Təbiətdə harmoniya pozulanda insanların yaşayışı, sağlamlığı da təhlükə qarşısında qalır. Ağaclar seyrəlir, bulaqların suyu çəkilir, göllər dayazlaşır, torpaq eroziyaya uğrayır. Ona görə də aqillərimiz həmişə deyiblər ki, təbiət də insan kimi qayğı tələb edir, bizdən isti münasibət gözləyir.
Ağacı, yaşıllığı, meşəsi olan yaşayış məntəqələrindəki insanlar həmişə sağlam olur, uzun ömür sürürlər. Yaşıllıq çox olan yerlərdə ölüm halları da az müşahidə olunur. “Ağacı çox olan yerin məzarı az olur”, – deyiblər. Müdriklər təbiətə, yaşıllıqlara, meşələrə, bulaqlara, çaylara həmişə təbabət sahəsi, şəfa mənbəyi kimi baxıblar.
Təbiət insanın köməyi sayəsində daha da gözəlləşir, zənginləşir. İnsanlar da təbiətin misilsiz nemətlərindən daim faydalanırlar. Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən tədbirlər ekoloji tarazlığın pozulmasının qarşısının alınması, təbii sərvətlərimizin qorunub saxlanması kimi ümumbəşəri əhəmiyyət daşıyır.
Ötən il muxtar respublikada yaşıllaşdırma sahəsində də xeyli iş görülüb.
Yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi üçün müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi davam etdirilib. Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarının inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb.
2014-cü ilin yaz-payız əkini mövsümündə Naxçıvan şəhərinin və bütün rayonların inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb, meşə fondu torpaqlarında, magistral avtomobil yollarının ətrafında, yarımsəhra və səhralaşmaya meyilli ərazilərdə 536,5 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu zaman 440 min 700 ədəddən artıq tingdən istifadə edilib.
Xəbərlər şöbəsi