır. “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması ötən ildə də diqqət mərkəzində saxlanılmış, bağlanmış müqaviləyə əsasən, 130 min ədəd mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir. Qeyd edək ki, “Gəmiqaya Mineral Sular” MMC-nin iqtisadi əlaqələri daha da genişləndirilmiş, ötən il istehsal edilən “Badamlı” mineral süfrə suyunun 27 faizi muxtar respublika ərazisində satışa çıxarılmış, 70 faizi Bakı şəhərinə və müxtəlif regionlara, 3 faizi isə Rusiya Federasiyasına ixrac olunmuşdur. Mineral suyun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir.
Onu da qeyd edək ki, bu qiymətli təbii sərvətimizin mineral sular ixracatçısı olan Rusiya bazarına çıxarılması biznes əlaqələrinin genişləndirilməsi ilə bağlıdırsa, “Badamlı” təbii mineral süfrə suyunun xarici bazarda özünəməxsus yer tutması və möhkəmlənməsi onun dünya standartlarına uyğun yüksəkkeyfiyyətli istehsalı və müalicəvi əhəmiyyəti ilə bağlıdır. Elə buradaca bir haşiyə çıxmaq istəyirəm: Rusiyada yaşayan yaxınlarımla videobağlantı vasitəsilə danışarkən Moskva bazarında satışa çıxarılan yüzlərlə mineral sular arasında Naxçıvan məhsulu kimi “Badamlı”nı görməkdən qürur hissi keçirdiklərini bildirdilər. Söhbətimizə qoşulan iş yoldaşları Viktor İvanov, Vladimir Şuvalov, Lidiya Kardovatova, Aleksandr Medvedyev və başqaları satışa çıxarılan “Badamlı” mineral süfrə suyunun hələ sovetlər dönəmində alıcısı olduqlarını, hazırda isə bu sudan həkim məsləhəti ilə müalicə məqsədilə istifadə etdiklərini və yaxşı nəticə verdiyini bildirdilər. Onu da qeyd etdilər ki, “Badamlı”nın Rusiya bazarına çıxarılması bugünkü iqtisadi əlaqələrin inkişafının nəticəsidir.
Kərəm HƏSƏNOV